“Bu şəxsləri okeanın o tayından, Avropa Şurasından da müdafiə edirlər”

0
3

“Bu şəxsləri okeanın o tayından, Avropa Şurasından da müdafiə edirlər”

Lalə Ramizqızı: “Həmin qurumu təbliğatla ölkə vətəndaşlarının gözündən salmaq Azərbaycanı sevməyən qüvvələrin işinə yarayır”

“Millətim” daha bir ili başa vurdu. 5 illik fəaliyyəti zamanı dəfələrlə ədalətsizliklərlə üzləşsə də, dəfələrlə qərəzli təqiblərə məruz qalsa da, “Millətim” daha bir ili yola salıb. 2015-ci ilə qədəm basmağı bacardı. Obyektiv mövqeyi çoxlarını razı salmasa da “Millətim” haqq bildiyi yolun davamındadır. Biz dəfələrlə bəyan etmişik ki, nə ölkə iqtidarına, nədə ki, müxalifətə qarşı qərəzli mövqe sərgiləməkdən çox uzağıq. Təəssüf ki, hələ də ölkəmizdə düz danışmaq təmiz vicdanlı olmaq təhlükəlidir. Belələri hər tərəfdən “vurulur”, təhdid olunur, müxtəlif cəzalara layiq görülür. “Millətim”in də əzablı-əziyyətli günləri az olmasa da, bir an belə mövqeyindən çəkilməyərək sevimli millətimizin yanında olmağa çalışıb. Ötən ilə bir baxış edib, “Millətim”in gələcək planları barədə baş redaktorumuz Lalə Ramizqızından müsahibə almağı məqsədəuyğun hesab etdik.

(Əvvəli tən saymızda)

-Deyirsiniz ki, Azərbaycan polisi bizi qoruyur?

-Əlbəttə! Bunu inkar etmək nadanlıq olardı. Polis nə qədər cinayət hadisəsinin qarşısını alıb və yaxud cinayətin üstünü açıb. Hər kəs çətinə düşəndə polisə müraciət edir, 102 xidmətinə zəng vurur.

-Polisdən şikayətçi olanlar da var axı…

-Belə hadisələrə də rast gəlmək olur. Ancaq aydınlaşdırmaq lazımdır ki, sikayətçilər nə qədər haqlı olur. Məsələn, toy karvanı qəzaya uğrayır və günahkar polisi bilirlər. Polis nə etsin, hər toy karvanını müşayiət etsin? Evində övladına nəsihət verib, onlara avtomobili qayda-qanunla idarə etmək tövsiyyə edə bilməyən valideynlər, qəza baş verəndən sonra yol polisini suçlayır.

-Ölkədə ağır cinayət hadisələri də baş verir. Elə hadisələr baş verir ki, əvvəlki dönəmlərdə belə ağır cinayətlərə rast gəlinməyib. Sizcə səbəbi nədir?

-Belə hadisələrə görə polisi günahlandırmaq absurddur. Düşünürəm ki, cinayətkarlığını qarşısı ailələrdən, tədris müəssisələrindən, yerli özünü idarəetmə orqanlarından alınmalıdır. Yəni, hər bir insan kimliyindən asılı olmayaraq ailədə böyüyür, tərbiyə alır, məktəblərdə təlim-tərbiyə işləri davam edir və cəmiyyətdə gündəlik yaşam şəraitinə uyğunlaşmağa çalışır. İcra hakimiyyətləri, bələdiyyələr cinayətkarlığın qarşısını almaq üçün profilaktik tədbirlər görməlidirlər.

-Polisdən əsasən müxalifət təşkilatları narazı olur. Nədir həmin narazılıqların səbəbi?

-Bunu taktiki gediş hesab etmək olar. Müxalifət yaxşı bilir ki, dövlətçiliyi, hakimiyyəti qoruyan əsas qurum Daxili İşlər Nazirliyidir. Həmin qurumu təbliğatla ölkə vətəndaşlarının gözündən salmaq Azərbaycanı sevməyən qüvvələrin işinə yarayır. Polis ölkədə sabitliyi, qayda-qanunu qorumağa borcludur ki, düşünürəm. Azərbaycan polisi həmin işin öhdəsindən layiqincə gələ bilir. Polis müşahidə etməklə kifayətlənsə, ölkəni xaos, anarxiya bürüyər. Ümumiyyətlə, vətəndaşlarımız ən çətin anda onların yardımına yetişən polisə və hətta Fövqəladə Hallar Nazirliyinə, çevik strukturlarında xidmət göstərənlərə sayğıyla yanaşmağa borcludurlar.

-Lalə xanım, yazdıqlarınıza diqqət yetirilməyəndə narazı qalırsınız?

-Təbii ki, faktlara söykənən tənqidi yazılarımız diqqətə alınmayanda narahatlıq yaranır. Axı, ölkə vətəndaşı bir çox zaman səsini yuxarılara çatdırmaq üçün mətbuata müraciət etməli olur. Biz onların söylədiklərini qələmə alırıq. Ötən il “Millətim”də dəfələrlə iş adamı Tofiq Cəfərovun problemlərinə toxunsaq da, kimlərinsə diqqətini cəlb edə bilməmişik. Ola bilsin ki, iş adamının şikayət etdiyi şəxs yüksək səviyyədə himayə olunduğundan şikayəti qulaqardına vurulur.

-Kimdən şikayət olunur ki?

-İş adamı Tofiq Cəfərov “Binə” bazarının rəhbərliyi tərəfindən aldadıldığını iddia edir. Əslində haqlı olduğunu tam təsdiq edən sənədləri də ortaya qoyur. Onu müflis ediblər. Artıq 5 ildir ki, şikayət etmədiyi instansiya qalmayıb, ancaq ötür-ötür oyununa məruz qalmaqdan savayı nəyəsə nail ola bilməyib. Belələrinin taleyi, açıq-aşkar haqsızlığa tuş gəlmələri ürək acıdır. Əlbəttə, bu mənada onların səsini yuxarı instansiyalara çatdırmağa çalışırıq.

-Necə düşünürsünüz, müəyyən qədər istəyinizə nail ola bilirsinizmi?

-Düşünürəm ki, vətəndaşlarımıza yardım edə bilirik. Ötən il onlarla insanın problemini rəsmi instansiyalara çatdıra bilmişik. Bilirsiniz, biz həm də vətəndaşların dövlətimizdən narazı salınmasını istəmirik. Düzdür, özlərini ölkə mediasının kapitanları hesab edən bəziləri rəhbərlik etdiyi qəzetlərin yalnız öz biznes maraqlarına xidmət göstərdiyini gizlətmirlər. Biz fərqli düşünürük, “Millətim” ən başlıcası Dövlətçiliyimizə, Vətənə və Millətimizə xidmət göstərməyə çalışır.

-Sizdən kömək uman vətəndaşların haqlı olduğunu necə müəyyən edirsiniz?

-Onların haqlı olduğunu müəyyən etmək bizim işimiz deyil. Bizim işimiz onların söylədiklərini olduğu kimi ictimailəşdirməkdir.

-“Millətim” yeni layihələrə imza atacaqmı?

-Bir sıra yeni layihələrimiz var ki, oxucularımız tezliklə onlarla tanış ola biləcəklər. Qeyd etdiyim kimi bütün layihələrimiz yalnız dövlətçiliyimizin uğurlarına, millətimizin hüquqlarının qorunmasına və demokratik ənənələrin təntənəsinə xidmət göstərəcək.

“Özlərini ölkə mediasının kapitanları hesab edən bəziləri rəhbərlik etdiyi qəzetlərin yalnız öz biznes maraqlarına xidmət göstərdiyini gizlətmirlər. Biz fərqli düşünürük, “Millətim” ən başlıcası Dövlətçiliyimizə, Vətənə və Millətimizə xidmət göstərməyə çalışır”

-Ötən il qəzetiniz bir neçə vicdan məhbusunun ardıcıl olaraq müdafiəsini təşkil etmişdi. Nəticədən razısınızmı?

-Biz yaxından tanıdığımız, Milli Azadlıq Hərəkatında inkaredilməz xidmətləri olmuş Nemət Pənahlı, Fərəməz Allahverdiyev və Qurban Məmmədovu müdafiə etməyi özümüzə borc hesab etmişdik. Həmkarlarımız Sərdar Əlibəyli və Əvəz Zeynallı da həmin sırada idilər. Əlbəttə, çox arzu edirdik ki, Milli Azadlıq Hərəkatımızın liderlərindən biri olmuş Nemət bəy də azadlığa qovuşsun. Böyük ümid bəsləyirik ki, növbəti əfv fərmanlarından birində onun da adını görəcəyik. Bununla yanaşı qeyd etməliyəm ki, Qurban Məmmədovun, Əvəz Zeynallının, Sərdar Əlibəylinin, daha öncə isə Fərəməz bəyin azadlığa qovuşmalarını sevinclə qarşıladıq.

-Bir çox qəzetlər xüsusilə “Azadlıq” qəzeti ölkədə daha çox vicdan məhbusunun olduğunu qeyd edib, onları müdafiə edirlər. Siz necə düşünürsünüz, həbsxanalarda müdafiə etdiyiniz Nemət Pənahlıdan savayı vicdan məhbusu yoxdur?

-Biz yaxından tanıdıqlarımızı, fəaliyyətlərindən xəbərdar olduqlarımızı və xüsusilə milli ruhlu insanları müdafiə etməyi prioritet hesab etmişik. “Azadlıq”ın və digər mətbu orqanların müdafiə etdiyi şəxslərə də hörmətlə yanaşırıq. Onlardan bəziləri barədə mövqeyimizi açıqlamışıq. Hətta həbs olma motivlərinin pirimitiv, qanunsuz olduğunu da qeyd etmişik. Digər tərəfdən həmin şəxsləri okeanın o tayından, Avropa Şurasından da müdafiə edirlər. Düşünürəm ki, “Millətim”in müdafiəsinə ehtiyacları qalmır. Əlbəttə, onların günahsız olduğunu təsdiq edən yazıları “Millətim”in tribunası kiminsə inhisarında olmadığından, hər kəs həmin tribunadan istifadə edib, təhqirə, böhtana yol vermədən mövqeyini sərgiləyə bilər.

-Müdafiə etdiyiniz şəxslərdən yalnız Sərdar Əlibəyli “Millətim”ə müsahibə verib. Digərlərindən –Əvəz Zeynallı və Qurban Məmmədovdan müsahibə almaq fikriniz varmı?

-Əvəz bəylə əlaqə saxlamışıq. Gəncədə idi. Qurban bəy bir sıra mətbu orqana artıq müsahibə verib. Təbii ki, bizim fərqli suallarımız olacaq. Hər ikisi millətimizin ləyaqətli övladlarındandır. Qapımız hər zaman üzlərinə açıqdır. Onların fikirləri cəmiyyətimiz üçün çox maraqlıdır. Dəvətimizi qəbul etsələr, məmnuniyyətlə müsahibə götürəcəyik.

-Ölkəmiz növbəti dəfə böyük tədbirə sahiblik edəcək. Söhbətin I Avropa Oyunlarından getdiyini yəqin ki, təhmin etdiniz. Bəzi qəzetlər həmin tədbirin əleyhinə kompaniya aparmaq istəklərini zaman-zaman büruzə verirlər. Siz necə, həmin tədbirə öz töhfənizi vermək istərdinimzi?

-Bu cür tədbirlər Azərbaycanımızın təqdimatı baxımından böyük önəm daşıyır. Biz ölkəmizin bütün uğurları ilə qürur duyuruq. Həmin uğuru qazananların siyasi mənsubiyyəti bizi bir o qədər ilgiləndirmir. Əsas odur ki, dövlətimizin bayrağı yüksəklərdə dalğalansın. Təbii ki, bayrağımız ən yüksək zirvəyə Qarabağda qalxacaq. I Avropa oyunlarını gözdən salmaq istəyənlərə münasibətim pisdir. Açığı bunu edənlər Azərbaycana düşmən münasibəti bəsləyənlərdir. Çox arzulayıram ki, “Millətim”in əməkdaşlarına I Avropa Oyunlarının gedişatını izləyib, saytımız, qəzetimiz vasitəsilə məlumatlar yayımlamaq şəraiti yaradılsın. Biz əlimizdən gələn qədər həmin tədbirin yüksək səviyyədə, təxribatsız baş tutmasına, Azərbaycan dövlətinin bütün dünyada layiqli təqdimatına öz töhfəmizi verməyə çalışacağıq.

-2014-cü il həm də əməkdaşınız Zaur Muradxanlıya Əhalinin Sosial Müdafisi Nazirliyi tərəfindən avtomobil verilməsiylə yadda qaldı. Sevindinizmi?

-2014-cü ilin axırı Zaura nəhayət ki, avtomobil verildi. Zaur barədə çoxlarının məlumatı yoxdur. O, döyüş tapşırıqlarını yerinə yetirən zaman hər iki gözündən məhrum olub. On ildən artıqdır ki, görmə qabiliyyətini tam itirsə də, yaşayıb yaratmaq istəyini bir an belə olsun itirməyib. Hədsiz fədakar insandır. “Millətim”in fəxridir. Elə mövzular işləyir ki, oxuyanları Zaurun görmə qabiliyyətini itirdiyinə inandırmaq olmur. Zauru avtomobil növbəsindən demək olar ki, çıxarmışdılar. Düz on il idi ki, avtomobil almaq üçün öz haqqını tələb edirdi. Bəzi üzdəniraq məmurların hərisliyi ucbatından süründürməçiliyə məruz qalmışdı. “Millətim” olaraq onun haqlı tələbinin müdafiəsinə qoşulduq. Çox sağ olsun, Səlim Müslümov səsimizi eşidib, Zaurun avtomobillə təmin olunmasına yardım etdi. Təsəvvür edirsinizmi, bu da əfv fərmanı nəticəsində hörmət etdiyimiz şəxslərin azadlığa qovuşduğu gün baş tutdu. Yəni, ikiqat sevinc yaşadıq.

-Atanız Ramiz Tağıyev siyasi fəaliyyəti ilə yanaşı həm də “Millətim”in baş məsləhətçisidir. Onun qəzetin fəaliyyətinə nəzarəti sizin müstəqilliyinizə təsir göstərirmi?

-O, hədsiz demokratik insandır. Nəinki mənim, hətta digər yazarlarımızın işinə də müdaxilə etmir. Sadəcə olaraq onun məlumat bazasından istifadə edirik. Onun məsləhətlərinə daima ehtiyac duyuruq. Həbsxana həyatı yaşadığı zaman yoxluğunu daima hiss etdik. “Millətim”in baş redaktoru kimi öz fəaliyyətimdə tam sərbəstəm. İşimə kiminsə müdaxiləsini hiss etmirəm.

-“Millətim”in bundan sonrakı fəaliyyətində hər hansı dəyişiklik, yenilik gözlənilirmi?

-“Millətim” bundan sonra da doğru bildiyi yolda irəliləməkdə davam edəcək. Hər zaman doğruları yazmağa, sıravi vətəndaşlarımızın bütün problemlərini işıqlandırmağa çalışacağıq. Təbii ki, yeni ildə yeni layihələr də gözləniləndir.

Söhbətləşdi:Nicat Sadiq

LEAVE A REPLY