Ermənistanı 2 milyona yaxın insan tərk edib –Statistika

0
4
Ermənistanın bütün sahələrdə iflasa uğraması miqrasiya tempini də sürətləndirib.

Son bir ildə işğalçı ölkədə əhalinin sayı 36 min nəfər azalıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min nəfər çoxdur.

Miqrasiya Ermənistanda hələ uzun illər bir nömrəli problem olaraq qalacaq. Bu barədə İrəvan geosiyasi klubunun şərhçisi Aleksandr Qayents məlumat verib. O deyib ki, müstəqillik illərində Ermənistanı 2 milyona yaxın insan tərk edib. Hazırda ölkədə faktiki olaraq 1 milyon 127 min nəfər qeydiyyatdadır.

Ermənistan Milli Statistika Xidməti də son bir ildə ölkə əhalisinin 36 min nəfər azaldığını bildirib. Doğum sayı isə 4,8 faiz aşağı düşüb. Artıq hökumət də Ermənistanın ciddi miqrasiya probleminin olduğunu etiraf edir.

“Joxovurd” qəzeti yazır ki, Ermənistanın iflasına səbəb olan cinayətkar rejim əhalinin yaşayış səviyyəsini minimuma endirib. Aparılan qeyri-konstruktiv siyasət nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi yalnız ianələrə ümid bəsləyir. Əyalət sakinləri deyirlər ki, dünyadakı maliyyə böhranı səbəbindən xaricdə yaşayan yaxınlarından da yardımlar kəsilib. Bu faktı statistika xidməti də təsdiqləyir. Məlumata əsasən, Ermənistana pul transfertlərinin həcmi üç ildir azalan temp üzrə davam edir.

AzVision.az