Lalə Ramizqızı: “Onlar əsasən Qərbin himayə etdiyi “şəbəkə”nin müdafiəçiləri olublar”

0
2

”Görəcəyimiz işlər hələ qabaqdadır”.

Lalə Ramizqızı: “Onlar əsasən Qərbin himayə etdiyi “şəbəkə”nin müdafiəçiləri olublar”

“Millətim” daha bir ili başa vurdu. 5 illik fəaliyyəti zamanı dəfələrlə ədalətsizliklərlə üzləşsə də, dəfələrlə qərəzli təqiblərə məruz qalsa da, “Millətim” daha bir ili yola salıb. 2015-ci ilə qədəm basmağı bacardı. Obyektiv mövqeyi çoxlarını razı salmasa da “Millətim” haqq bildiyi yolun davamındadır. Biz dəfələrlə bəyan etmişik ki, nə ölkə iqtidarına, nədə ki, müxalifətə qarşı qərəzli mövqe sərgiləməkdən çox uzağıq. Təəssüf ki, hələ də ölkəmizdə düz danışmaq təmiz vicdanlı olmaq təhlükəlidir. Belələri hər tərəfdən “vurulur”, təhdid olunur, müxtəlif cəzalara layiq görülür. “Millətim”in də əzablı-əziyyətli günləri az olmasa da, bir an belə mövqeyindən çəkilməyərək sevimli millətimizin yanında olmağa çalışıb. Ötən ilə bir baxış edib, “Millətim”in gələcək planları barədə baş redaktorumuz Lalə Ramizqızından müsahibə almağı məqsədəuyğun hesab etdik.

-Lalə xanım, 2014-cü ili necə yola saldınız?

-Düşünürəm ki, böyük uğurlara imza ata bilməsək də, ötən ili itirilmiş hesab etmək düzgün olmaz. Ən başlıcası haqq etmədiyimiz “qara” siyahıdan çıxarıldıq. Həmin siyahıya salınmağımız fəaliyyətimizə, ümumi əhval-ruhiyyəmizə təsirsiz ötüşmürdü.

-Nə üçün “Millətim”i “qara” siyahıya salmışdılar?

-Doğrusu hələ də bu sualın cavabı açıq qalır. Bildiyim budur ki, Azərbaycan mətbuatına təhqiri, böhtanı gətirmiş bir qəzetin baş redaktorunun şikayəti əsas götürülübmüş. Bununla yanaşı cərimələrə də məruz qalmışdıq.

-“Millətim”in başqa qəzetlərdən fərqləndiyini söyləyirlər. Siz belə fərqi görürsünüzmü?

-Əlbəttə, “Millətim” kifayət qədər müstəqil qəzetdir. Kiminsə qarşısında öhdəliyimiz yoxdur. Diqqət yetirin, hətta xarici qrantların hesabına fəaliyyət göstərən bəzi qəzetlər, guya hədsiz müstəqil olduqlarını söyləyr. Elə qəzetlər xarici “sponsor”larının cızdığı xətdən bir addım kənra çıxa bilməzlər. Guya fəxr edirlər ki, iqtidarı sərt tənqid edirlər.

-“Millətim” də zaman-zaman sərt tənqidlərə imza atıb…

-Qeyd etdim ki, bizim nə iqtidarın, nədə ki, müxalifətin qarşısında öhdəliyimiz yoxdur. Doğru bildiyimizi yazırıq. Tənqid hər zaman olub, bundan sonra da olacaq. Tənqid də, tərif də ədalətə söykənməlidir.

-Tənqid etdiklərinizin hədə-qorxusunu eşitmisinizmi?

-Hələlik onlarsız ötüşmək mümkün deyil. Öyrədilmiş, ləyaqətsiz biriləri var ki, hələ də bizdən əl çəkmək istəmirlər. Fürsətdən istifad edib bəzi yaramazları üstümüzə göndərənlərə xəbərdarlıq etmək istəyirəm. Çəkin, oturdun yerlərində, yoxsa “qazanın qapağı”nı yenidən qaldırmalı olacağıq.

-Düşünürsünüz ki, söz sahibinə yetişəcək?

-Tam əminəm ki, yetişəcək. Birmənalı söyləyirəm, bizi hədə-qorxularla susdurmaq kimsəyə nəsib olmayıb və bundan sonra da olmayacaq.Onu da etiraf edirəm ki, bəzən böyük hörmət bəslədiyimiz şəxslərə görə, bəzilərinə güzəşt etməli oluruq. Axı “Millətim”in ən çətin günlərində belə bizə mənəvi dəstək olan ləyaqətli, sözün əsil mənasında millətsevər insanlar olub.

“Bizə qarşı daima ögey bir münasibət var. Bütün layihələrdən, tədbirlərdən kənarda saxlanılırıq. Bir dənə müəllif yazısı olmayan qəzetlər elə tədbirlərə dəvət alır, elə mükafatlara layiq görülürlər ki, bu dəhşətdir.”

-Lalə xanım, “Millətim”in tənqid etdiyi məmurlar narazı qaldığınız problemləri aradan qaldırırlarmı?

-Mətbuatı izləyən, qaldırılmış problemlərə dərhal reaksiya verən məmurlarımız kifayət qədərdir. Həmin sırada Ramil Usubov, Kəmaləddin Heydərov və Səlim Müslümovun adını çəkə bilərəm. Qeyd edim ki, cəbhə bölgələrindəki kəndlərimizi düşmən güllələrindən qorumaq üçün istinad divarlarının çəkilməsi məsələsi də ilk olaraq “Millətim” tərəfindən qaldırılıb. Yəqin ki, təşəbbüsümüz kimlərinsə diqqətini cəlb edə bilib. Xatırlayırsınızsa, ulu Dədə Qorqudun Novruz bayramında personaj kimi şənlik proqramlarına daxil edilməsi də bizim təşəbbüsümüz olub. Hətta bu barədə Prezident Administrasiyasına müraciət imzalamışdıq ki, oradan da Mədəniyyət və Turizm Nazirliyinə xüsusi göstəriş verib, bizi də məlumatlandırmışdılar. Əlbəttə, tam da bizim istədiyimiz kimi alınmadı.

-Sizin istədiyiniz nə idi ki?

-Biz istəyirdik ki, ölkəmizdə Dədə Qorqudun daimi iqamətgahı olsun. Belə bir iqamətgah Bakıda və yaxud Qəbələ kimi turizm mərkəzinə çevrilmiş rayonlarımızdan birində qurula bilər. Hər il Novruz bayramının ilk çərşənbəsindən başlayaraq simvolik Dədə Qorqudun iqamətgahından çıxıb ölkəmizin bütün bölgələrini gəzərək, Vətənin, torpağın, Millətin müqəddəsliyini təbliğ edib, Millətimizi birliyə, mehribanlığa, sülhə, barışığa çağırmasını arzu edirdik.

-Gözəl, xeyirxah ideyadır. Yəqin ki, müəllifi özünüzsünüz?

-Atamla (“Millətim”in baş məsləhətçisi Ramiz Tağıyev nəzərdə tutulur-N.Sadiq) birgə işləmişdik həmin layihəni. Həyata keçsə Azərbaycanımızda yaradılmış Dədə Qorqud iqamətgahı bütün Türk dünyasının sevimli məkanına çevrilə bilər. Tədricən isə, növbəti illərdə simvolik Dədə Qorqudlarımız bütün Türk dövlətlərini dolaşıb, Türkləri birliyə səsləyə bilər.

-Deməli, jurnalistlər bəzən təşəbbüslə çıxış edə bilər…

-Niyə də etməsinlər. Əksəriyyətimiz başqalarını tənqid edir, onlarda səhv axtarırıq. Özümüzün də müəyyən təkliflərini ortya qoymalıyıq.

-Sizin təklifiniz həyata keçib ki, Dədə Qorqud artıq Novruz bayramının personajıdır…

-Yenə qeyd edirəm, biz Dədə Qorqudun digər Novruz personajları-Keçəllə, Kosayla eyni səhnəni paylaşmasını istəməmişik. Görürsünüz, xristianlar öz mifik Santa Klauslarını, “Ded moroz”larını hansı mərtəbəyə qaldırıblar. Doğrudur, Bakıda Dədə Qorqud adına park da salındı. Ancaq bizim təklif etdiyimiz layihə bütün Türk dünyası üçün əhəmiyyətli ola bilər. Üstəlik də Dədə Qorqud iqamətgahı turistlərin ən çox ziyarət etdiyi məkana çevrilə bilər.

“Elə qəzetlər xarici “sponsor”larının cızdığı xətdən bir addım kənara çıxa bilməzlər.”

-Lalə xanım, bir çoxları 2014-cü ili jurnalistlər üçün uğursuz il adlandırırlar. Rauf Mirqədirov, Xədicə İsmayıl, Pərviz Həşimli həbs edildi. Hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev istintaqa cəlb edilərək təcridxanada yaşamağa məhkum edildilər. Necə düşünürsünüz, onların həbs edilməsi ədalətlidirmi?

-Bunu vurğulayım ki, insanların siyasi baxışlarına görə təqib edilməsinə, həbslərə məruz qalmalarına müsbət baxmıram. Üstəlik də Azərbaycan qadınını həbsxanada görmək çox ağırdır. Həbslərin qanuni və ədalətli olub-olmamasını müəyyən etmək mənim gücümdə deyil. Təbii ki, jurnalist araşdırmaları aparmaq müstəsna hüququmuzdur.

-Qadınları həbsxanada görmək istəmədiyinizi bildirdiniz. Ancaq, bəzi məqamlarda Xədicə İsmayıl, Leyla Yunus barədə tənqidi fikirləriniz olub…

-Azadlıqda olan hər kəsi tənqid etmək asan olur. Bağlı qapı arxasına düşənlər barədə tənqidi yazı yazmaq çətindir. Bəli, mən onların jurnalist, hüquq müdafiəçisi kimi fəaliyyətlərindən razı olmamışam. Belə ki, onlar əsasən Qərbin himayə etdiyi “şəbəkə”nin müdafiəçiləri olublar. Ancaq həbs edilmələrinə, həbslərin motivinə müsbət yanaşmıram. Onları həbs etmək o deməkdir ki, Leyla Yunus da, Xədicə İsmayıl da hədsiz güclü xanımlardır.

-Doğurdanmı, güclü xanımlardır?

-Xədicə İsmayıl sıradan bir jurnalistdir. Əlbəttə, ona maliyyə dəstəyi, informasiya dəstəyi verən güclü xarici təşkilatlar var. Ancaq bizim də əksər KİV-lərə dövlətimiz tərəfindən kifayət qədər maliyyə dəstəyi verilir. Elə bu yaxınlarda bir sıra qəzetlərə 60, 50, 40 min manat ayrıldı. Hansı işlərinin əvəzinə? Ona görə ki, zamanında bir Xədicə İsmayılın qarşısında açiz görünürdülər? Xədicə belələridən çox müsbət adam kimi görünür, çünki maliyyə dəstəyi verənlərə daha sədaqətlidir.

-Lalə xanım, deyəsən “Millətim”ə diqqət yetirilməməsindən inciksiniz?

-Təkcə maliyyə məsələsi deyil axı… Bizə qarşı daima ögey bir münasibət var. Bütün layihələrdən, tədbirlərdən kənarda saxlanılırıq. Bir dənə müəllif yazısı olmayan qəzetlər elə tədbirlərə dəvət alır, elə mükafatlara layiq görülürlər ki, bu dəhşətdir.

-Deyirsiniz ki,maliyyə dəstəyi alanlar Xədicə İsmayıla layiqli cavab vermək gücündə deyillər?

-Onları maraqlandıran Xədicə İsmayıldır məgər? Mükafatlar da, maliyyə yardımları da şəxsi münasibətlərə əsasən bölünür. Digər tərəfdən, əgər maliyyə dəstəyini qəbul ediblərsə, Xədicə kimilərə cavab vermək haqlarını da dərk etmələri lazımdı.

-Leyla Yunusun həbsinə münasibətiniz necədir?

-Yenə qeyd edirəm, mən Azərbaycan qadınını həbsxanada görmək istəmirəm. İstər Leyla Yunus və ya digərləri. Dəfələrlə qeyd etmişəm və yenə təkrar edirəm, L.Yunusun ən böyük səhvi milyonların qarşısında Azərbaycan polisini təhqir edib, onun papağını başından alıb, yerə atmasıydı. Ümumiyyətlə, indiki zamanda Azərbaycan polisinin üzərinə yersiz hücumları məqbul hesab etmirəm. Polis olmasa, ölkədə nələrin baş verəcəyini hər kəs yaxşı təsəvvür edir.

-Deyirsiniz ki, Azərbaycan polisi bizi qoruyur?

Ardı var…
Söhbətləşdi: Nicat Sadiq

LEAVE A REPLY