“Sultan” Rəcəbin qaçaq sarayı!

0
8

Zaur Muradxanlı

“Sultan” Rəcəbin qaçaq sarayı!

(Əvvəli ötən saylarımızda)

Geriyə dönüb son on iki ilə baxdığımızda Ərdoğanın əslində necə planlı bir şəkildə istəklərini həyata keçirdiyini görərik. İndi qayıdaq mövzumuzun adından da bəlli olduğu kimi Ərdoğanın sarayına. Biz nəyə görə bu sarayı “Sultan Rəcəbin sarayı” adlandırırıq? Əslində o sarayın adı Ağ saray idi. Lakin müxalifətin “elə Müaviyyənin də sarayının adı ağ saray idi” tənqidlərindən sonra Ərdoğan bu sarayın adının “Külliyə” olaraq dəyişdirilməsi təklifi ilə çıxış etdi. Amma onun bu təklifindən sonra müxalifət bu dəfə də 17-25 dekabr istintaq hərəkətlərinə eyham vuraraq, “bəli, bu sarayın adı gerçəkdən də “külliyə” olmağa layiqdir, çünki siz gerçəkdən də külli yeyirsiniz” deməyə başladı.
İndi isə oval ofisli Ağ saray və ya Ərdoğanın istədiyi kimi “Külliyə”nin Türkiyə xalqına gətirdiyi maddi küflətə baxaq. Dörd qatı yerin altında olmaqla, ümumilikdə səkkiz qatdan ibarət olan bu sarayda oval ofis və digər rəsmi qəbul otaqları da daxil olmaqla sadəcə yerin üst qismindəki hissəsində iki mindən artıq otaq vardır. Ayrıca iki yüz əlli otaqlıq xüsusi ağıllı bina da vardır ki, bu bunada Ərdoğanın ailəsi də yaşayacaqdır. Saray nüvə, kimyəvi və hər cür raket zərbələrine davamlı olmaqla yanaşı, lazım gəldiyi anda prezident ən qısa müddətdə xüsusi kriptolu telefonlar vasitəsi ilə təcili toplantılar keçirə biləcək, sarayı tərk etmədən uzun müddət yaşam vasitələrindən istifadə edərək burda yaşaya biləcək. Bəhs edilən sarayın tikintisində, təmirində və əşyalarla təmini zamanı da heç bir maddi fədakarlıqdan qaçınılmamışdır. Belə ki, tualetlərdəki ən ucuz unitaz təxminən min iki yüz, yenə tualetlərdə istifadə olunan ən ucuz divar kağızları kvadrat metrəsi üç yüz manatdan alınmışdır. Bundan başqa, yemək servislərində istifadə olunacaq ən ucuz qədəhlərin də təxminən birinin dəyəri iki yüz əlli manatdır. Bütün bunları topladıqda Ağ sarayın tamamən bitənə qədər xərclənəcək pul dörd milyard dolların üzərindədir. Hələ bu xərclərə prezidentin şəxsi istifadəsi üçün alınacaq yüz səksən iki milyon dollarlıq təyyarə daxil deyildir. Bu qədər göstəriyə, bu qədər isafçılığa nə ehtiyac vardı? Sadə türk insanının gözü ilə baxsaq əlbəttə ki, heç bir ehtiyac yox idi. Sadəcə olaraq bir insanın şöhrətpərəstliyinin, ultra lüks yaşam həvəsinin bir millətə çəkdirə biləcəyi cəfa baxımından bu saray təkcə Türkiyə üçün deyil, insanlıq tarixi üçün qara bir nümunə olacaqdır. Minimum əmək haqqının üç yüz əlli manatın altında olduğu qardaş ölkədə sarayın ən ucuz unitazının belə alnının təri, əlinin halal zəhməti ilə ailəsini keçindirə bilmək üçün çalışıb çabalayan bir insanın təxminən üç aylıq zəhmət haqqı dəyərində olması parodoks deyil də, nədir? Hələ bir də Türkiyənin yaşam şərtlərinin bizdən çox fərqli olduğunu və bu ölkə əhalisinin səksən faizdən yuxarısının ev sahibi olmadığı üçün doğulandan ölənədək kirayələrdə sürünmək məcburiyyətində qaldığını düşünürsək, o zaman israfçılığın əsl mahiyyəti üzə çıxar ki, elə bu sarayı sultanın sarayı adlandırmağımızın əsil səbəbi də burda gizlidir. Artıq tarixin tozlu arxivlərində itib-batmış tiranlar xaric hansı dövlət adamı bu qədər bədxərclik etmişdir? Hələ seçki ilə hakimiyyətə gəlmiş hansı bir dövlət və ya hökumət başqanı belə bədxərcliyə cəsarət edə bilmişdir? Şübhəsiz ki, heç biri. Əlbəttə ki, demokratik ölkələrin idarəçiləri hər il sonu hesablama palatası və digər rəsmi qurumların, eyni zamanda müxalifətin nümayəndələrinin özəl auditlər yardımı ilə büdcə vəsaitlərinin keçən ildə hara və necə xərclədiyi barədə məlumat verərlər. Keyfi xərcləməler sadəcə avtoritar rejimlərdə mümkündür ki, bu rejimlərin rəhbərləri heç nəyə görə heç kimə hesab verməz və ya bütün bu hesab vermə məsələlərini o qədər simvolik şəklə salarlar ki, ustaca səhnələşdirilmiş tamaşadan başqa bir şeyə oxşamaz. Təəssüflər olsun ki, bu gün Türkiyənin gəldiyi nöqtə də eyni səviyyədədir. Məsələn, müxalifət millət vəkilərinin sarayın maliyəti ilə bağlı TOKİ-yə (Toplu Konut İdarəsi) yönləndirdiyi rəsmi sorğuya həmən idarədən verilən cavab o qədər gülünc və içlər acısıdır ki, insanın əlindən heyrətə düşməkdən başqa bir şey gəlmir. “Sarayın maliyəti ilə bağlı verdiyiniz sorğunu cavablarsaq, iqtisadi böhrana səbəb ola bilər”. Əziz oxucu, artıq bu cavabın nə demək olduğuna dair yorumu sizin vicdanınıza buraxıram. Daha öncəki saylarımızda da qeyd etmişdik, hələ Ərdoğan baş nazirkən təməlləri atılan bu saray Baş nazirlik rəsmi binası olaraq inşa olunurdu. Daha doğrusu, iki il öncə hələ Ərdoğan prezident deyildi və hər ehtimala qarşı sarayın ölkə prezidenti deyil, baş nazir tərəfindən istifadə olunacağı bəyan edilirdi. Çünki Ərdoğan ölkənin bir nömrəli kreslosuna əyləşməmə ehtimalı az da olsa var idi. Amma elə ki, keçən ilki prezident seçkiləri onların istədiyi kimi tamamlandı, seçkilərdən dərhal sonra Ağ sarayın prezident tərəfindən istifədə olunacağı açıqlandı. Ölkənin yeni baş naziri Ərdoğanın göstərişi ilə bu mövqeyə gətirildiyindən onun da sarayla bağlı hansısa söz deməsi gözlənilən deyildi. Məsıələn, xalq tərəfindən seçilmiş, istər hiyləli, istərsə də təmiz seçkilər vasitəsilə olsun, bir partiyanın işarə ilə seçilmiş deyil, partiya qurultayının azad və tam sərbəst iradəsinin seçdiyi başqanı baş nazir olsa güman edirəm ki, bu sarayda yaşamaq istəyən Ərdoğan onun baş nazirkən sərf etdiyi sözləri xatırladar, onun dili ilə desək “Külliyə”nin prezident deyil, inşa təyinatında olduğu kimi baş nazir tərəfindən istifadə olunmalı olduğunu xatırladardı. Amma təəssüf ki, belə deyil. Mövcud baş nazir Ərdoğan nəinki saray davası edə bilməz, hətta öz müşavirlərini təyin etmək cəsarətini belə göstərə bilməməkdədir.
Bir dövlətin qüdrəti onun prezidentinin oturduğu sarayın möhtəşəmliyi ilə deyil, həmin dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti ilə ölçülməkdədir. Ayrıca demokratiyanın da əsas şərtlərindən biri vergi mükəlləflərinin ödədikləri verginin hara və necə xərcləndiyi ilə marqlana biməmələridir. Bəs, gəlin görək, günümüzün Türkiyəsində bunların hansı vardır? Yuxarıdakı sualları cavablandırmağa axırıncıdan başlayaq.

Bü gün türk vergi mükəlləfi ödədiyi verginin hara və necə xərcləndiyini təqib edə bilirmi? Əlbəttə ki, xeyir. Ən bəsit cavab isə bayaq TOKİ ilə bağlı verdiyimiz misalda gizlidir. Millət vəkillərini parlamentə sadəcə qanunlar qəbul etsinlər deyə göndərməz, həm də onların dərdlərini həll etsinlər, o cümlədən ödədikləri verginin israf edilmədən təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər deyə göndərər. Bu gün Türkiyədə artıq belə deyildir. Sadəcə TOKİ misalında olduğu kimi deyil, bundan əlavə, Hesablama Palatasının hazırladığı raportda xərcləndiyi yerlərin təyin edilə bilmədiyi külli miqdarda vəsait göstərilmişdir ki, müxalifət millət vəkilləri heç həmin vəsaitlərin xərcləndiyi yerlər barədəki suallarına da cavab ala bilməməkdədirlər.
İndi qayıdaq birinci sualımıza, bu gün Türkiyənin iqtisadi, siyasi və ya hərbi qüdrəti möhkəmlənməkdədirmi? Məncə xeyr. Bütün bunların olub olmadığını öyrənmək üçün türk xalqının mövcud həyat tərzinə, Türkiyənin ən azından bölgəsəl aktyor kimi siyasi olaylara təsir qabiliyyətinə və türk əsgərinin döyüş qabiliyyətinə baxmaq kifayətdir. Birincidən başlayaq… Yuxarıda da qeyd etdiyimiz kimi bu gün Türkiyədə minimum əmək haqqı təxminən üç yüz əlli manatdır. Bəs bu məbləğ orta statistik türk ailəsinin yaşam səviyyəsini hansı səviyyədə təmin edə bilməkdədir? Orta statistik türk ailələrinin əksəriyyəti çoxuşaqlıdır və şəhərdə yaşayanların da tamamına yaxını kirayələrdə yaşamaq məcburiyyətindədir. Kirayə pulunun üstünə bir də dünya ortalamasından qat-qat yuxarı olan kommunal xərcləri gəldiyimizdə bu ailələrin dolanışıq səviyyələri üçün artıq söz deməyə ehtiyac qalmayacaqdır.
Qardaş ölkənin siyasi aktyor kimi bölgə ölkələri tərəfindən necə qarşılanmasına gəldikdə isə, Suriya məsələsində sərt mövqe tutaraq sonda düşdüyü açınacaqlı durum, neftləri var deyə Şimali İraq kürdləri ilə girdikləri Türkiyənin mənafeyinə uyğun olmayan dostluq münasibətləri, supergüclər tərəfindən heç də xoş qarşılanmayan İŞİD terror təşkilatı ilə yaxınlığı və son zamanlar Ərdoğanın dilindən Avropaya yönələn aclayıcı sözlər həm bu günkü durumlarını göstərməklə qalmır, həm də bir ölkə kimi gələcək siyasi perspektivini son qaranlıq tunelə doğru sürükləməkdədir.
Daxili siyasətdə də vəziyyət ürəkaçan deyildir. Güney Doğu bölgəsində sürətlə təşkilatlanaraq hərbi və siyasi qüdrətini gün keçdikcə artıran PKK terror təşkilatı artıq məhkəmələr qurmaqda, iş yeri sahiblərindən xərrac almaqda, yol kəsib pasport nəzarət nöqtələri yaratmaqdadır. Məsələn, Ərzurumun ilçələrindən birinin kaymakamlarından birinə keçirilən “istntaq işində” ifadə verməsi üçün xəbər göndərilərək dağa dəvət edilmişdir. Bundan başqa Hakkarinin Cizrə ilçəsində üzü maskalı, silahlı terrorist qruplar rəsmi keçid keçirməkdə, Türkiyənin dövlət bütövlüyünü heçə sayaraq özlərini “qurtarılmış “ bölgənin silahlı qüvvələri elan etməkdədirlər. Təəssüflər olsun ki, iqtidar da bütün bunlara çanaq tutmaqdadır. Belə ki, türk mediasının verdiyi məlumata görə Daxili İşlər naziri valilərə və polis müdirlərinə göndərdiyi təlimatda “dağda yüz nəfərlik terrorçu qrup belə görsəniz toxunmayın“ təlimatı vermişdir. Bunun nəticəsidir ki, Sivasda və Hakkaridə çoxsaylı terrorçu qrup aşkar edən jandarma əməliyyat üçün valiliklərə rəsmi icazə məktubu göndərsə də, hər hansı əməliyyatın keçirilməsinə icazə verilməmişdir. Bütün bunların nəticəsindədir ki, artıq Doğu və Güney Doğuda sürətlə dövlətin nüfuzu zəifləməkdədir.
İndi isə Türk ordusunun mövcud vəziyyətinə nəzər salaq. Əvvəlcə Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən Türk Silahlı Qüvvələrinə məxsus f-4 təyyarəsi vuruldu və bir az çığır- bağırdan sonra hökumət çəkilib oturdu yerində. Suriyaya qarşı əməli bir hərəkət edə bildimi? Təəssüf ki, xeyr. Beynəlxalq hava sahəsində təlim uçuşu keçirərkən vurulmasına baxmayaraq, türk pilotlarının qanı yerdə qaldı. Bu əlbəttə bir dövlətin prestijinə ən ağır zərbə vura biləcək faktdır. Digər məsələ isə ordunun silah-sursat və digər hərbi ləvazimatlarla təmini ilə bağlıdır. Bu gün türk ordusu istifadə etdiyi silah-sursatın səksən faizdən çoxunu idxal edirsə və leopard-2 tanklarında olduğu kimi bəzi hallarda ixracatçı ölkələr silahların istifadə edilə biləcəyi yerlərə dair konkret məhdudiyyətlər qoyurlarsa, bu ordunun hansı qüdrətindən danışmaq olar?
Biz qardaş ölkəmizin güclü, qüdrətli, sayılıb-seçilən ölkə olmasını istəyirik. Çünki bu beynəlxalq arenada bizim üçün də çox gözəl olardı. Təəssüflər olsun ki, Türkiyənin əsil durumu içlər acısıdır və gün keçdikcə pisləşməkdədir. Rüşvət suçundan vicdanlarda məhkum olan nazirlər, haqqında neçə-neçə cinayət işi məclisdə gözlədilən prezident… Türk xalqı hansı günahı işlədi ki, başına bu cür idarəçilər keçdi? Bunu bilmirəm, bildiyim tək şey bir addım geri çəkilib baxdığımızda Türkiyənin nisbətən aydın görünən fotoqrafında heç də yaxşı şeylər görünməməsidir. Molla Nəsrəddinin misalında olduğu kimi hələ bu AKP-nin Türkiyəyə etdiklərinin səsi sonra çıxacaq. Sonrasından isə Allah qorusun!

LEAVE A REPLY