“Eldar Mahmudov işdən çıxarılan gecə otağımdakı sənədləri məhv etdim” –MTN-in idarə rəisi

0
4
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsinin 1-ci idarəsinin sabiq rəisi Fizuli Əliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.

F. Əliyev özünü təqsirli bilməyib və deyib ki, rəisi olduğu idarə birbaşa sabiq nazirin tabeliyində olub. O, işini Baş İdarənin rəisi Sübahir Qurbanovun tapşırıq və göstərişləri əsasında qurduğunu bildirib.

Əlavə edib ki, xidməti işi ilə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışı olub. Həmin növ sənədlər ona aid olduqda xidməti otağındakı seyfdə saxlanılıb, sonradan onların taleyi nazirlikdə qüvvədəki kargüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənib. O da məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutub. Bununla yanaşı, xidməti otağında məxfi olmayan çoxsaylı sənəd də saxlayıb və onların sonrakı taleyini özü müstəqil həll edib.

Dediyinə görə, 2015-ci il oktyabrın 18-də iş yeri olan MTN-nin inzibati binasının 4-cü mərtəbəsindəki xidməti iş otağına gedib, orada olarkən otaqda səliqə-sahman yaratmaq məqsədilə məxfi olmayan və lazımsız sənədləri kağız doğrayan maşında məhv edib. Bu sənədlər əsasən, uzun müddət xidməti otağında saxlanan, lazımsız, məhvi zəruri sənədlər olub. Deyib ki, həmin il oktyabrın 17-də iş yerinə gedib, səhhətindəki problemlərlə əlaqədar Baş idarənin rəisindən icazə alaraq evə qayıdıb. Axşam vaxtı mətbuatdan milli təhlükəsizlik nazirinin işdən azad olunduğunu öyrənib. IV Baş idarənin rəis müavini və idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyinə üçün saat 21.00 radələrində işə gedib və təxminən 1 saat sonra  evə qayıdıb. O, bir daha həmin gün məhv etdiyi sənədlərin lazımsız və məhvi zəruri sənədlər vurğulayıb.

Bundan başqa o, xidməti fəaliyyəti zamanı mərkəzi və yerli icra, qanunverici və ya məhkəmə hakimiyyətinin, özünüidarə orqanlarının vəzifəli şəxslərinin telefonları üzrə dinləmə və statistik proqram vasitəsilə əməliyyat-axtarış tədbirlərini öz təşəbbüsü ilə həyata keçirilməsi üçün MTN-nin Əməliyyat-texniki idarəsi və Monitorinq Mərkəzinə heç bir vaxt müraciət etmədiyini, ümumiyyətlə onun bu cür tapşırıqlar verilməsinə səlahiyyətinin olmadığını, bu cür tədbirlərin yalnız  nazir və ya sonuncunu əvəz edən şəxsin təsdiqindən sonra keçirildiyini göstərib.

İş otağında aşkarlanan qızıl-zinət əşyaların ona məxsus olduğunu, nə vaxt aldığını xatırlamadığını, otaqdakı kağızlarda, bloknotlarda əlyazma ilə edilən qeydlərin müxtəlif şəxslərlə şifahi söhbətlər zamanı əldə etdiyi əməliyyat məlumatları olduğunu bildirib.

APA