Tariximizi bilməyən gənclər.

0
2

Qüdrət Əzizov

Tariximizi bilməyən gənclər.

Düzdür, bu çox ağrılı məsələdir ki, bəzi gənclərimiz öz tariximizi bilmir və maraqlanmaq fikrində belə deyillər. Desəz ki, bunların bir çoxu ucqar kəndlərdə oxuyan gənclərdir, bəli, qismən razılaşmaq olar. Lakin şəhərdə təhsil alıb, amma tariximizdən bixəbər olan gənclər də yetərincədir. Orta yaşlı, qoca, yaxud başqa kəslər yox, məni məhz gənclər maraqlandırır. Çünki gənclərin həyatı hələ irəlidədir və dövlətin, xalqın taleyi gələcəkdə onların əlində olacaq. Öz tarixindən xəbərsiz olan birinin isə xalqa, dövlətə nə dərəcədə yararlı ola biləcəyini özünüz düşünün.
Ucqar kəndlərdə, rayonlarda təhsil ocaqlarında şərait istənilən səviyyədə deyil, müəllim catışmazlığı var, bunlarla razıyıq. Amma bu o demək deyil ki, torpağı düşmən tapdağı altında olan bir xalqın tarixini bilməyəsən. Eləcə də şəhərdə hər bir şəraiti olan təhsil müəssisələrində oxuyan bir çox gənclər də lazımi səviyyədə elmə, savada yiyələnmir.
Bu yaxınlarda televiziyada bir reportaja baxdım və gördüklərimdən bir gənc kimi çox təəssüf hissi keçirdim. 18-19 yaşlı bir gəncdən “20 yanvar” hadisəsinin neçənci ildə və harda baş verdiyini soruşduqda həmin gənc çox ürək ağrıdıcı cavab verdi. Mən şəxsən bu tarixi bilməyən, məlumatı olmayan birinin olduğunu ağlıma belə gətirə bilməzdim. Təkcə “20 Yanvar” faciəsi yox, xalqımıza qarşı törədilən digər vəhşiliklərin, soyqrımların tarixi haqqında bir kəlmə belə bilməyənləri və öyrənmək istəməyənləri qınayıram. Burda günahkar nə məktəb, nə müəllim, nə də ki, başqa bir şəxslər deyil.Günahkar məhz həmin şəxsin özüdür!
Axı, tarixi bu qədər qəhrəmanlıq və eyni zamanda faciələrlə zəngin bir xalqın, tarix boyu hər bir çətinliyə sinə gərərək ayaqda qalmağı bacarmış bir xalqın tarixini bilməmək, nə deməkdir? Bu torpağın çörəyini yeyib, suyunu içib, lakin vətənin haqqında heç nə bilməməklə yanaşı, onu araşdırıb öyrənməmək dəhşətli bir hadisədir. Mən bir tək faktı misal gətirdim… Təbii ki, bununla kifayətlənmir…
Bu mövzu tez-tez sosial şəbəkələrdə müzakirə obyekti olur və yaxşı ki,olur. Bəlkə bu tip qınaqlar olarsa və maarifləndirici tədbirlər, dialoqlar olarsa, yaxşı istiqamətdə nələrisə əldə edə bilərik.
Tariximizi öyrənək, unudulmasına zəmin yaratmayaq… Başına çox bəlalar gəlmiş xalqın tarixini bütün dünyada tanıdaq. Düşmənlərin bizə üstün gəlməsinə imkan verməyək.Hər şey kiçik bir qığılcımdan başlayır. Bu qığılcımı böyük bir alovla əvəz edək.

LEAVE A REPLY