Qiymətlər od tutub yanır – Bayram süfrəsi 150 manata başa gəlir

0
4

ARB TV bazarlardakı qiymətlərlə bağlı reportaj hazırlayıb.

Bayram ərəfəsində alıcılar bazardan əlidolu çıxmaq istəyirlər. Amma qarşılaşdıqları mənzərə onların bu istəyini əngəlləyir. Elə satıcılar da narazıdırlar. Onların şikayəti alıcılıq qabiliyyətinin zəif olması ilə əlaqədardır. Bayram süfrəsi üçün lazım olan məhsulların qiyməti, demək olar ki, yarıbayarı artıb.

Tovuz bazarında apardığımız araşdırmanın nəticəsində məlum oldu ki, bahalılıq xüsusilə çərəz məhsullarındadır. Əvvəllər 4-5 manata satılan kişmiş hazırda 7-8 manata, ərik qurusu – 10-12 m, alça qurusu – 8 m, şabalıd – 6 m, fındıq ləpəsi – 17-18 m, qoz ləpəsi 19-20 m. Meyvələrin qiymətinə gəlincə, portağalın bir kiloqramı – 1.40 m. banan – 2.50, alma 70 qəpik, armudun qiyməti 2-4 manat arasında dəyişir, kivi – 2.50 m, üzüm isə 2-3 manata təklif olunur. Ətin qiyməti isə belədir: qoyun əti 10 m, mal əti – 9 m, balıq – 6 m, qaz əti – 18 m, hind quşu – 35, toyuq əti isə 5-8 manata satılır.

Analoji vəziyyət Gəncə bazarında da yaşanır. Apardığımız müşahidələr zamanı daha çox kənd təsərrüfatı məhsullarının bahalaşdığını gördük. Satıcılar göyərtinin bahalaşmasını kəndlilərdən baha qiymətə almaları ilə izah etdi.

Tovuzda ət bahalaşsa da, Gəncə bazarlarında əksinə, ciddi artım müşahidə olunmur. Ümid edək ki, əl yandıran qiymətlər insanların bayram sevincini mənfi təsir göstərməyəcək. Süfrələrin bol olması diləyi ilə…