“Global Services” MMC vətəndaşlara qaz çəkilişində qlobal problemlər yaradır – ARAŞDIRMA

0
6

2016-cı il yanvarın 1-dən etibarən təbii qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriliməsi haqda qərar verilib. Ötən il noyabrın 9-da jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, bütün texniki şərtlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək:

“Bundan sonra kim evinə, təsərrüfatına və ya müəssisəsinə qaz çəkmək istəyirsə, lazım olan sənədləri toplayıb, birbaşa “ASAN” xidmət mərkəzlərinə müraciət edərək, heç bir vəsait ödəmədən təbii qaz çəkilişinə icazə alacaq. Biz eşidirik, bəzən bu məsələ ilə bağlı vətəndaşlardan, iş adamlarından müəyyən vəsait tələb edirlər. Biz bununla ciddi mübarizə aparırıq. Məhz belə hallar yaranmasın deyə, texniki şərtlərin verilməsini “ASAN xidmət” vasitəsilə həyata keçirməyi qərara aldıq”.

qa

Bu, Rövnəq Abdullayevin verdiyi açıqlamadan bir parçadır. Amma gəlin görək, Rövnəq Abdullayevin dediklərində nə dərəcədə əməl olunur?
Araşdırmalar və bizə ünvanlanan çoxsaylı şikayətlər onu göstərir ki, ”Azəriqaz” deyilən məsələdən tamamilə imtina etməyib və bu funksiyanı vətəndaşlara ən doğru şəkildə xidmət edən ASAN xidmətə buraxmayıb.
Sənədlərin hazırlanması prosesi ASAN xidmətdə həyata keçirilsə də, vətəndaş yenidən qaz çəkilişi üçün “Global Services” MMC-yə üz tutmalıdır. Nədən “Global Services” MMC-yə? Məsələnin əsas kökü də buradadır. Hesab edirik ki, bu məsələdə texniki şərtin alınması üçün ümumi qaydaların 5.2 bəndi kobudcasına pozulub. Orada göstərilir ki, layihə-smeta sənədlərinin hazırlanması obyektlərin qazlaşdırılması üzrə xüsusi (lisenziya) olan istənilən layihə təşkilatlarına sifariş verilə bilər. Lakin “Azəriqaz” İstehsalat birliyi həmin 5.2 bənddə dəyişiklik edərək ASAN xidmətin bir növ müstəqilliyini əlindən alaraq oradakı maddəyə “Layihə-smeta sənədlərinin hazırlanması “Azəriqaz” İB-nin baş podratçısı “Global Services” MMC layihə təşkilatına sifariş verilməlidir” sözlərini yazıb.
Buradan belə bir sual ortaya çıxır ki, ölkədə 5-ə yaxın lisenziyalı təşkilatın olduğu halda vətəndaşlar nədən layihəni hazırlanmasını “Global Services” MMC-də sifariş verməlidir? Halbuki sözügedən sənədin ümumi qaydalarının 5.2 bəndində bu fəaliyyətlə məşğul olan istənilən təşkilat yazılıb. Ölkə prezidentinin bu kimi halların, yəni monopoliyanın qarşısının alınması istiqamətində apardığı islahatların başlıca məqsədi də ölkədə rəqabətin gücünün artırılmasıdır. Təəssüf ki, qazlaşma məsələsində yaradılan süni monopoliya bu imkanları sadə vətəndaşların, o cümlədən sahibkarların üzünə bağlayır. O cümlədən, “Global Services” MMC tək layihəçi olduğu üçün burada istədiyi qiyməti də özü qoya bilir.

Araşdırmalarımız zamanı məlum oldu ki, hələ bir neçə il öncə ölkənin bütün ərazisində qazlaşdırma işlərinin aparılması üzrə tenderdə «Qlobal Services» MMC şirkətinin digər 45 yerli şirkətlə yaratdığı alyans qalib gəlib. «Qlobal Services» şirkəti bu alyansın operatoru qismində çıxış edib.

Qeyd edək ki, «Qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması» üzrə tenderin son mərhələsində 3 şirkət iştirak edib. Bunlar Türkiyənin «Tekfen», yerli «Olimp mühəndislik» və «Qlobal Services» şirkətləridir. Lakin bu sahədə böyük təcrübəsi olan şirkətlərə deyil, məhz yeni yaradılan «Qlobal Services» MMC-yə üstünlük verilib.
Qazlaşma məsələsində yaranan bu anlaşılmaz vəziyyəti aydınlaşdırmaq üçün, «Qlobal Services» MMC və “Azəriqaz”la əlaqə saxlamaq qərarına gəldik. Təəssüflər olsun ki, internetdə verdiyimiz sorğularda bu MMC-nin kimə məxsus olduğuna dair məlumat əldə edə bilmədik. Şəxsi kanallarımızla öyrənə bildik ki, MMC-yə Rafiq adlı şəxs rəhbərlik edir ( soyadını dəqiqləşdirə bilmədik-M.Q.) Rafiq müəllimin mobil nömrəsinə zəng etdik və ona bizi maraqlandıran sualları ünvanladıq.

Suallarımız bu istiqamətdə oldu ki, şikayətçilərin bizə verdiyi məlumata görə, onlardan fərdi yaşayış evlərinə qaz çəkilşi üçün “Qlobal Services” MMC tərəfindən 250-300 manat çivarında pul tələb olunur. Bildirilir ki, bununla da hər şey bitmir. MMC əlavə olaraq qaz çəkilişi üçün istifadə etdiyi material və usta pulunu da vətəndaşlardan tələb edir.

 

pul

 

 MMC rəhbərinin Azinforum.az-a  verdiyi cavab maraqlı oldu:

“Məlumat veriləcək. Bir az vaxt lazımdır. Bu gün qəzetlərin çoxu zəng edir. Bilmirəm nə məsələdir? Amma ətraflı məlumat verəcəyik. Sizin də nömrənizi yazıram bura. Zəng edib xəbər verəcəyik. Siz elə şeyləri soruşursunuz ki, bu məlumatlar telefonla verilmir. Narahat olmayın məlumat verəcəyik”.
İki gün gözləsək də, Rafiq müəllimin şirkətindən bizə heç bir məlumat göndərilmədi. Yenidən onunla əlaqə saxlamaq istəyimiz isə heç cür alınmadı. Rafiq müəllim bizim telefon zənglərimizə cavab vermədi.
“Azəriqaz”-ın mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Azinforum.az-a açıqlamasında bildirdi ki, belə adda şirkət həqiqətən var:

“Sizin dediyiniz şirkət keçirilən tenderin qalibi olduğu üçün, qaz çəkilişində podratçı qismində çıxış edir. Onlar yalnız Bakı şəhərində deyil, bütün ölkə üzrə bu işləri görürlər. Bir faktı da qeyd edim ki, “Azəriqaz”ın layihələrini podratçı qismində yalnız bu şirkət həyata keçirmir. Belə bir neçə şirkət var. Qiymətlər və başqa suallarla bağlı məsələni isə mən cavablandıra bilməyəcəm. Yaxşı olar ki, «Qlobal Services» MMC-nin özü ilə əlaqə saxlayasınız”.
Bizi maraqlandıran suala tam cavab tapa bilmədiyimiz üçün mövzuya qayıdacayıq…
Məhəmmədəli QƏRİBLİ