“Sərhəd Hərəkatı” bizə nə verdi?

0
8

Ramiz Tağıyev

Geriyə dönüb baxanda
“Sərhəd Hərəkatı” bizə nə verdi?

Hər gün bir tarixdir. Keçdiyimiz həyat yoluna dönüb baxanda bunu daha aydın hiss etmək olur. Mənim də yaddaşıma əbədi həkk olmuş elə günlər var ki, həmin günləri xatırladıqca qürur hissi keçirirəm. Həmin günlər Millətimizin qəhrəmanlığının, birliyinin gücünü dünyaya təsdiq etdiyi tarixi məqamlardır.
XX əsrin ən möhtəşəm tarixi hadisələrindən olan “Sərhəd Hərəkatı” barədə dəfələrlə müzakirələr aparılsa da, təəssüf ki, hələ də əsil həqiqətlər ortaya çıxarılmayıb.

(Əvəvli ötən saylarımızda)

Kamkamidze sanki təngənəfəs olmuş kimi sevincini gizlətməyib, “Moskva sərhəddən qapı açılmasına razılıq verdi” deyib, əlimi bərk-bərk sıxdı. Onu başa düşmək mümkün idi, məsuliyyəti üzərindən götürə bilmişdi. Ancaq beş-on dəqiqəyə nələrin baş verəcəyini təxmin etmək iqtidarında deyildi.
Bir neçə dəqiqə sonra Culfanın uzun illər sərhəd simləri arxasında əsarətdə qalmış qəbristanlığına yaxınlaşdıq. Burada Culfa gəncləri məni əllərindən endirdilər. Sərhədçilər tikanlı məftillərin arxasından bizim növbəti addımımızı maraqla müşahidə edir, illərlə göz bəbəkləri tək qoruduqları sərhədin necə pozulacağına hələ də inanmaq istəmirdilər.

Ciblərimizdə saxladığımız kəlbətinlər hərəkətə keçdi. Tikanlı məftilin ilk olaraq kiçik bir hissəsini kəsmək mənə nəsib oldu. Bundan sonra nələrin baş verdiyini xatırlamaq çox çətindir. Bir göz qırpımında yüz metr ərazidə məftilləri saxlayan dirəklər də söküldü. Araz çayına doğru kütləvi yürüş başladı. Bunu yürüş yox, hətta ən sürətli qaçış kimi də qiymətləndirmək olar. Təpənin üstündən Araz çayına qədər olan 200 metrlik məsafə cəmi yarım dəqiqəyə qət edildi.
Qarşılaşdığımız mənzərə daha möhtəşəm oldu. O tay Culfasından bizi salamlamağa on minlərlə soydaşımız Arazın o tayına toplaşmışdı. Sonradan bildik ki, həmin tarixi sevinci yaşamaq üçün Cənubi Azərbaycan Culfasına Təbriz, Mərənd, Xoy, Səlmas və digər şəhərlərdən də təşrif buyuranlar hədsiz çox olub.
Sərt qış kimsəni narahat etmirdi. Belə ki, gənclər özlərini Araza vurub, qələbənin keyfini çıxarmaq istəyirdilər. Artıq o taylı-bu taylı səs-səsə qarışmış, doğmaların sorağına başlanmışdı. Əsil “surpriz”in məqamı yetişmişdi. Təbii ki, bizim üçün öncədən məlum olan olay SSRİ imperiyasına yeni il “surpriz”i olacaqdı.
Elektrovozların uzun-uzadı fiti hər kəsin diqqətini cəlb etdi. Qəhrəman Culfa lokomotiv deposunun maşinistləri iş başında idilər. Axşamdan hazırlığımız plana görə sərhəd dirəkləri elektrovozların arxasına bağlanmalı və hərəkətə keçən qatarlar bir andaca yüzlərlə metr ərazidəki sərhəd dirəklərini süpürüb, atmalıydı. Bununla yanaşı gənclərin əksər qismi tikanlı məftilləri kəsməli, sərhəd dirəklərini yandırmalıydılar.
Sərhəd dirəklərinin alovlanması qəribə mənzərə yaratmışdı. Bunu atəşfəşanlıq adlandırmaq daha düzgün olardı. Polkovnik Kamkamidze qaçaraq mənə yaxınlaşıb “Ramiz, nələr baş verir. Biz belə razılaşmamışdıq” deyərək, ağlamaqdan özünü zorla saxlaya bilirdi. Ona təskinlik verib “bu gün bayramdır, bayramda atəşfəşanlıq təbii qarşılanmalıdı. Culfada gürcü çaxırı olmasa da, biz sizi Sovet şampanına qonaq edəcəyik” dedim.Buna qədər isə, fəallarımız əksər sərhədçiləri doyunca şampana qonaq edə bilmişdilər. Kefləri “yüzbir” vuran sərhədçilər gənclərimizə qoşulub, çalınan musiqi sədaları altında Azərbaycan rəqslərini öyrənirdilər. Hətta zastava rəisi Afanasyev də qol götürüb oynayırdı. O bədbəxti ertəsi gün mülki geyimdə, əlində çamadanla görüb, Afanasyev, hara belə? sualını vermişdim. Sakitcə “işdən qovulmuşam” demişdi.
İş-işdən keçmişdi. Sərhədçiləri aldada bilmişdik. Razılaşdığımız ərazidə tikanlı məftilləri kəsdikdən sonra, məftilləri istənilən ərazidə kəsdikdə artıq siqnal səsi eşidilmir və beləliklə culfalılar tam sərbəst hərəkət edə bilirdilər. Digər tərəfdən də sərhədçilərin hamısı bizim kimi Arazın kənarında idilər. Sərhədin tam kənarında yerləşmiş doğma kəndim Yaycı da hərəkətə keçmişdi. Sərhədçilər hərəkət etdiyi yolla Culfadan Yaycı kəndinə 5-6 dəqiqəyə yetişmək olurdu.Gecədən səhərə qədər Araz kənarında bayram etdik. Qarşıda bizləri nələr gözləyirdi, bundan tam xəbərsiz idik.
1990-cı ilin yanvar ayının 1-i sakit keçdi. Yenə Araz kənarı, yenə o taylı-bu taylı qohumların soraqlaşması. Səsgücləndirici vasitəsiylə çıxışlar edir, şüarlar səsləndirirdik. “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” şüarına o taylı qardaşlarımız böyük sevinclə cavab verirdilər. Bəzən isə zarafatla iki Culfa birləşsə, daha gözəl paytaxt şəhəri olar, deyirdim. Əslində, arzulayırdım da. Təsəvvür etmək çətin deyil, həsrət çayımız Arazın üstündən saysız-hesabsız körpülər salınır və həmin körpülər iki Culfanı əbədi olaraq birləşdirir. Düzdür, Culfaya rəhbərlik etdiyim müddətdə, köhnə körpünün yeniləşməsi işinə şahidlik edə bildim. Bununla yanaşı, böyük dövlət xadimi Heydər Əliyevin göstərişinə əsasən o tay Culfasından elektrik xətti çəkilməsinə nail olduq. Azərbaycanda ilk olaraq iki Culfa arasında müştərək ticarət bazarının da az bir müddətdə açılışını edə bildik ki, həmin bazar “blokada” şəraitində yaşamağa məhkum edilmiş Naxçıvan Muxtar Respublikasının təchizatına öz töhfəsini verə bildi.

Nişanov və Girenkonun Culfaya səfərlərində nələr baş verdi?

Tonqal ətrafında kecirdiyimiz gecələr…

Yanvarın 2-də Sovet İtttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Girenko və SSR Ali Soveti Millətlər Sovetinin sədri Nişanov Culfaya gəlmişdilər. Onları həmin səfərdə Azərbaycan KPMK –nın katibi Telman Orucov və Naxçıvan MR Ali Sovetinin sədri Səkinə Əliyeva müşayiət edirdilər. Görüşümüz “raykom”da –rayon partiya komitəsində baş tutdu. Deməyə sözümüz çox idi. Çünki SSRİ-yə rəhbərlik edən boşboğaz Qorbaçov bir gün öncə imperiya telekanalları ilə çıxış edib, “Sərhəd Hərəkatı” iştirakçılarını içki düşkünləri və narkomanlar adlandırmışdı. İndi özünüz qiymət verin, Qorbaçovla bu gün “Sərhəd Hərəkatı”nı təxribat, xəyanət adlandıran bəzi “sapı özümüzdən olan balta”ların nə fərqi var?
Görüş 6 saata yaxın davam etdi. Ortaya qoyduğumuz sənədlər və faktlar qarşısında SSRİ imperiyasının rəhbərləri çıxılmaz vəziyyətə düşmüşdülər. Görüşün baş tutduğu “raykom” binasının qarşısında yerləşən Azadlıq meydanımızda minlərlə insan toplaşmışdı. Yağan sulu qar da onların sıralarını seyrəldə bilmirdi. Mən təkidlə tələb edirdim ki, imperiya rəhbərliyinin nümayəndələri xalq qarşısına çıxıb, Qorbaçovun işlətdiyi təhqirli ifadələrə rəğmən culfalılardan üzr istəsinlər. Əvvəlcə etiraz etsələr də, uzun müzakirədən sonra mitinqə qatılmağa razılıq verdilər.
Nədənsə Nişanov o tayd da Azərbaycanlıların yaşamasından xəbərsiz olduğunu söyləyirdi. Bu gündə inana bilmirəm ki, SSRİ imperiyasında önəmli vəzifələrdən birini tutmuş şəxs, Cənubi Azərbaycan barədə bilgiyə malik olmasın.
Mitinqi açıq elan edib, görüşümüz haqqında ətraflı məlumat verdim. Əsəbimi cilovlaya bilməyib xallı Qorbaçov barədə sərt ifadələr işlətdim. Onun culfalılar barədə işlətdiyi “alkoqolik” və narkoman ifadələrini özünə qaytararaq, “alkoqolik” Qorbaçovun özü, narkoman isə ermənilərin sevimlisi, Qorbaçovun arvadı Raisadır, dedim. Sonra çıxış üçün Nişanova söz verdim.
Nişanov Culfada baş verənlərdən Mərkəzin dəqiq məlumat ala bilmədiyini bəhanə edərək, əslində Qorbaçovun yanlış mövqe sərgilədiyini dolayısıyla təsdiq etdi. Digər qonaqlar da çıxış edib, sərhədçilərlə münasibətləri normal saxlamaq barədə çağırışlar etdilər. Yaranmış fürsətdən istifadə edib, imperiya rəhbərləri qarşısında növbəti tələbimizi irəli sürdüm. Tələbimiz Novruz bayramında Cənubi Azərbaycana sadələşdirilmiş gediş-gəliş şəraitinin yaradılması barədə idi. Əks təqdirdə xalqın bu addımı atacağını bəyan etdim. Beləliklə “Sərhəd Hərəkatı”nın ikinci mərhələsinin başlandığını xatırlatmağa nail olduq.

Azərbaycan Xalq Cəbhəsinin münasibəti necə oldu?

Yanvarın 6-7-də AXC-nin növbəti konfransında iştirak etmək üçün Bakıya səfər etməli oldum. Təsəvvür etmək çətin deyil, iki gün keçirilən müzakirələrdə AXC rəhbərliyi bircə kəlməylə olsun belə SSRİ imperiyasını silkələmiş tarixi hadisəyə münasibət bildirmədilər. Yalnız fasillərdən istifadə edib, konfrans nümayəndələrinə “Sərhəd Hərəkatı” barədə məlumat verirdim. Bu gün utanmadan yalan söyləyib, 31-i dekabrda “Sərhəd Hərəkatı”nı keçirmək təklifini Bakıdan –AXC rəhbərliyindən verildiyini söyləyənlərə onu da xatırlatmaq istəyirəm ki, məhz həmin AXC rəhbərliyi 1989-cu il 30 dekabr tarixində Naxçıvana telefon açaraq, “Sərhəd Hərəkatı”nı təxirə salmağı məsləhət bilmişdi. Bundan sonra AXC Naxçıvan Vilayət Şöbəsinin idarə heyəti də “Sərhəd Hərəkatı”nın təxirə salınması haqqında qərar qəbul edib, bu barədə hamımızı xəbərdar etmişdi. Qeyd etdiyim kimi yeganə olaraq AXC Culfa rayon şöbəsi həmin yersiz çağırışı qəbul etməyib, yola davamı məqbul hesab etmişdi. Bakıda mənə olan soyuq münasibəti açıq-aşkar hiss edirdim. Qulağıma söhbətlər çatırdı ki, bəziləri hətta məni “KQB” agenti adlandırıb, “Sərhəd Hərəkatı”nı da SSRİ “KQB”-sinin lahiyəsi olduğunu iddia edirmişlər. Bu əksər AXC yetkilisinin bir növ şakəri olmuşdu. Sağlam rəqabətlə uğur qazana bilməyənlər, rəqiblərinə müxtəlif adlar qoymaqla önə keçmək istəklərini gizlədə bilmirdilər. Təəssüf ki, psevdodemokratlar bu gün də zərrə qədər dəyişməyib, zaman-zaman mətbuatda bir-birilərinə müxtəlif adlar qoymaqdadırlar. Nə yazıq ki, mənə “KQB” agenti adı vermək istəyənlərin hamısı tezliklə ifşa olundu. Onların bir çoxunun komsomol aktivisti, bəzilərinin əsil həqiqətdə “KQB” casusu, digərlərinin pısırıq, qorxaq olduqları ortaya çıxdı. Məni tanıyanlar isə yaxşı bilirdilər ki, dissident nəslin-həm də Çar Nikolayın, həm də Stalin repressiyasına məruz qalmış, əzablı mübarizə yolu keçmiş bir nəslin nümayəndəsiyəm. Elə məhz həmin səbəbdən də Culfa rayonuna rəhbərlik etməyə başlayan ilk günümdə SSRİ “KQB”-nin Culfa rayonunda fəaliyyət göstərən idarəsinin bağlanması barədə ilk sərəncamımı imzaladım. Bununla bəyan etdim ki, mənim və nəslimin “KQB” qarşısında heç bir öhbərliyi olmayıb, ola da bilməzdi. Çünki SSRİ-nin onurğa sütunu sayılan “KQB” uzun illər bizim kimi nəsillərə Vətən xaini adları qoyub, nəzarətini üstümüzdən götürmürdü. Şəxsən mən həmin anları ürək ağrısıyla dəfələrlə yaşamalı olmuşdum.
Bəli, AXC rəhbərliyi “Sərhəd Hərəkatı” barədə bircə kəlmə olsun belə söhbət açmadı. Bu gün isə bəziləri “Tarixi -Nadir” yazıb, elə yalanlar uydururlar ki, adam onların əvəzindən xəcalət çəkməli olur. Adını kişi qoyanların yalançılığını, fahişəlikdən böyük qəbahət hesab etmişəm. AXC-nin “şinel”indən çıxmış əksər müxalifət partiyalarının bu günkü uğursuzluğunun əsas səbəblərindən biri, həmin müxalifət partiyalarının rəhbərləri sayılanlarının öz fəaliyyətlərini ikiüzlülük, yalanlar üzərində qurmalarıdır. Tarixi saxtalaşdırmağın nə qədər böyük xəyanət olduğunu yəqin ki, dərk etməmiş olmazlar. Onda bəs nədən, Çağdaş tariximizə kölgə salıb, bilmədikləri, iştirakçısı olmadıqları hadisələr barədə söhbət açıb, ağlagəlməz yalanları tirajlamaqdan çəkinmirlər? Mənim üçün önəmli olan o deyil ki, “Sərhəd Hərəkatı”nın ideya müəllifi və ya ön sırada addımlayanlardan olmuşam, önəmli olan tarixin təhrif olunmasına yol verməməkdir. Axı, həyatımızın bütün anlarında, təmsil olunduğumuz istənilən yerdə geriyə dönüb baxmağı bacarmalıyıq. Bunu etmək qabiliyyəti olmayanlar uğura imza ata bilməzlər. Hər hansı uğurları da müvəqqəti olar. Necə ki, AXC-Müsavat iqtidarının taleyi uğursuz nəticələndi. İnkar edəcəksənsə, mütləq inkar edilənlərdən olacaqsan. Mən uzun illər susdum, boşboğazlara, plaqiatlara zaman ayırmaq istəmədim. Ancaq nə edək,bizim uğurlarımızı öz adlarına yazıb, cəmiyyətə qəhrəman kimi sırınmaq istəyib, yenidən yüksək məqamlara çatmaq ümidiylə alışıb-yananlara bəzən cavab vermək lazım gəlir. Çünki elələri məqama çatınca, Millətə növbəti faciəni yaşada bilər.

Təbrizdə nələr gördüm…
Yalanların burulğanında!

Araza dogru yürüş başladı…

AXC ümummilli problemləri həll etmək iqtidarında deyildi. İştirak etdiyim konfrans yalnız yersiz çəkişmələrlə zəngin oldu. Əslində isə AXC-nin parçalanması baş verdi. İdarə heyətinə seçilməyən Nemət Pənahlı AXC-dən istefa verib, kimlərinsə təsəbbüsüylə yaradılmış Milli Müdafiə Komitəsinin üzvlərindən biri oldu. Yanvarın 13-də Azadlıq Meydanında keçirilən mitində isə N.Pənahlı tələskənlik nümayiş etdirib. İndi Səttarxan adını daşıyan zavodda silah istehsalına başlandığını elan etdi. Nədən biz beləyik? İş başlanmamış, bircə silah olsun belə istehsal edilmədən onun reklamına can atırıq. Əslində silahın deyil, kimlərinsə özünüreklamına gedirdi.
Bizə də silah vermək vəd edilmişdi. Səbirsizliklə gözləyirdik. Yanılmışdıq… Bir neçə gün gözlədikdən sonra həmin zavod da, heç nəyə yaramayan qumbaraya bənzər dəmir parçalarının “istehsal” edildiyini gördük.
Naxçıvanda isə vəziyyət qarışmışdı. Ermənilər Sədərək kəndinə hücuma keçmiş, atışma nəticəsində şəhidlərimiz olmuşdu. Təcilli qayltmalıydıq. Bütün cəhdlərimiz puça çıxırdı. Təyyarələr Naxçıvana uçmur, qatarlar isə daha öncədən həmin istiqamətdə hərəkət etmirdi. Cəlilabadla əlaqə saxladım. Rəhmətlik Miralim Bəhramovdan sərhədlərin necə qorunduğunu, Cənubi Azərbaycana gizli yolla keçib, Naxçıvana getməyimizin mümkünlüyünü soruşdum. O, “gəlin, siz gələnə qədər bir yol fikirləşərik” dedi.
“Səttərxan” zavodunda fəaliyyət göstərən “Müdafiə Komitəsi”ndən silah gözləntilərimiz özünü doğrultmasa da, Cəlilabada getməyimiz üçün avtobus təşkil edə bildilər. Mənimlə birgə AXC Culfa rayon şöbəsinin bir çox fəalı və Muxtar Respublikanın digər bölgələrindən olan gənclər Naxçıvandan gələn xəbərlərdən hədsiz narahatlıq keçirirdik. Elə həmin səbəbdən də Cənubi Azərbaycan vasitəsilə Naxçıvana getməkdə qərarlıydıq. Böyük ümüdlə yola çıxdıq. Bir neçə saatdan sonra Cəlilabada yetişdik. AXC Cəlilabad rayon şöbəsinin fəalları ilə görüşüb, məsləhətləşdikdən sonra, Cənuba getmək üçün daha uyğun ərazi sayılan Biləsuvar rayonuna qayıtdıq. Əlbəttə, Cəlilabadlı fəalların müşayiəti ilə adını xatırlamadığımı avtobus sürücüsü bizimlə Təbrizə səfər etməyi çox arzulasa da, avtobusun sərhədin tam ortasında çuxura düşməsi, onun arzusunun gerçəkləşməsinə imkan vermədi. Çecikmək mümkün deyildi, rus sərhədçilərinin duyuq düşdüyünü görüb, təcilli o taya keçdik. Hər yanı zülmət qaranlıq olduğundan, işıq gələn tərəfə addımlayıb, səhv etmirəmsə Cənubi Azərbaycanın Cermi şəhərinə çatdıq. Elə yolda cənublu bir neçə müəllimlə dostlaşa bilmişdik. İran xüsusi xidmət orqanlarının diqqətindən yayınmaq üçün həmin milli ruhlu müəllimlər bizi İranda dəbdə olan gödəkçələrlə təmin etdilər. Sonra çayxanada səhər yeməyinə qonaq etmək istəklərinə etiraz etmədik. Qəribə hisslər keçirirdik. Cənublu qardaşlarımızın şirin ləhcəsi bizi öz doğma vətənimizdə olduğumuza bir daha inandırırdı.
Səhər Cermi şəhərində qələbəlik idi. Artıq Cəlilabad, Biləsuvar istiqamətində sərhəd simləri tam söküldüyündən həmin rayonların əhalisi böyük maraqla Cermiyə axışmışdı. Ancaq ürəyimizdəki narahatlıq bizi Naxçıvana aparırdı. Cənublu qardaşlarımızın yardımı ilə Təbrizə gedən avtobusa mindik. Yorğun olduğumuzdan hamımız şirin yuxuya getmişdik. İki saatdan sonra Ərdəbil yaxınlığında bizim Təbrizə getmək icazəmiz olmadığını söyləyib, Cermiyə qaytardılar. Cermidə həmin şəhərin məsulları ilə görüşüb vəziyyətimizi izah etdik. Naxçıvana yalnız Təbriz yolu ilə yetişə biləcəyimizi və orada müharibənin başlandığını xüsusi olaraq vurğuladıq. Bundan sonra bizə yenidə avtobus ayırıb, Təbrizə yola saldılar. Bu dəfə qarşımızı kəsən olmadı.
Təbriz rəsmiləri deyəsən gəlişimizdən xəbərdar olmuşdular. Şübhə yoxdur ki, Cermidən olanlara məlumat ötürülmüşdü. Biz təkidlə Cənub Culfasına yola salınmağımızı xahiş etsək də, Təbriz rəsmiləri bizim üçün mehmanxanada yer ayrıldığını və bir gecə onlara qonaq olacağımızı bildirdilər.
Məhşur ”Gülüstan” bağının yaxınlığında “Qoç” adlanan oteldə yerləşdirildik. Təbrizdə Bakıda baş vermiş qanlı 20 yanvar hadisəsindən xəbər tutduq. Naxçıvandan gizli yolla Təbrizə gəlmiş nümayəndə heyəti ilə görüşdükdə müəyyən qədər təskinlik tapdıq.
Təbrizdə 20 yanvar şəhidlərinin xatirəsi böyük hörmətlə yad edildi. Bütün məscidlərdə yas mərasimləri qurulmuş, on minlərlə insan həmin mərasimlərə qatılmışdı. Bizi də dəvət etmişdilər. Sonra bizi Təbriz universitetində görüşə dəvət etdilər. Çıxışımda SSRİ imperiyasını sərt tənqid etdim. Tələbə gənclər səsimə səs verib SSRİ imperiyasını lənətləməyə başlayanda Təbriz universitetinin rəhbərliyinin narahatlıq keçirməsi diqqətimdən yayınmadı.
Culfadan məlumat gətirmişdilər… Arazı keçdiyimiz zaman rus sərhədçilərinə məni qətlə yetirmək tapşırığı verilibmiş. Bu barədə məlumatı Moskvadan Culfaya ezam edilmiş Sergey adlı rus polkovniki AXC Culfa rayon şöbəsinin fəallarına ötürübmüş. Belə ki, Sergeyin anası əslən Gəncəli olan azərbaycanlı xanım olub. O, dünyasını dəyişmiş anasının xatirəsini daima uca tutub, azərbaycanlılara heç bir zaman pislik etməyəcəyinə andlı olub. Bəlkə də mənim bəxtimin uğuruydu.
Əvvəlcə bir qrup sağ-salamat Arazı keçməklə Culfaya yola salındı. Onlar müəyyən təhlükəsizlik tədbirləri gördükdən sonra məni Arazdan keçirməliydilər. Razılaşdığımız kimi Arazı keçməyim baş tutdu. Bunun əvəzinə rus sərhədçilərinə “mükafat” verilmişdi.
Şəhidlərimizin matəm mərasimlərini keçirdikdən sonra mübarizəmizi davam etdirməyə qərar verdik. Culfa dəmiryolçularının tətilləri davam edir, görüşümüzə ard-arda gələn SSRİ imperiyasının yüksək çinli rəhbərləri ilə söhbətlərimizdə tələblərimizin həyata keçirilməsini irəli çəkirdik. Arada sərhədçilər müəyyən istiqamətlərdə tikanlı səddi bərpa etmək istəsələr də, məlumat alan kimi hücum edib, sökməyə nail olurduq. Sonradan əlimə V.Polyaniçkonun Culfa rayon partiya komitəsinə ünvanladığı məxfi teleqram keçdi ki, həmin teleqramda rayon rəhbərlərinə tikanlı məftillərin bərpasına yardım edilməsi barədə qəti göstəriş verilmişdi. Geri çəkilməyəcəyimizi müəyyən edən səlahiyyətlilər Cənbi Azərbaycana sadələşdirilmiş gediş-gəlişin baş tutacağına-bu barədə artıq SSRİ Xarici İşlər Nazirliyi ilə İran rəsmiləri arasında danışıqlar aparıldığını açıqlayırdılar. Çox keçmədi ki, Naxçıvan Sərhəd dəstəsinin komandiri Culfada mənimlə görüş keçirdi. Artıq 20-21 mart tarixində baş tutacaq sadələşdirilmiş gediş-gəlişin “detal”larını müzakirə edirdik. Novbəti görüşdə İran sərhəd qoşunlarının rəsmi şəxsləri də iştirak edirdilər. Əziyyətimiz boşa çıxmamışdı. Qarşımızda yeni bir məsuliyyətli iş dururdu. Cənublu qardaşlarımızı necə qarşılayacağımız barədə planlar hazırlayırdıq. Axı ilk görüşümüz məhz hamımız üçün əziz sayılan Novruz bayramı günlərində baş tutacaqdı. O taya ilk qədəmi kimlərin basacağı da müəyyənləşdirilməyə başlanmışdı. Mən qonaqları qarşılayacağımızı nəzərə alıb, həmin gün o taya keçməkdən imtina etmişdim. Həmdə ki, o taya səfər etmək nəsibim olmuşdu. Sağ olsunlar, Culfa cəbhəçiləri xidmətimi nəzərə alıb, mənim əvəzimdən o taya ilk qədəm basacaq şəxsin atamın olmasını qərara qalmışdılar.
Nəhayət, illərlə həsərətində olduğumuz gün gəlib çatdı. İmkanlarımız məhdud olsa da, Culfada bayram əhval-ruhiyyəsi yarada bilmişdik. Azadlıq meydanımızda bayram süfrələri açılmış, evlərdən Novruz bayramının əsas nemətləri sayılan paxlava, şəkərbura və digər şirniyyatlar gətirilərək süfrələrə düşülmüşdü. Culfa Mədəniyyət Evinin özfəaliyyət kollektivləri bayrama yaxşı hazırlaşmışdılar. Yenə, Muxtar Respublikanın bütün bölgələrindən on minlərlə insan Culfaya toplaşmışdı. Azərbaycanın digər bölgələrindən həmin tarixi hadisəyə şahidlik etmək üçün Culfaya səfər edənlər az deyildi.
İllərlə həsrətli yaşamış qohumların görüşü hər kəsi duyğulandırırdı. Qardaş qardaşını, bacı bacısını və hətta ana 52 il görmədiyi övladını bağrına basmışdı. Bədbəxt Millətimiz, nə acılar yaşayıbmış. Bütün bunları gördükcə SSRİ imperiyasına, fars rejiminə nifrətim daha da artırdı.
Düşünürəm ki, “Millətim”in bir neçə sayında işıq üzü görmüş yazılarımda “Sərhəd Hərəkatı”nın gerçək tarixi barədə ətraflı məlumat verdim. Əlbəttə, bu daha geniş mövzudur. Yəqin ki, nəzərdə tutduğum kitabımda “Sərhəd Hərəkatı”nın mahiyyətini, çağdaş tariximizdəki rolunu açıqlamağa çalışacağam. “Sərhəd Hərəkatı”nda əvəzsiz xidmətləri olmuş Şərur rayon cəbhəçilərini, AXC Babək rayonu fəallarının (əlbəttə, bu sırada Babək rayonu Nehrəm kəndinin- Bünyamin Qəmbərlinin rəhbərliyi ilə tarixi qəhrəmanlığını qeyd etməyi özümə borc bilirəm-R.T.), AXC Ordubad rayon şöbəsinin və AXC Naxçıvan Vilayət Şöbəsini unutmaq olmaz. Mənim təkliflərimin həyata keçməsinə səs vermiş Asəf Quliyev, Fərəməz Allahverdiyev, Fərəc Quliyev, Bayram Muradov, Əli Şamilov və digərlərinin tarixi xidmətlərini qiymətləndirməmək düzgün olmazdı.
Təəssüf ki, hələ bu günlərdə də “Sərhəd Hərəkatı” barədə bilgiyə malik olmadan həmin hərəkata qarayaxmağa çalışanlar var. Belələri olub və yəqin ki, həmişə olacaq. Onlar “Sərhəd Hərəkatı”nı inkar etməklə, bunun da bizə SSRİ “KQB”-sinin “hədiyyə”si olduğunu iddia etməklə təsdiq etmək istəyirlər ki, Millətimiz guya heç bir tarixi uğura imza atmağa qadir deyilmiş. Hətta daha irəli gedib, müstəqilliyimizin də bizə “hədiyyə” edildiyini iddia etməklə təsdiq etmək istəyirlər ki, Millətimiz guya heç bir tarixi uğura imza atmağa qadir deyilmiş. Hətta daha irəli gedib, müstəqilliyimizin də bizə “hədiyyə” edildiyini iddia edənlər var. Ataların bir gözəl deyimi var, “Sən vurmadın, mən yıxılmadım”. SSRİ imperiyası hərtərəfli vurulmasaydı, yıxılardımı? Mən çalışdım ki, söhbət açdığım bütün tarixi hadisələri faktlarla, sənədlərlə əsaslandıram. Buna necə nail oldum, artıq bunun qiymətini hörmətli oxucularımız verəcək.

“Sərhəd Hərəkatı” bizə nə verdi?

1993-cu il sentyabr. Iki Culfa arasında müştərək bazarin acılışı

Əvvəla, gizli yollarla Naxçıvanımızın müdafiəsini təşkil edə bildik. İkincisi, tədricən unudulmağa məhkum edilmiş-bir tərəfdə ruslaşma, digər tərəfdə isə farslaşma siyasətinin qurbanına çevrilmiş soydaşlarımızın tarixi yaddaşının oyanışına şərait yaradıldı.
Üçüncüsü, “blokada” şəraitində yaşamaq təhlükəsiylə üz-üzə qalmış Naxçıvanın İran və Türkiyə vasitəsilə bütün dünyaya qapısını açmağa nail olduq. Bu siyahını çox uzatmaq olar. Ancaq yaşadığım sevinclərin içərisində ən duyğulusu Həvva xalanın 52 ildən sonra öz oğlunu bağrına basması anı oldu.
İndi “Sərhəd Hərəkatı”na dodaq büzüb, onu xəyanət adlandırmaq istəyənlərə bir sualım var, 52 il öövladınızdan ayrı salınmağa razı olardınızmı? Bizləri ayrı salanların kimliyini bilmirdinizmi?
Sonda ən əsas məqama toxunmaq istərdim. “Sərhəd Hərəkatı”na ən böyük tarixi qiyməti böyük dövlət xadimi Heydər Əliyev verib. Bir çoxu inkar etməyə çalışsa da, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bayramlarımız sırasına daxil edilib. Görəsən, “Sərhəd Hərəkatı” olmasaydı, həmin gün bayram elan edilə bilərdimi?
Əziz Millətim! Sizləri “Sərhəd Hərəkatı”nın 25-ci ildönümü münasibətilə təbrik edir və hamınızı birliyə, həmrəyliyə çağırıram. Qarşıdan gələn bayramlarınız mübarək olsun!

LEAVE A REPLY