“Sultan” Rəcəbin qaçaq sarayı…

0
2

Zaur Muradxanlı

“Sultan” Rəcəbin qaçaq sarayı…

(Əvvəli ötən saymızda)

Oktyabr seçimlərindən sonra AKP iqtidarı hələ 1999-cu ildən yerinə yetirilməsinə çalışılan Kopenhagen kriteriyalarının həlli üçün vargücü ilə çalışmalara başladı. Çünki əvvəlki koalisiya hökumətinin Avropa birliyinin etimadını itirməsinin ən önəmli səbəblərindən biri də bu kriteriyaların həyata keçirilməsində kifayət qədər qərarlı ola bilməmələri idi. Necə də olardılar? Kamal Dərvişin də qatılması ilə dörd ortaqlı koalisiya Krılovun təmsilindəki bir nəsnəni eyni vaxtda dörd müxtəlif yönə çəkməyə çalışan uçan-qaçan, üzən və sürünəni xatırladırdı. Hökumətdə təksəslilik yox idi və bu da önəmli məsələlərdə qərarların alınmasını ya uzadır, ya da önünü tıxayaraq qərarsız qalınmasına səbəb olurdu. Doğrudur, bütün bu çətinliklərə baxmayaraq koalisiya hökuməti dönəmində bank maliyyə sahəsində aparılan həyati əhəmiyyətli islahatlar nəticəsində Türkiyə 2008-ci il dünya iqtisadi böhranından o qədər də ciddi zədə almadan qurtuldu. AKP hər nə qədər bu böhrandan yüngül sıyrıqlarla qurtulma hadisəsini öz adına çıxmağa çalışsa da, tarix əsil səbəbkarın adını dörd ortaqlı koalisiya olaraq yazmışdır.
Kopenhagen kriteriyalarının tam həyata keçirilməsində AKP hökumətinin gördüyü işlər Avropa Birliyinə o qədər səmimi gəlmiş olacaqdı ki, artıq 2004-cü ildə Türkiyəyə tamhüquqlu üzvlük üçün müzakirələrə başlama tarixi verildi. Doğrudur, hər nə qədər Türkiyəyə digər Balkan dövlətlərində olduğu kimi müzakirələrin bitəcəyi barədə dəqiq bir tarix verilməmişdisə də, dönəmin baş naziri Ərdoğan bu müzakirə qərarının alınmasından o qədər sevinmiş olacaqdı ki, onun Brüssel dönüşündə gündüz günorta çağı Ankarada atəşfəşanlıq edərək özlərini dünyaya güldürəcək qədər xam olduqlarını nümayiş etdirdilər.
Təqvim yarpaqları 2005-ci ili göstərdiyində birjadakı xarici sərmayə şirkətlərinin on beş faizlik işləm vergisindən azad edilməsi və Avropa Birliyi ilə tam üzvlük müzakirələrinin başlanmasının verdiyi təkanla ölkəyə gələn illik xarici sərmayə tutarı iki il öncəki 3 milyard dollardan 13 milyard dollara çıxmışdı. Sürətlə özəlləşdirilən nəhəng dövlət quruluşları sayəsində Beynəlxalq Valyuta Fondu ilə Stend-bay anlaşması bitirilmiş, Türkiyə borc dəftərini təqvimə uyğun olaraq qapatmışdı. Amma bütün bunlara baxmayaraq yenə həmin il bu fondla əlavə on milyard dollar həcmində borc anlaşması imzalandı. Fondun açıqlamasında da borcun AKP hökumətinə verilmə səbəbi olaraq bu partiyanı 2007-ci il prezident seçkilərində dəstəkləmək olduğu göstərilirdi. Bütün bunlar iç siyasətdə hər nə qədər müxalif səsə qarşı qaba davranaraq avtoritarizm həvəskarı olduğunu göstərsə də Ərdoğanın daha hakimiyyətinin ilk illərindən iqtidarda qala bilmək üçün xarici maliyyə qurumları ilə ortaq hərəkət etdiyini göstərməkdədir. Əlbəttə BVF Ərdoğanın gülcamalına aşiq olduğu üçün on milyard dollar kimi nəhəng kredit dilimi vermirdi. Onların da öz maliyyə və siyasi hədəfləri var idi və bu hədəflər ən gözəl şəkildə AKP iqtidarı tərəfindən qorunurdu. Meydanlarda boğazının gur yerinə salıb “borc iyidin kamçısıdır” deyə bağıran Ərdoğan nədənsə bu “igid”liyi sadəcə böyük türk millətinə və onun cümhuriyyətinə layiq görürdü. Doğrudur, təxminən elə həmin illər olacaqdı, onun sevgili oğlu Bilal Ərdoğan dəyərinin qatbaqat altında, üstəlik də lizinq yolu ilə 90 min tonluq yük daşıma gəmisi aldı. Mediada çıxan ələşdirilərə “nə olacaq canım, bir kərə bu gəmi deyil, gəmicik, digər tərəfdən kəndi parasını kəndi çalışıb çıkaracaq qədər iyi sözləşmə şərtiylə alınmış” deyən Ərdoğan o gəmini oğluna satan Həsən Doğanı Türk Futbol Federasiyasına prezident seçdirərək mükafatlandırdı. Ata oğul və H.Doğan arasında bu münasibət istənilən normal ölkədə korrupsiya əlaqəsi olaraq dəyərləndirilərdi, amma Türkiyədə belə olmadı. Çünki, Türkiyə onsuz da AKP-nin hakimiyyətə gəlməsi ilə normal ölkə olma yolundakı kiçik ümidlərini də itirmişdi. R.T.Ərdoğanın 1994-cü ildə keçirilən bir konfransda söylədiyi kimi “demokrasi bizim için amac deyil, aracdır. Aynən bir trən gibi düşünün, binəcəyiz və gərəkən istasyonda inəcəyiz!”. Ayrıca bunu da bildirməliyəm ki, yazımızın sonuna doğru Ərdoğanın bu sözlərinə yenidən qayıdacağıq.
AKP iqtidarı dönəmi Türkiyə siyasi tarixində nazir övladlarının müxtəlif ticarət qollarında ən aktiv şəkildə iştirak etdiyi illərdir. Kamal Unakıtanın oğlunun türk bazarını pasderizə olunmuş “Unakıtan yumurtaları “ ilə doldurmasından tutun, digər nazir balalarının gəmiçiliktən quş yeminə qədər müxtəlif sahələrdə parlayan şirkətlər açması da məhz bu dövrə təsadüf edir. Bir zamanlar mərhum Menderes baş nazir olduğu illərdə quru meyvə-tərəvəz ticarətinə girmək istəyən oğluna “evladım, sən, sadəcə kuru üzüm, əncir, narinci alıb-satmazsın, həm də babanın ismini etibarını alıb-satarsın” demiş və onu ticarətdən çəkindirmişdi. Amma AKP hakimiyyəti dönəmindəki nazir övladlarının hərəkətlərinə baxdıqda insanın doğurdan da Ərdoğanın sözləri ilə “nərədən nərəyə…” deyəsi gəlir.
Nə isə, indi əsas mövzudan aralanmadan qayıdaq Ərdoğan və onun seçkilərdə daima yüksək səs alaraq təkpartiyalı hakimiyyəti hələ ki, əlində tutmağı bacaran biricik partiyasına…Bir-birini əvəz edən parlament və bələdiyyə seçkilərində AKP-nin böyük üstünlüklə qalib gəlmə səbəblərini analiz etsək bəzi maraqlı faktların özlüyündə üzə çıxdığını görərik. Məsələn, 2002-ci il oktyabr seçkilərindən sonra bu seçkilərin həmən ardınca gələn 2004 seçimlərində yenə də AKP-nın qazanma səbəbi bu partiya ilə Avropa Birliyi arasında davam edən, yenə həmin il tam üzvlük müzakirələrinin başlanması ilə sona çatan müzakirələrin və yerli xalqın Avropa Birliyi üzvlüyündən sonrakı həyat şəraitlərini xəyal edib qısa müddətdə işi bu qədər irəliyə götürməyi bacaran partiyaya etimadlarını nümayiş etdirmələrindən başqa bir şey deyildi. Bir də pərdəarxası oyun var idi ki, bunu sadə xalq kütlələri anlaya bilməzdilər. Bu xüsusən 2003-cü il 1 mart təskərəsi ilə bağlıdır ki, indi AKP bunu hər nə qədər öz adına çıxmağa çalışsa da, o zaman Milli Məclisdə azlıqda olan Cümhuriyyət Xalq Partiyasının ciddi çalışmaları nəticəsində həmin təskərə parlamentdən keçməmiş və nəticədə Amerika Ordusu Səddam Hüseynə qarşı apardığı müharibədə İraqın şimalından müdaxilə etmək planından vaz keçməli olmuşdu. O vaxt bu təskərənin keçirilməsi üçün Türk Silahlı Qüvvələrindən də nüfuzlarından istifadə edərək yardım etmələri istənmişdisə də, TSK bu istəyi geri çevirmişdi. Doğrudur, bunun cəzasını əvvəlcə Ərbildə 11 əməkdaşının başına çuval keçirilərək ödədisə də, daha sonra onlarca generalın başına Türkiyədə həmin çuval keçiriləcək, heç bir dayanağı olmayan suçlamalarla generallar omürlük həbsə məhkum ediləcəklərdi. Amma, hələ 2003-cü il idi və gələcəkdə nələrin olacağını kimsə bilə bilməzdi.

Həm 2004-cü il bələdiyyə seçimləri, həm də 2007-ci il parlament seçkiləri və yenə 2009-cu il bələdiyyə seçimləri üçün iqtidarın arxasında dayanan iki nəhəng gücün, Amerika və Avropa Birliyinin R.T.Ərdoğana etdikləri stavkanın özünü doğrultduğunu görərək, ona türk xalqı üzərində aparılan psixoloji əməliyatlar və eyni zamanda AKP iqtidarına qarşı çıxa biləcək bütün ünsürlərin zəif nöqtələrini Ərdoğanın partiyasına ötürərək dəstəkləməkdə idilər. Əlbəttə onların bu canfəşanlıqları ən azından milyard dollarlıq sözləşmələr olaraq geri dönməkdə idi. Belə ki, 2002-ci il seçimlərindən dərhal sonra “Airveys” şirkəti ilə Türk hökuməti arasında üç milyard dollarlıq təyyarə alqı-satqı müqaviləsi, 2004-cü il seçimləri ərəfəsində isə Amerika silah nəhənglərindən biri ilə 14 milyard dollarlıq F-35 döyüş təyyarələrinin, habelə alman hökuməti ilə 242 ədəd leopard 2 tankı üçün 1,1 milyard dollarlıq alqı-satqı müqavilələri imzalanmışdı. Ayrıca yenə həmin dövrdə bu müqavilələrin və buna bənzər nisbətən kiçik həcmli digər müqavilələrin şişirdilmiş qiymətlər üzərindən göstərildiyi və bu səbəbdən də dövlətin zərərə uğradıldığı yazılıb pozulmuşdu. Bütün bu alqı-satqılar bir dövlətin özünümüdafiəsi üçün atılmış zəruri və məsum addımlar kimi görünə bilər. Amma unutmayaq ki, nə leopart 2 tankları, nə də F-35-lər həmən təslim edilməyəcəkdilər. Məsələn, F-35-lər 2014-cü ildən sonra təhvil verilməyə başlanılacaqdı, həm də təsəvvür edin, hər təyyarə üçün on il əvvəlcədən ödənmiş 140 milyon dollar. Ayrıca leopard tanklarının alınmasında da başqa bir rəzalət var idi ki, bu da həmin tankların Türkiyənin Güney Doğusunda terrorçulara qarşı istifadə edilə bilməyəcəyi şərti idi. Bu bir dövlətin iç işlərinə qarşma deyil də nədir? Burda günah almanlarda deyil, hakimiyyətdə qala bilmək üçün onların hər çaldığı havaya oynayan AKP iqtidarındadır. Düşünün 1,1 milyard dollar verib iki yüz qırx iki tank alırsınız, o tankları da orda istifadə edə bilməzsiniz, burda istifadə edə bilməzsiniz şərti gəlir. Eyni məbləğə 400 T-90 tankı ala bilər, istədikləri yerdə də istifadə edərdilər. Amma iş burasındadır ki, on il öncə Rusiyanın həm dünya siyasət arenasına, həm də Türkiyənin daxilinə Almaniya qədər nüfuz edə biləcək gücü yox idi. Burda kiçik bir xatırlatma edərək, yazımızın əvvəlki qismində Beynəlxalq Valyuta Fondu ilə Türkiyə arasında imzalanan 2005-ci il tarixli Stend-bay sözləşməsindən bəhs edəcəyik. Çünki bu sözləşmə də 2007-ci il seçimlərində AKP-nin dəstəklənməsi üçün imzalanmış, ayrıca sözləşmənin xüsusən bu məramı güddüyü BVF əməkdaşları tərəfindən mediaya sızdırılmışdı.
2007-ci ilə gəldiyimizdə AKP artıq müttəfiqləri, yəni Türkiyə içindən olan camaat və təriqətlərdəki müttəfiqləri ilə iqtidar bürokratiyasındakı kadrlaşma əməliyyatında sona gəlmiş, bir tək prezident kürsüsünün ələ keçirilməsi qalmışdı. Yuxarıda qeyd etdiyimiz kimi Ərdoğanın Abdulla Gülün əlini tutub yuxarı qaldıraraq “adayımız Gül kardeşimiz” deyərək, onun namizədliyini göstərdiyi gün yenə türk siyasi həyatı çalxalandı. Hayrunisa xanımın örpəyini bəhanə edən Yaşar Böyükanıt Türk Silahlı Qüvvələrinin internet saytından bildiri yayınladı. Çünki A.Gülün siyasi keçmişinin milli görüşə yaxın olması, habelə təpələrə əsgərlər tərəfindən nəqş edilən türk bayraqlarının və “nə mutlu türküm deyənə” sözlərinin əslində türk olmayanları qıcıqlandırdığı barədə dedikləri, ayrıca onun da Ərdoğan kimi, türklüyü bir milli kimlik kimi deyil də, üstkimlik kimi görərək əslində türk üstkimliyinin altında on illərdir əzilən otuz altı altkimlikdən filan bəhs etməsi, bir də xanımının örpəkli olması türk dünyəvi demokratiyasının ana sütünu olaraq görülən Türk Ordu Komandanlığını qıcıqlandırmışdı. Bu yöndə bilgiyi yayınlamağa məcbur etmişdi. Doğrudur, bu bildirinin üzərindən çox keçmədən Ərdoğan özünəməxsus üsulla qisasını alıdı. Belə ki, ordunun “burun sürtmə” əməliyyatı başlanmadan öncə general Yaşar bəyi Dolmabağça sarayına çağıraraq başbaşa görüşdükdən sonra Yaşar bəyin daha səs-səmiri çıxmadı, ayrıca onun komandanlığı altında çalışan yüksək rütbəli zabitlərin həbs olunmalarını da sükunətlə qarşıladı. Bütün bunların qarşılığında isə təqaüdə çıxarkən bir milyon dollarlıq avtomobil və lüks bir mənzillə təmin edildi. Bəs Dolmabağça sarayında nədən danışmışdılar? Bu barədə Yaşar bəy heç bir açıqlama vermədisə də, hökumət tərəfindən sızdırılan bilgilərə görə Ərdoğan onun xanımının mərkəzi ordu evindəki təmir işlərində işə qarışaraq külli miqdarda vəsaiti səbəbsiz yerə xərclənməsinə dair tutarlı faktları əks etdirən sənədləri Yaşar Böyükanıta göstərib və ona xanımının hər an həbs edilə biləcəyi barədə xəbərdarlıq edib. Bu sənədləri gördükdən sonra da Yaşar paşa quzuya dönərək Ərdoğana “bir əmriniz varsa, başım-gözüm üstünə” deyib. İkilinin anlaşması nəticəsində olacaq ki, Yaşar paşanın xanımı həbs edilmədi, ayrıca yuxarıda qeyd etdiyimiz faktla bağlı daha sonralar hökumət qanadından hər hansı bir təkzibin gəlməməsi bizi buna inanmağa sövq edən səbəblərdəndir. Doğrudur, Abdulla Gülün prezident seçilməsinə qarşı çıxan, ən azından onun Çankaya köşkünə sahib olma xəyallarını bir neçə həftəlik də olsa ertələməsinə səbəb olan sadəcə Yaşar paşanın elektron bildirişi deyildi. Eyni zamanda appelyasiya məhkəməsi fəxri baş prokuroru Sabih Kanadoğlunun prezident seçkiləri ilə bağlı üçdə iki səs haqqında verdiyi bəyanata, digər tərəfdən o zamanlar ən azından azad fikirli kimi görünən, ən azından AKP-nin cazibə qüvvəsinin təsiri altına girməmiş olan müstəqil media orqanlarının təzyiqləri ilə təxminən bir ay ərzində keçirilən bir neçə seçimdən sonra Ərdoğan və partiyası rahat nəfəs aldı. Sonunda dövlətin zirvəsi də fəth edilmişdi.
Doğrudur, prezident seçildikdən sonra Abdulla Gülün demək olar ki, hər hərəkəti ilə onu bu yüksək məqama gətirənlər qarşısında vəfa borcunu ödəmək üçün çalışmasını hiss etdirməkdən qaçınmaması türk müxalifətinin haqlı sayıla biləcək narazılıqlarına səbəb olurdu. Elə bu səbəbdən olacaq ki, Abdulla Gülün prezidentliyi dönəmində bu ali məqam türk müxalifəti tərəfindən Ərdoğanın notariat kontoru olaraq anılacaqdı.
Çankaya köşkünün fəth edilməsindən sonra artıq müxalifət və demokratik qüvvələrin tamamının birləşdiyi cəbhə yarılmış, Ərdoğanın önündə engin üfüqlər açılmışdı. Çünki o hüquqi cəhətdən ölkənin baş naziri olsa da, faktiki cəhətdən həm də prezidenti idi. Yəni əslində istədiyi qədər səlahiyyət toplamış, bu səbəbdən də artıq həm ölkədaxili hakimiyyət bölgüsünü yenidən dizayn edə bilər, həm də ölkədaxili “düşmənlərindən” rahat-rahat qisasını ala bilərdi.
Elə o vaxtlar Ümraniyədə, istefada olan bir gizirin gecəqondusunda ələ keçirilən üç ədəd əl qumbarası ilə başlayan məhkəmə prosesləri uzun müddət Türkiyənin gündəmini məşğul etməyə davam edəcəkdi. Bir-birini əvəz edən Ərgənəkon, Banyoz, Poyrazköy devrimçi qərargah, Ay işığı, Oda tv və sair məhkəmə proseslərində “bən bu davaların savcısıyım” deyərək, əslində obyektiv məhkəmə proseslərinə zərbə vuran Ərdoğanın əsil məqsədi ordu və ordunun üst təbəqəsi ilə yaxın ilişgidə olan dünyəvi dövlət tərəfdarlarının, habelə müxalifətin burnunu sürtərək onların tamamına yaxınına göz dağı vermek idi. Əlbəttə bu davaların başdan-ayağa düzməcə olduğu ta başından bəlli idi. Sadəcə bir faktı misal çəkmək kifayətdir ki, məsələn, istefada olan mayor, vəkillik fəaliyyəti ilə məşğul olan Ləvənt Ərsözün suçlanmasına səbəb olan qovluğu onun bilgisayarının yaddaşına Ləvənt bəy həbs edildikdən üç gün sonra yerləşdirilmişdi.

Ardı var…

LEAVE A REPLY