“Çalışırdılar ki, bizi ləkələsinlər…” –Prezident İlham Əliyev

0
4
“Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq dünyada bir idman mərkəzi kimi tanınır:

“Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, – bu yaxınlarda belə bir hal olub, – və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik.

Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə bütün bu illər ərzində bəzi anti-Azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmayıb. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib”. 

APA