İlahiyyatçı Abdullah Hito bu payız “BASF” şirkətinin Düsseldorfdakı zavodlarını ziyarət edərək menecerlərlə görüşüb, sabun, şampun və kondisionerlərin tərkibi ilə maraqlanıb.
Səfərdən məqsəd – zavodun məhsullarının dindar müsəlmanların istifadəsinə yararlı olub-olmadığını öyrənmək idi.
“Hər şeyi lap ilk addımdan yoxlayırıq”
“Biz hər şeyi lap ilk addımdan – onların aldığı xammaldan, sonuncu addımadək yoxlayırıq. İstehsalçıların bizi məlumatlandırmadan xammalı… dəyişdirməyə ixtiyarı yoxdur”, – Küveyt Universitetinin ilahiyyat doktoru Hito belə deyir.
Onun “Halal Quality Control” (“Halal Keyfiyyətə Nəzarət”) şirkəti Avropada məhsullara halal sertifikatı verən onlarla şirkətdən biridir. Halal məhsulların tərkibində spirt, yaxud heyvan mənşəli əlavələr ola bilməz. Bu məhsullar, islam hüququna görə, natəmiz sayılan maddələrdən, hətta təmizləyici maddələrdən təcrid edilməlidir.
Öz kosmetik vasitələrinə ilk halal sertifikatını dörd il bundan öncə alan “BASF” bu gün üz təmizləyici, vanna köpüyü və məişət yuyucu tozlarında istifadə olunan, halal sayılan 145 kimyəvi maddə istehsal edir. “BASF”ın ən böyük bazarı dünyanın ən çox müsəlman əhalisi olan İndoneziya sayılsa da, şirkət Qərbdə də bazarının genişləndiyini bildirir.
Donald Tramp müsəlmanları ölkəsinə buraxmamaqla hədələsə də, “BASF”dan tutmuş, sendviç istehsalçısı “Subway”ə və “DKNY” moda evinədək bir çox şirkət müsəlmanların alıcılıq gücünü get-gedə daha çox dəyərləndirməkdədir.
Sayları 1,6 milyarda çatan müsəlmanlar dünya əhalisinin az qala 1/4-dir. Vaşinqtondakı “Pew” tədqiqat mərkəzi əsrin sonlarında onların xristianlardan daha çox olacağını bildirir. Bu il istehlakçıların halal kosmetikaya 27 milyard dollar xərcləyəcəyi gözlənilir. Bu göstəricinin 2019-cu ilə doğru 39 milyard dollara çatacağı ehtimal edilir.
“Bu bazar nəhəng artım göstərəcək”
“Bu bazar nəhəng artım göstərəcək”, – “Muslim Marketing” adlı konsaltinq şirkətinin direktoru Şafiq Şafinin fikridir.
Halal məhsullar təkcə ənənəvi yolla kəsilmiş ətdən ibarət deyil. Bazarda hətta halal fua-qra (ənənəvi fransız yeməyi, qaz və ya ördəyin qaraciyərindən hazırlanır) və halal şərab da var. Britaniyanın “John Lewis” dükanı hicablı məktəb forması satır. “Uniqlo” geyim şəbəkəsi isə dizayner Hana Tacimanın basma və boyanmış hicablarını satışa çıxarıb. Ötən il Fransanın “Groupe Bertrand” şirkəti “Quick” hamburger şəbəkəsini satın alarkən, 500 dükanın çoxunu “Burger King”ə çevirsə də, 50 dükanda “Quick” brendini saxlayıb. Bu dükanlar müsəlman məhəllələrində halal qida satır.
“Ogilvy Noor” islam brendinq agentliyinin vitse-prezidenti və millenium nəslinə mənsub müsəlmanlar barədə “M nəsli” kitabının müəllifi Şelina Canmuhammed deyir ki, bəzi şirkətlər qeyri-müsəlmanların münasibətindən çəkinərək halal məhsul siyasətlərini çox da qabartmır.
Dırnaq boyası da su keçirəcək
İllinoy ştatında yerləşən “Maya Cosmetics” şirkəti sukeçirən dırnaq boyası buraxır. Bu, müsəlmanlar üçün vacibdir, çünki onlar dəstəmaz alarkən, əllərində sukeçirməyən bir şey olmamalıdır.
Şirkətin həmtəsisçisi Cavid Yunis deyir ki, “’halal’ sözü orta amerikalılar arasında müəyyən qədər “ləkə”lidir”.
Çoxçalarlı tonal kremi müsəlman model tanıdacaq
Əhalisinə görə (256 milyon) ən böyük müsəlman ölkəsi olan İndoneziya 2019-cu ilədək bütün qida, içki və digər satılan istehlak mallarının halal olmasını tələb edəcək. Fransanın “L’Oréal” şirkəti bildirir ki, onun İndoneziyada hazırlanan “Garnier” xəttinə aid əksər məhsulları artıq halaldır.
Britaniyada isə “L’Oréal” “True Match” adlı yeni tonal kremin reklamına müsəlman model seçilib. 23 çalarlı kremi hicablı model Amena təqdim edir.
“Bu, müsəlman qadınlardan ötrü əsl dönüş nöqtəsi idi”, – britaniyalı makiyaj ustası Zukreat Nazarın sözləridir.
Oktyabrda İngiltərənin Mançester şəhərində müsəlman həyat tərzinə həsr olunmuş “Muslim Lifestyle Expo” sərgisində 120-dək şirkət təmsil olunmuşdu. Onların bir neçəsi kosmetika şirkəti idi. Yunis bildirir ki, onun “Maya Cosmetics” şirkəti gələn yay Ramazan mövsümündə öz məhsullarını bazara çıxarmağı planlaşdırır.
Azadlıq Radiosu