Müsəlmanları gözdən salmağa çalışan qüvvələr kimlərdir?

0
6

Zaur Muradxanlı

İslamın üz qarası!
Müsəlmanları gözdən salmağa çalışan qüvvələr kimlərdir?

Son otuz ildə inkişaf etmiş dövlətlərin siyasi, iqtisadi, informasiya və ən önəmlisi də təşkilati dəstəkləri ilə göbələk kimi artıb törəyən terror təşkilatları sadəcə dünyanın ən insanpərvər, ən mükkəmməl ən elitar dini olan islam dininin imicinə zərbə vurmaqla qalmayıb. Artıq son zamanlarda sözün əsil mənasında müsəlmanları qorxulan və yaxud ehtiyat olunması gərəkən birər fərd halına gətirməkdədir. Əslinə baxılarsa nə birər fərd olaraq biz müsəlmanlar, nə də mübarək dinimiz qətiyyən bu müamələni haqq etməməkdəyik.
O zaman biz müsəlmanlara layiq olmadığımız halda göstərilən bu müamələnin səbəbi nədir? Sadəcə bir sıra zəngin ölkələrin yuxarıda sadaladığımız çeşidli dəstəklərindən güc alan və əslinə baxarsan heç islamla yaxından uzaqdan əlaqəsi olmayan insancıqların dağda-bayırda heyvan kimi yaşayaraq öz aləmlərində liderciklərinin hədəf göstərdiyi insanları öldürərək cihad etdiklərini sanacaq, hətta “intihar komandosu” olaraq tikə-parça olduqlarında cəhənnəmə vasil etdikləri düşmən cəbhənin insanları ilə bərabər axirətə yola düşərkən, cənnətə gedəcəklərini sanmalarımıdır? Amma bunların hamısı uydurma, hamısı xülya, lidercikləri isə o bədbəxt cihadçıların qanını əmib sərvətlərini şişirən birər əxlaqsız həşəratdan başqa bir şey deyildir.

Terror təşkilatlarının arxasındakı gizli əl

Bu bədbəxt intiharçılara daha sonra qayıdacağıq. İndi isə bir az da müasir, daha doğrusu son iyirmi-otuz ilin terror təşkilatlarından və onların törəmə səbəblərindən danışaq. Xüsusən səksəninci illərdən sonrakı dövrün terror təşkilatlarından danışarkən bunları iki yerə bölmək lazımdır. Əlbəttə burda söhbət islam coğrafiyasındakı terror təşkilatlarından gedir. Birincisi, dini mənsubiyyət olaraq islama sitayiş edən və ya ən azından elə görünən insanlardan təşkil olunmuş terror təşkilatları. Hansı ki, bura öncəliklə kürd terror üçlüsü olan PKK, PJK və PYD, eyni zamanda Taliban və sairə daxildir. Bu tipli terror təşkilatları özlərinin bir amac, bir ideya uğrunda mübarizə etdiyini sanır və tərəfdarlarını, eyni zamanda silahlı üzvlərini də amac uğrunda mübarizə etdiklərinə inandırmağa çalışırlar. Təəssüf ki, bəzi hallarda da buna nail olurlar. Məsələn, təxminən iyirmi il öncə A.Öcalanın “Kürdüstanın azadlığı uğrunda hər gənc qız özünü bir məşalə etsin” kompaniyasına uyan on altı yaşlı qızcığaz üzərinə benzin tökərək özünü yandırmış, bununla da özünün məşalə olduğunu sanmışdı. Halbuki o qızcığazı bir başa salan olsa, irəlidə onu nə gözəl bir həyatın gözlədiyinə inanar, bu dünyanın naz nemətini, şirinliklərini və min cür səfasını lidercikləri Öcalanın iyrənc bir sözünə görə qurban etməzdi. Və yaxud intihar komandoları. Onların da haqqında eyni şeyi demək olar, amma bayaq dediyimiz kimi bu zavallı məxluqata daha sonra qayıdacağıq. Yuxarıda qeyd etdiyimiz tipdən olan terror təşkilatları özlərinin son hədəfləri olaraq bir ərazinin və ya hansısa bir bölgənin müstəqilliyini qoyur və tərəfdar toplama çalışmalarında da bu hədəfə aparan başqa yolun olmadığına inandırdıqları həmin bölgənin xalqından faydalanmağa çalışırlar. Bu daha aşkar formada kürd terror üçlüsündə görülməkdədir. Bu terror təşkilatları iki qanadlı quruluşa malik olmaqla bir qanadın götürə bilmədiyi çalışmaları digər qanad həll etməyə çalışmaqdadır. Yəni dağdakı terrorçulardan ibarət silahlı qanad və yaşayış məntəqələrində yuvalanaraq həm dağ heyətinə sempatizan toplamaq, həm də xərrac toplamaq yolu ilə təşkilatın maddi problemlərinin həllinə kömək etmək, ayrıca yerlərdəki hökumət orqanları üzərində təzyiq yaradaraq paralel dövlət təşkilatlanması hissiyatını verməklə “bu bölgənin sahibi bizik” görüntüsü verməyə çalışan siyasi qanad.
Terror təşkilatlarının ən önəmli maddi dəstəkçiləri qeyd etdiyimiz kimi onları yaradaraq maşa kimi isdifadə edən ölkələrdir. Ayrıca həmin terror təşkilatının ərazisində olduğu ölkəyə və mübarizə etdiyi qüvvələrə görə də dəstəkçiləri və əlavə dəstəkçilərindən aldıqları yardımların miqdarı dəyişməkdədir. Məsələn, soyuq savaş dönəmində PKK hər nə qədər daha çox Sovet hökumətinin təsiri altında və onun projeksiyasından çıxmamağa çalışan təşkilat görüntüsü verdisə də, soyuq savaşın bitimiylə bu dəyişdi. Və 11 sentyabr hadisələrindən sonra ABŞ Yaxın Şərqi işğal etmək üçün bölgəyə gəldiyində daha o vaxtdan bölgədə bir nömrəli müttəfiqi seçdiyi AKP-nin hər cür cidd cəhdlə əlləşib çalışmasına baxmayaraq Türkiyə parlamentindən öz ordusu üçün türk ərazisindən keçərək İraqa giriş izni ala bilmədiyindən xeyli əsəbləşən, nəticədə kürd terrorçularına yüz iyirmi beş milyon dollarlıq nəğd yardım, ayrıca adi silahlardan ağır silahlaradək müxtəlif çaplı silah-sursat yardımı da etmişdi. Bütün bunlardan əlavə türk əsgərinin əməliyatları zamanı ələ keçən terrorçular da Avropa Birliyinin müxtəlif fondlarından hər əməliyyatdan sonra adambaşına 230- 300 avro arası pul aldıqlarını etiraf etmişdilər. Əlbəttə bütün bunlar bir terror təşkilatının nə qədər çox dövlət tərəfindən maşa olaraq istifadə edilə biləcəyinin isbatıdır.

İslamı gözdən salan qüvvələr

Bir az da islamçı terror qrupları haqqında bəhs edək. Yeri gəlmişkən, kürd terror üçlüyünün üzvlərinin üçdə birə yaxını müsəlman deyildir. Bu qeyri müsəlmanlar çoxluqla xristian, digərləri isə atəşpərəst, ateist və yaxud buddistdirlər.
İslamçı terror təşkilatlarının ən üzdə olan örnəkləri Vəhhabilər, Əl Kaidə, Hizbullah, Əl Nüsra, İŞİD və sairədir. Bu terror təşkilatlarını digərlərindən fərqləndirən yeganə xüsusiyyət konkret mübarizə sahələrinin olmamasıdır. Bu terror təşkilatı mənsubları üçün düşmənin olduğu hər yer cihad edilməsi gərəkən yer, düşmənin nəfəs aldığı hər an onun məhv edilməsinə çalışılmalıdır. Təhlükəlilik dərəcəsinə görə bu terror təşkilatları bir birindən ayırmaq olduqca çətindir. Amma sırf dini bəhanə edən və islamın adını ləkələyən bu ikinci kateqoriya terroristlərinin daha çəkilməz bir yanları var ki, bu da müxtəlif media vasitələrində, xüsusən internertdə və sosial mediadakı çıxışları zamanı bütün müsəlmanların adından danışır və qeyri müsəlmanlar, xüsusən islam dinini tanımayan insanlar arasında bir diksinti, ikrah hissi oyanmasına səbəb olurlar.

“Kamikadzelər” necə hazırlanır?

Xüsusən yaxın keçmişdə Əl Kaidənin, son zamanlarda isə İŞİD-in təmsilçiləri tərəfindən həyata keçirilən intihar aksiyalarının üzərində bir az durmaq lazım olduğunu düşünürəm. Bu aksiyalar hər nə qədər geniş ictimaiyyətə cihadçı gənclərin yüksək dini amallar uğruna özlərini fəda etməsi kimi təqdim edilsə də məsələnin mahiyyəti qətiyyən belə deyildir. Buna bir neçə misal çəkəcəm. Öncəliklə 2004-cü il İstanbuldakı Sinaqoq və ABŞ baş konsulluğuna qarşı tətbiq edilən intihar aksiyalarında iştirak edən gənclərdən birinin valideyni televiziyada çıxış edərək oğlunun İstanbula gələnə qədər dinlə yaxından-uzaqdan əlaqəsi olmadığını, sadəcə dərslərini hazırlamaq və imtahanlara hazırlaşmaqdan başqa bir şey düşünmədiyini bildirmiş, İstanbula gəldikdən sonra da hansısa radikal islamçı qrupla əlaqəsi olduğunu inkar edirdi. Həmin vaxt Türkiyənin müxtəlif telekanallarında çıxış edən terrorla mübarizə sahəsində ixtisaslaşmış bir çox yorumçular ölümlərindən sonra ictimaiyyətə cihadçı kimi göstərilən bu gənclərin əslində cihadçı filan olmadıqlarını, əksinə onların təsir altına salındıqdan sonra özlərinin də hiss etməyəcəyi şəkildə kiçik dozalarla narkotik vasitələrinə alışdırıldıqlarını, elə bu terror aktlarını törədərkən də intihar komandolarının tamamına yaxınının özündə olmayacaq dərəcədə yüksək dozada narkotik qəbul etdiyini söyləyirdilər. Türk telekanallarından eşitdiyim bu faktlara şəxsən şahid olduğum başqa bir faktı da misal çəkə bilərəm. Uzaq qohumlarımızdan birinin oğlu təxminən səkkiz- on il öncə din dərsləri almaq üçün Dərbəndə getmişdi. Onun hansı vasitəylə və niyə məhz Dərbəndə getdiyi barədə bir şey deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, mədrəsəyə gedərkən ağıllı, kamallı olan bu uşaq atası gedib zorla geri gətirdiyində artıq ruhi problemlər yaşayırdı və buna görə də Nərimanov rayonunda yerləşən Ruhi-Əsəb Xəstəlikləri Dispanserində uzun müddət müalicə aldı. O vaxt gəzən söz-söhbətə görə Dərbənddəki həmin mədrəsədə təhsil almağa gedən uşaqlara fərqində olmadan, xüsusən yeməklərinə qatılmaqla narkotik vasitələr verilir, beləliklə də özlərindən asılı vəziyyətə salırlarmış. Sadəcə bu fakt intihar komandolarının necə və hansı şərtlər altında hazırlandığını göstərməyə yetərlidir.
Məsələn, xərçəng, skleroz və sair xəstəliklərdən əziyyət çəkən təşkilat üzvlərini də intihar komandosu olaraq göndərir, onsuz da üç- beş gün sonra öləcəklərini bilən bu adamcığazlar aşağı dozadakı narkotikin təsiri altında nisbətən bilincli olaraq insanların daha gur olduğu yerlərdə özlərini partladırlar. Bir də bu alçaqlığı edərkən xüsusən qadınların geyindikləri çadranın səbəbinə artıq islam hobiyası olanlar çadra geyinmiş bütün xanımları potensial terrorist olaraq görürlər.
Bu həftə planetin iki müxtəlif nöqtəsində baş verən terror hadisəsi yenə dünya mediasının gözünü müsəlmanların üzərinə çevirməsinə səbəb oldu. Öncə Avstraliyada baş verən girov olayı… Bu ölkədə iranlı bir molla Sidney şəhərində bir neçə nəfəri girov götürüb. Girovlarını saxladığı binanın pəncərələrindən İŞİD bayrağına bənzər, islami motivlərin açıq-aşkar göründüyü bayraqlar asan bu zat bəzi tələblər də irəli sürüb. Lakin mövzumuz bu mollanın elin Avstraliyasında islam dini ilə bağlı irəli sürdüyü tələblər deyil. Bizi maraqlandıran məsələnin digər tərəfidir ki, hüquq mühavizə orqanlarına aid olan qismi. Sadəcə bir neçə dəqiqə çəkən əməliyyat nəticəsində həll olunub. Mollanın haqqında məlumat verilmir, sadəcə girovlar arasında dörd yaralının olduğundan bəhs edilir.
Bizi maraqlandıran tərəfi odur ki, bu bazar ertəsi Sidneydə yaşayan bir müsəlman xanım yerli radiolardan birinə zəng vurub və aldığı təhdidlər nəticəsində ictimai nəqliyatdan istifadə etməyə qorxduğunu bildirib. Göz yaşlarına boğulan bu xanım özünün də müsəlman olduğunu bildirməklə qalmayıb, həmçinin hicab geyindiyini və elə qorxusunun da bu səbəbdən olduğunu bildirib. Çünki sosial mediada təşkilatlanan qeyri müsəlman gənclər bu girov hadisəsindən sonra artıq ölkələrində müsəlmanların yaşamasına qatlaşmaq istəmədiklərini bəyan edirmişlər. Doğrudur, xanımın radioda bu çıxışı qısa müddətdə öz təsirini göstərib. İçində altı türk qeyri hökumət təşkilatının da olduğu 44 qeyri hökumət təşkilatı ortalığı sakitləşdirmək üçün insanları sükunətə çağıran ortaq bəyanat veriblər. Ayrıca həmin xanıma sosial mediadan da dəstək mesajları yağmağa başlayıb. Açılan “Twitter” hesablarından sadəcə o xanımı deyil, ehtiyacı olan bütün müsəlmanları sadəcə ictimai nəqliyyat vasitələrində deyil, kütlənin olduğu hər yerdə qorumağa hazır olduğunu bildirən insanlar ortaya çıxıblar.
İndi özünüz müqayisə edin, kimə qulluq etdiyi bilinməyən bir nadürüsdün gedib elin ölkəsində o ölkənin vətəndaşlarına qarşı etdiyi qeyri insani, hətta vəhşicə deyə biləcəyimiz bir hərəkət və bu hərəkətilə o ölkədə yaşayan bütün müsəlmanları sadəcə hədəf taxtasına oturtmaqla qalmayıb, həm də digər dinə sitayiş edən insanlar qarşısında pis vəziyyətə salmasını necə qiymətləndirmək olar? Adama deməzlərmi k,i öl xarabanda, nə qələtin varsa da orda et, niyə hər kəsi elin adamının qarşısında başıaşağı, gözükölgəli edirsən? Bu və bunun kimi bütün terroristlər deyil cihadçı, islamın üz qarasıdırlar. Onlardan mümkün qədər tez yaxamızı qurtarmaq insanlıq vəzifəsidir.
Və yaxud həftənin ikinci günü Pakistanda baş verən mahiyyətcə bənzər hadisəni də misal çəkmək olar. Sadəcə hadisələrin motivləri fərqlidir. Belə ki, bu ölkənin şimal qərbində yerləşən Peşəvar şəhərində yerləşən hərbi məktəbə daxil olan altı taliban silahlı terroristi 500 nəfərdən artıq tələbə və müəllimi girov götürüblər. Yenə bu adını insan qoymuş məxluqatın tələbləri barədə danışmayacam. Çünki bir terroristin tələbləri nə qədər haqlı olursa olsun, o tələbin irəli sürülmə metodu yanlış olduğu üçün elə tələbin özü də çirkinləşərək əsil mahiyyətini itirir. Bu terrorçular tələblərində yerdən göyə qədər haqlı olsalar belə hansı vicdan günahsız insanların girov götürülməsini haqlı göstərə bilər? Və düşünün ki, sadəcə girovluqdakı beş yüz nəfər deyil, onların ailələri, sevdikləri də onlarla birlikdə o qorxunu, dəhşəti yaşayırlar. Artıq bu məktəbdəki girovların qurtarılması əməliyyatında günahsız insanların öldüyündən bəhs edilir. Buna səbəb varmı? O insanların canlarını hansı cihadla, hansı dinlə, hansı dindarlıqla müqayisə etmək olar? Avstraliyadakı girov hadisəsindən bəhs etdiyimiz kimi bu terrorçular islam dininin tətbiq edilməsi, insanların yaşam tərzi halına gətirilməsi uğrunda mübarizə etdikləri barədə danışsalar da onlar hər biri islamın üz qarası olmaqdan başqa bir şey deyillər.

LEAVE A REPLY