Rusiya səfirini öldürən şəxsi çəkən “Associated Press”in fotoqrafı Burhan Özbilici hadisənin təfərrüatlarını bölüşüb.
Rusiya KİV-ləri xəbər verir ki, Özbilici hadisənin “Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə” adlı sərgidə baş verdiyini deyib.
O, məkan evinə yaxın olduğu üçün sərgiyə qatıldığını bildirib. Tədbirin standart olduğunu deyən Özbilicinin sözlərinə görə, qara kostyumda və qalstukda bir kişinin tapança çıxardığını görəndə bunun diqqət çəkmək üçün oyun olduğunu zənn edib:
“Əslində isə bu, mənim, başqa insanların gözü qarşısında törədilən planlaşdırılmış soyuqqanlı sui-qəsd idi”.
Fotoqraf onu da vurğulayıb ki, qatil səfirə atəş açan zaman zaldakılar dəhşət içində sürünüb gizlənməyə çalışırdılar. Qalereyada 8 dəfə atəş səsi eşidildiyini deyən Özbilici o an yaşadıqlarını dilə gətirib: “Mən özümü itirmişdim və qorxmuşdum. Ancaq divarın arxasında gizləndim və öz işimlə məşğul oldum – fotolar çəkdim. Baş verənləri dərk etmək üçün bir neçə saniyəm getdi. Yanımda bir insan öldü, gözümün önündə bir həyat itdi”.
Strateq.az Qafqazinfo-ya istinadən fotoqrafın hadisə yerindən çəkdiyi daha bir neçə fotonu təqdim edir: