Azərbaycanda bu şəxslərin hər gününə 1,65 manat veriləcək – RƏSMİ

0
4

İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş və şahidlərin qanuni nümayəndələri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılacaq. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Əmək münasibətlərində olmayan qanuni nümayəndələr adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün 1,65 manat əvəz alacaqlar.

Qanuni nümayəndələrə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar nəqliyyat xərcləri (taksidən başqa), kommunal xərcləri və gündəlik xərclər ödəniləcək. Onlara verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda dövlət hesabına ödəniləcək, hüquqi şəxslər barəsində olduqda isə həmin şəxslərin üzərinə qoyulacaq. Zərər çəkmiş və şahidlərin qanuni nümayəndələrinə verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda həmin işə baxan məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına, hüquqi şəxslər barəsində olduqda isə həmin hüquqi şəxslər tərəfindən müvafiq depozit xəzinə hesabına keçirilmiş vəsait hesabına ödəniləcək. Nəzərdə tutulan məbləğ məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında qanuni nümayəndələrə onların yaşadığı yer üzrə ərazi maliyyə orqanları tərəfindən həmin şəxslər tərəfindən ərizə və məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı təqdim edildikdən sonra bir ay müddətindən gec olmayaraq veriləcək.