“Yanvar ayından başlayaraq markerlər (inşaların, açıq test tapşırıqları yoxlanması ilə bağlı mütəxəssislər) üçün kurslar açılacaq. Hazırda bizdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə ayrı ayrılıqda 500 marker işləyir. Onların sayını artırmaq üçün təlim kurslarından keçən və müvafiq qiymət alan müəllimlər bizimlə əməkdaşlıq edəcəklər”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, hazırda Azərbaycan dili və riyaziyyatdan markerlər olsa da, gələcəkdə bütün fənlərdən markerlər lazım olacaq. “İki ildən sonra Azərbaycan dili və riyaziyyatla yanaşı, digər fənlər də buraxılış imtahanlarına salınacaq. Əlavə fənlərin olacağını nəzərə alaraq həmin fənlər üzrə buraxılış imtahanlarında belə tapşırıqları həll etmək üçün belə maklerlər lazım olacaq”.
M.Abbaszadə 9-cu siniflər üçün keçirilən sınaq imtahanlarının yalnız online aparılacağını bildirib. “Sınaq imtahanlarının yazılı və bütün ölkədə keçirilməsi üçün vəsait lazımdır. Ona görə də sınaq imtahanın online keçirilməsi məqsəduyğundur”.
DİM Direktorlar Şurasının sədri həmçinin imtahanların ödənişli olması barədə məsələyə aydınlıq gətirib: “Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin funksiyalar ilə bağlı sənədlər təsdiq etməlidir. Bizə imtahanı keçirməyi hökümət həvalə edirsə və sifarişi hökümət edirsə, demək onun xərci büdcədən ödənilir. İmtahanın keçirilməsi hökümət tərəfindən həvalə olunmursa, Tarif Şurasının nəzərdə tutduğu xidmətlərin səviyyəsinə daxil edilirsə, o zaman bu imtahanlar pullu olacaq və biz bunu müzakirə edəcəyik. İşçi şəklində Tarif Şurası, Maliyyə Nazirliyi ilə müzakirələr davam edir. Bunu hüquqi müstəviyə keçirmək üçün normativ sənədlərin Prezidentin fərmanına əsasən uyğunlaşdırılması aparılmalıdır. Bundan sonra yeni funskiyaların necə aparılması üçün legitimlik olacaq”.