Klanlararası savaş pik nöqtəsində!

0
4

“Millətim”in arxivindən!

Artıq 7 il keçib, bu yazıya imza atmağımdan. MTN-nin at oynatdığı zaman idi. Daima təqib olunur, hədə-qorxulara məruz qalırdıq. Ancaq doğru bildiyimizi qələmə almaqdan çəkinmirdik. Nəhayət, 6 ildən sonra yazdıqlarımız bir-bir öz təsdiqini tapdı. MTN-nin quldur dəstəsi, onların şəbəkələrinə daxil olub ləyaqətli insanları hədəfə alan reket mətbu şəbəkə və dələduzlar…

Oxuyun dostlar, oxuyun cənablar!!! Çoxlarınızı bu qorxunc dəstənin hücumundan xilas edə bilsək də ,özümüz sərt cəzalara, itkilərə məruz qaldıq. Cəzanı bu gün də çəkməkdəyik… Dostlarımız, doğmalarımız MTN-nin quldur dəstəsinin göstərişiylə işlərindən qovuldular, çörəklə imtahana çəkildilər. Bu gün də səslərini eşidən, şikayətlərinə diqqət yetirən yoxdur. Ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyimiz bəs deyilmiş kimi, övladlarımız da bu gün mənəvi cəza çəkir. İş üçün döydükləri qapılardan bir cavab eşidilir;atanızın məhkumluğu var…

Və beləcə də həyat davam edir. Buna həyat demək mümkünsə…O günlərə qayıtsam bir daha həmin mövzulara toxunarammı? Təbii ki…Yazdıqlarımın nə zamansa yerini alacağına tam əmin olduğumdan bir addım olsa belə geri atmaram.

Oxuyun Dostlar,oxuyun Cənablar! Kimlərin kişi, kimlərin nakişi olduğuna bir daha özünüz qiymət verin! Yenə yazırıq və hələ çox yazacağıq.Təəssüf ki, ölkəmizdə hələ xeyli cinayətkar, xalqın, dövlətin malını talayan vəzifəli cinayətkar var.

Ramiz Tağıyev

 

Klanlararası savaş pik nöqtəsində!

Tofiq Babayevin “cocuqları”nın yeni həmləsi…

 

Əslində ATM-in məşhur cütlyü “Azadlıq” qəzetini ələ keçirmək üçün hələ 2005-ci ildən səy göstərirdi. Qəzetə müxtəlif hücumlar təşkil edilir, əməkdaşları əzişdirilir, yaxud həbs edilirdi. Əlbəttə, qəzetin baş redaktoru Qənimət Zahid və onun qardaşı, satirik yazar Mirzə Sakitin “ezamiyyətə” göndərilmələrini də bu basqıların tərkib hissəsi adlandırmaq olar. Qəzeti ələ keçirmək üçün növbəti cəhd Azadlıq Hərəkatçıları Birliyi tərəfindən edildi. Məhkəməyə müraciət edən AHB sədri qəzetin əsil təsisçisinin özləri olduğunu və bu səbəbdən də təsisçilik hüquqlarının bərpasını tələb edirdi. Necə deyərlər, “yenə həmin dalğa, həmin kordinat”…

“Azadlıq”ın pulla ələ keçirilməsi təklifi ilə yaxın dostlarımıza da müraciətlər olmuşdu. Təbii ki, təklif məşhur MTN-şik İlqar Əliyev tərəfindən edilmişdi, özü də nə az, nə çox 50-100 min ABŞ dolları civarında. Bəs görəsən, əlində onlarla qəzeti cəmləmiş İlqar Əliyevin “Azadlıq” qəzetini ələ keçirmək istəyi haradan qaynaqlarında. Düşünmək olardı ki, “dəyərli” çekist bu addımı ilə dövlətçiliyimizə xidmət göstərmək istəyində bulunub. Əfsuslar olsun ki, belə deyil. Əslində o, MTN nazirinin müavini Hilal Əsədovun istəyinə uyğun hərəkət edirdi.

Geniş oxucu kütləsinə malik “Azadlıq” qəzetini “Bakı -Şirvan” klanının tribunasına çevirmək bu klanın başbilənlərinin sifarişi ilə baş tutub. Əlbəttə, biz qəzetdə çalışan əqidəli yazarların belə işbirliyinə getmələrini söyləmək fikrindən çox uzağıq, lakin təəssüflər olsun ki, fakt faktlığında qalır. İnanılmış mənbəmizin məlumatına görə, İlqar Əliyevin “Azadlıq”ın aparıcı simalarından birilə razılaşması olub. Araşdırmalarımız da göstərir ki, “Azadlıq” özünün müxalifətçilik mövqeyini saxlamaqla, onun sifarişli yazılarını da dərc etməkdədir.

 

Müxalifət toy-bayram əhval ruhiyyəsindədir:”Ramiz Mehdiyev yola salınır!”

 

“Bakı-Şirvan” klanının Ramiz Mehdiyevə açıq hücumuna start verilib. Axı bu klan “referendum memarı”na dişini çoxdan qıcayıb. Anti-referendum əhval-ruhiyyəsi “Bakı-Şirvan” klanı ilə müxalifəti demək olar ki, bir araya gətirə bilmişdi. Əslində, bu işbirliyi indi də davam etməkdədir. Gizli birliyin hədəfində  ilk duran şəxs boz  kardinaldır. Açıq hücuma keçərək, Mehdiyevi “zərərsizləşdirmək” istəyən “Bakı-Şirvan” klanı bununla naxçıvanlıları darmadağın etməyi düşünür. Əgər əvvəllər bu hücumlar bir qədər gizli aparılırdısa, indi gizlilikdən heç bir əsər-əlamət də qalmayıb. “Bakı-Şirvan” klanına yardım etmək istəyən ənənənvi müxalifət də sevincini büruzə verməkdən artıq çəkinmir. Heç məramlarını da gizlətmirlər, “nə qədər ki, Ramiz Mehdiyev düvrilməyib, Əliyevlər rejimi yaşayacaq” deyirlər. Əlbəttə, onların bu fikirləri ilə razılaşmamaq mümkün deyil. Bütün ekstremal situasiyalarda özünü itirməyən boz kardinalın təcrübəsi ənənəvi müxalifətin qarşısında “Çin səddi”nə çevrilib.

Mehdiyevin komandasına daxil olan sədaqətli Əliyevçilər də yeni birliyin, “Bakı-Şirvan” klanı ilə ənənəvi müxalifətin dostları hesab oluna bilməzlər. Ancaq “ilk öncə boz kardinal” şüarı irəli sürülüb. Qeyd etdiyimiz kimi, əgər əvvəllər bu istəklərini pərdələyirdilərsə, artıq “xoruzun quyruğu” görünməyə başlayıb. “Bakı-Şirvan” klanının nəzarətinə keçmiş bütün mətbu orqanlar Mehdiyevi açıq-aşkar vurmağa başlayıblar. Təbii ki, Hilal Əsədovun rəhbərliyi və İlqar Əliyevin icraçılığı ilə. Onların dəsti-xəttini yaxşı bildiyimizdən, “Azadlıq” qəzetinin 29 mart tarixli sayına, “Mehdiyev Əliyevlərin adını eşitmək istəmir” başlıqlı yazıya diqqət yetirmənizi istəyərdik. Yazının müəllifi bilinmir, yazılanlar isə tamamilə məntiqsizdir. Təsadüfi deyil ki, həmin sayda ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə də “hücum” edilib. Həmin yazının da müəllifi bəlli deyil və sadəcə olaraq, imza yerinə informasiya şöbəsi yazılıb. Yazıda Rövnəq Abdullayev tərəfindən bukmekerlik fəaliyyətinin nəzarətə götürülməsindən söhbət açılıb.

 

İlqar Əliyev Rövnəq Abdullayevdən nə istəyir?

2

Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyevin nəzarətində olan qəzetlərin Rövnəq Abdullayevə ardı-arası kəsilməyən hücumlarını sezməmək mümkün deyil. Bu barədə “Nota” qəzetində kifayət qədər məlumatlar dərc edilib. Əlbəttə, ATM-in Rövnəq Abdullayevə hücumları əsasən sabiq MTN əməkdaşı Rəşad Əliyevin ARDNŞ-də rəhbər vəzifələrdən birini tutmasından qaynaqlanır. “Xain xoflu olar” deyiblər. Vaxtilə MTN-nin ən prespektivli kadrlarından sayılan Rəşad Əliyevin məhz Elçin Quliyevlə İlqar Əliyevin qurama oyunları nəticəsində vəzifəsini  itirdiyi nazirlikdə hər kəsə məlumdur. Sonradan Rəşad Əliyevin ARDNŞ-də yüksək posta təyin edilməsi də fitnəkar cütlüyün  yuxusunu ərşə çəkib. Onlar Rəşad Əliyevin hər an MTN-ə mühüm vəzifəyə qaytarılacağından xoflanmaqdadırlar. Elə məlum səbəbdən də, hədəfə ilk öncə ARDNŞ prezidenti Rövnəq Abdullayev alınıb. Bax elə buna görə, “Azadlıq” qəzeti ələ keçirilməli idi.

İndi qayıdaq “Azadlıq” qəzetində Rövnəq Abdullayev barədə yazılanlara. Burada nəinki “xoruzun quyruğu”, hətta İlqar Əliyevin öz də açıq-aşkaq görünməkdədir. Axı İlqar Əliyev özü bir zamanlar sevimli qəzeti “Azad Yeni Fikir” vasitəsilə bukmekerlik fəaliyyətilə məşğul olub. Qəzetin baş redaktoru Aqil Mahmudov bu fəaliyyətlə əlaqədar dövlət vergisindən külli miqdarda yayındığı da fakt olaraq qalmaqdadır. Bir zamanlar İlqar Əliyevin vasitəsilə “teleulduza” çevrilən Aqil Mahmudov artıq ortalıqda yoxdur. Necə də olsun axı, İlqar Əliyevin himayəsi ilə dələduzluqla məşğul olan Aqil Mahmudovu çoxları axtarır. O cümlədən redaksiyamıza təşrif buyuran Firudin müəllim də onu ciddi axtarmaqdadır. “Taylı-tayını tapmasa, günü ah-vaynan keçər” deyiblər.

İlqar Əliyvin nəzarətində olduğu söylənilən “Qaynar-info”ya nəzər salıram. Özüünü sığortalamaq üçün Bəhlul Muradovun bir polis işçisindən 200 min dollar rüşvət aldığı və Ağır Cinayətlərə dair Məhkəmədə bu işlə bağlı prosesin başlanıldığı barədə məlumat yerləşdirilib. Nə üçün İlqar Əliyevdən sual edən tapılmır ki, necə olur 2003-cü ildə dələduzluq maddəsi ilə həbs edilmiş Bəhlul Muradov azadlığa çıxan kimi mühafizə kursları açmağa nail oldu? Ona kim yardım etmişdi? Bu şəxs AHB idarə heyətinə kimin vasitəsilə salınmışdı? Dövlətin ayırdığı yüz minlərlə vəsaiti dələduz qəzetçilərə, üzdəniqar siyasilərə, yaxud Bəhlul Muradova pay-puş etməyə nə səlahiyyətiniz vardı, cənab İlqar Əliyev? Narahat olmağına dəyməz, cənab dələduz çekist, Rövnəq Abdullayev bəlkə də bukmekerlik fəaliyyətini sizin kimi dələduzlardan xilas edərək dürüst əllərə tapşırmaq istəyib.

“Azadlıq” yazarları, sizlərin isə Aqil Mahmudova çevrilməyinizi heç arzulamaqdıq. Yoxsa “24 saat”, “Azad Yeni Fikir” və yaxud “Xəbər Xətti”nin taleyini yaşamaq istəyirsiniz? Axı “Gündəlik Bakı”, “Bizim Gündəm” kimi qəzetlərin bazarına girməklə nə məqsəd güdürsünüz? Nə etmək olar, onda sizə bazar olsun deməkdən başqa çarəmiz qalmır.

 

ATM-in təfriqəçiliyə xidmət edən əməkdaşları təltif edildilər!

1

Azərbaycanın milli təhlükəsizlik məsələsi hamımız üçün önəm daşımalıdır. Milli Təhlükəsizlik Nazirliyinin 90 illiyinin təmtəraqlı şəkildə, bütün bölgələrdə bayram əhval-ruhiyyəsi ilə qeyd edilməsi ürəyimizcə oldu. Gec də olsa, Eldar Mahmudov başda olmaqla, bütün ləyaqətli çekistlərin yubileylərini ürəkdən təbrik edir, onlara dövlətçiliyimizin qorunmasında uğurlar arzulayırıq. Ancaq Hilal Əsədovu, Elçin Quliyevi aldığı orden və medallara görə təbrik etmək fikrindən çox uzağıq. Axı elə bu yaxınlarda general Rail Rzayevin terror nəticəsində öldürülməsinin şahidi olmadıqmı? Məgər Antiterror Mərkəzinə rəhbərlik edən bu şəxslər generalın qatilini tapıblar? Yoxsa 4 il bundan əvvəl terror yoluyla öldürülən mərhum jurnalist Elmarın qatilləri tapılıb, xəbərimiz yoxdur? Bəlkə Ziya Bünyadovun, Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun əsil qatillərini yaxalayıb bizim qoçaqlar?

Təltif olunanlar arasında general-mayor Fərhad Vahabovun adını eşitdikdə, bir maraqlı məqamı xatırladım. Neçə il öncə Hilal Əsədovun tapşırığı və İlqar Əliyevin icraçılığı ilə Vahabov barəsində şəbəkəyə daxil olan qəzetlərdə ilginc məlumatlar yerləşdirilmişdi. Məlumatda qeyd edilirdi ki, Fərhad Vahabov hələ universitetdə təhsil aldığı illərdə KQB agenti olaraq Elçibəyin məhkəməsində üzduranlardan biri olub. Əslində onlar bu addımı atmaqla MTN daxilində  təfriqə yaratmaq məqsədi güdmüşdülər. Vahabovun susması da müəmmalı görünürdü. Ola bilsin ki, bu informasiyanı yaymaqla Hilal Əsədovun qrupu Vahabovu özlərindən asılı vəziyyətə salmaq istəyib. Buna nə dərəcədə nail ola biliblər, söyləmək çətindir. Amma görünən odur ki, onlar artıq eyni məqsədə xidmət edirlər. Əlbəttə “od olmayan yerdən tüstü çıxmaz” deyib atalarımız. Ola bilsin, Vahabov haqqında yazılmış informasiya dəqiq olduğundan, o, susmağa üstünlük veribdir.

 

ATM-çilər hansı məqsədlə Mehriban Əliyeva və Araz Ağalarovun adını hallandırırlar?

 

Məlum üçlük bütün fəaliyyətlərini, əməllərini birinci ledi Mehriban Əliyevanın adı ilə hallandırmağa üstünlük verib. Cəzasız qalmaları hətta onları ailədaxili təfriqə yaratmağa qədər cəsarətləndirib. İndi də Araz Ağalarovun Ramiz Mehdiyevlə davaya başladığı informasiyalarını dövriyəyə buraxırlar. Bunun məhz Hilal Əsədov mətbəxində hazırlandığına şübhə ola bilməz. Ancaq tələsik hazırlanmış deziformasiyalar bəzən bir-birini açıq-aşkar təkzib edir. Moskvanın adamı olduğu iddia edilən boz kardinalın elə Moskvadan, Araz Ağalarov tərəfindən “vurulması” nə dərəcədə məntiqə uyğundur?

Hilal Əsədov əslində “Bakı-Şirvan” klanının adından istifadə edərək, Ramiz Mehdiyevi, Kəmaləddin Heydərovu, Bəylər Əyyubovu, Ramil Usubovu, Vilayət Eyvazovu, Vasif Talıbovu və eləcə də Rövnəq Abdullayevi şəbəkəyə daxil kütləvi informasiya vasitələrində daima gündəmdə saxlamağı tövsiyyə edib. Yəni bunun şahidi olmaq üçün bəhs edilən qəzetlərin monitorinqini aparmaq yetərlidir.

Hilal Əsədovun kifayət qədər iddialı olduğu söylənilir. Bununla belə onun fəaliyyəti MTN-i nüfuzdan salmağa indekslənib. Təbii ki, indiki zamanda MTN-nin nüfuzdan salınması nazir Eldar Mahmudova yaxşı heç nə vəd etmir. Kifayət qədər humanist olan nazir nədənsə, hələ də Hilal Əsədova və onun sabiq müavini Tofiq Babayevin “çocukları” adlandırılan əlaltıları Elçiv Quliyev-İlqar Əliyev tandeminə inanmaqda davam edir. Hilal Əsədov isə “sadiqlik” nümayiş etdirdiyi nazirin kreslosuna tərəf sürətlə irəliləməkdədir. Bu şəxs öz yaxın ətrafında hətta prezidentliyə belə iddialı olduğunu söyləməkdən çəkinmir. Necə deyərlər, yaşayarıq, görərik. Ancaq deyəsən yenicə mükafatlandırılmış nazir müavini tədricən istəyinə nail olmağa çox yaxınlaşıb. Yorulmaz “mücadilə”si ilə İlham Əliyevin monolit komandasının sıralarında onun sayəsində təfriqə artıq başlanıb.

Bir neçə ay öncə Azərbaycana arxadan zərbə vuran Rüstəm İbrahimbəyov bir çox millət vəkili və iqtidar mənsubları tərəfindən haqlı olaraq kəskin tənqid atəşinə tutuldu. Ənənəvi müxalifət isə həmin andan az qala, İbrahimbəyovu milli qəhrəman elan etməyə çalışırdı. Bu məslədə belə onlar məhz “Bakı-Şirvan” klanı ilə birgə fəaliyyət göstərirdilər. Bu birgə fəaliyyətin təbii ki, Hilal və onun əlaltıları sayəsində baş tutmuşdu. Etiraf etmək lazımdır ki, bu birlikdəliyin müəyyən uğurları göz qabağındadır. Ən azından onlar məqsəd və məramlarını açıq-aşkar ortaya qoyacaq qədər cəsarətli görünürlər.

İsa Qəmbər, Əli Kərimli və digər müxaliflərin söylədiklərini məlum klanın başbilənləri də tutuquşutək təkrarlamaqdadır. Artıq ənənəvi müxalifətin çiynində Hilal Əsədovun əli görünməkdədir. Bütün bu proseslərdə qəsdən birinci ledi Mehriban xanımın adı hallandırılır. Məhz onun adından istifadə edilərək ailəyə ən sədaqətli hesab olunan iqtidar məmurlarının sıradan çıxarılması prosesi reallaşdırılmaqdadır.

 

“Bakı-Şirvan” klanının Ermənistan metodundan istifadə etmək istəyi baş tutacaqmı?

 

Son zamanlar T.Babayevin “çocukları”nın şəbəkəsinə daxil olan əldəqayırma müxalifətin sıralarında bir canlanma müşahidə edilməkdədir. Səbəbini öyrənməyimiz çox da çətin olmadı. Əldə etdiyimiz məlumatlar bizi son dərəcə heyrətləndirdi. Sən demə İlqar Əliyev şəbəkəyə Ermənistan və Naxçıvan əsillilərin üzərinə tam hücum əmri verib. O, bunu onunla əlaqələndirib ki, “Erməsintanda Qarabağ ermənilərindən necə qurtulmaq istəyirlərsə, biz də burada məlum bölgənin nümayəndələrindən xilas olmaq uğrunda son davamıza başlamalıyıq!”

Nələr baş verir, yoxsa milli təhlükəsizliyimizi qorumalı olan şəxslər artıq ölkə daxilində təfriqə toxumları səpməklə məşğuldur? Şübhəsiz ki, onlar çirkin niyyətlərini həyata keçirmək üçün bu yola baş vururlar. Heç təsadüfi deyil, neçə müddətdir mətbuatın yadından çıxmış “məlum bölgə” ifadəsi yenidən gündəmə gətirilib. Özü də özlərini millətçi, demokrat elan etmiş bəzi üzdəniraq müxalifət təşkilatlarının qəzetlərində. Nə etmək istəyirsiniz, cənablar və bəylər? Ölkəni hara  sürükləmək istəyirsiniz, yoxsa kreslo davası gözlərinizin tamam qapanmasına yol açıb?

Yazını yekunlaşdırmaq istəyirdim ki, etibarlı hesab etdiyimiz bir mənbə yeni şok məlumatla bizi heyrətləndirdi. Deyəsən klanlararası savaş pik nöqtəyə çatıb. Mənbəmizin məlumatında deyilir ki, DİN-in birinci müavini Vilayət Eyvazov və yaxın ətrafı Hilal Əsədov qrupu tərəfindən tam nəzarətə götürülərək, daima izlənilir. Əlbəttə bunu təkcə Eyvazova təzyiq kimi qəbul etmək düzgün olmazdı. Deməli Hilal Əsədov qrupuna MTN-DİN münasibətlərinin gərginləşməsi daha əlverişlidir. Axı nazir Ramil Usubovla da köhnə hesablar unudulmayıb. Usubovun iki dönəm Naxçıvanda nazir olması, naxçıvanlıların ona, onun da Naxçıvana xüsusi rəğbət bəsləməsi sirr deyil. Elə bu faktın özü aldığımız məlumatı daha inandırıcı edir. Bu haqda daha təfsilatı ilə növbəti saylarımızda bəhs edəcəyik.

 

“Millətim” qəzeti. №02 (002)

02-08 aprel 2009-cu il