Merkelin gedişi, Putinin “qələbəsi”, avronun “ölümü” və saray çevrilişi…- «Bloomberg»in qorxulu “2017 proqnozları”

0
4
ABŞ-ın nüfuzlu «Bloomberg» agentliyi 2017-ci ilin ən təhlükəli olaylarını proqnozlaşdırıb.

Agentliyin ötənilki proqnozları kifayət qədər uğurlu olmuş və özünü doğrultmuşdu. Məsələn, Donald Trampın qələbəsi və Britaniyanın Avropa Birliyindən çıxması…

Bəs, «Bloomberg»ə görə qarşıdakı ildə dünyanı nələr gözləyir?
Almaniya seçim qarşısında

 

«Bloomberg» hesab edir ki, 2017-ci ildə dünya ikinci «Yalta sazişi»nə şahid ola bilər:

«Trampın təcrid siyasəti və Putinin aqressiyası Almaniyanı çətin seçim qarşısında qoyacaq. Avropanın hərbi gücünü Rusiyaya qarşı qoymaq, yoxsa Trampın məsləhətinə qulaq asıb Şərqi Avropada nüfuz dairəsini bölüşmək?! Bundan sonra Putin öz hakerlərini geri çağırır, öz qırıcıları vasitəsilə hava məkanı pozuntularına son qoyur, həmçinin ABŞ və Avropa Birliyinin işlərinə qarışmır. Əvəzində Merkel, Tramp Rusiyanın Ukrayna, Belarus və Suriya üzərindəki hakimiyyətini qəbul edir.

Putinin nəzərində Rusiya Sovet İttifaqının dağılmasından 26 il sonra öz nüfuzunu bərpa edir. O, prezidentlik imkanından sonadək yararlanana qədər bu kürsüdə qalacağını deyir. Bütün bunların ardınca rubl dəyərə minməyə başlayır və Rusiya qlobal iqtisadiyyata qayıdır“.

“Bloomberg”ə görə, rusiyameylli siyasi partiyaların təsir imkanları 2017-ci ildə qlobal siyasi stabitlik üçün böyük təhdid ola bilər. Bu təhdidlə Bolqarıstan, Moldova və Estoniya üzləşə bilər.

 

Avropada böhran

 

Proqnozlara görə, Trampın qələbəsindən ruhlanan Avropa (Niderland başda olmaqla) populist liderlərə üstünlük verməyə başlayacaq. Bu liderlər sərhədləri möhkəmləndirməyin, azad ticarət haqda sazişi rədd etməyin, avrozonadan və Avropa Birliyindən çıxmağın tərəfdarıdılar.

“Bloomberg” qeyd edir ki, gələn il Fransada keçiriləcək prezident seçkilərində Marin Le Pen qalib gələcək. Və seçkidən sonra Fransanın Avropa Birliyindən çıxması üçün referendum keçirəcək: «Beləliklə, «Brexit» (Britaniyanın AB-dən çıxması) baş tutduğu kimi, «Frexit» (Fransanın AB-dən çıxması) də reallaşacaq».

Agentlik həmçinin Şengen zonasının sonunun çatacağını bildirir:

«Almaniyada Angela Merkel seçkiləri uduzacaq.

İtaliyada populist hərəkat olan «5 ulduz»un lideri  Beppe Qrillo hakimiyyətə gələcək və italyan lirasının yenidən bərpası üçün referendum təklif edəcək.

Britaniyada Tereza Meyi (hazırkı baş nazir) «Brexit»lə bağlı daha sərt siyasi xətt yürüdən namizəd üstələyəcək.

Yunanıstanda iqtisadi böhran növbəti «partlayış» yaradacaq. Lakin bu dəfə ölkəni xilas etmək mümkün olmayacaq.

Siyasi dəstəkdən məhrum olan avro dəyərdən düşəcək». 

 

Tramp və Birləşmiş Ştatlar…

 

«Bloomberg» ABŞ və yeni lideri Donald Tramla da bağlı proqnozlarını açıqlayıb:

«ABŞ-da Donald Trampın nüfuzu sürətlə yüksələcək. Xüsusən də vergi sahəsində apardığı ciddi islahatlara görə. Lakin yeni prezidentin qərarlara qarşı çıxanlar da olacaq. Trampın əleyhinə siyasi müxalifət formalaşacaq və bu dalğa Kaliforniyadan başlayacaq.

Milyarderlər Şeril Sandberq və İlon Mask 2020-ci ildə Trampa qarşı yaranmış alyansa rəhbərlik edəcək. Bütün bunlar hakim Respublikaçılar Partiyasında fikirayrılıqlarına səbəb olacaq. Trampla kaliforniyalı milyarderlər arasında münasibətlərin pisləşməsindən “Facebook”, “Apple” və “Google” zərbə alacaq.

Donald Tramp ABŞ-ın əvvəlcə NATO, sonra da BMT-dəki üzvlüyünü dayandıracaq. Beynəlxalq müstəvidə parçalanmadan istifadə edən İŞİD Orta Asiyada nüfuz dairəsini artıracaq və “narkotrafik” sayəsində Əfqanıstanda faktiki hökmranlıq edəcək.

ABŞ-ın nüvə çətirinin hüdudlarında təhlükəsizliyinə təhdid görən Səudiyyə və Yaponiya öz nüvə proqramlarını inkişaf etdirməyə başlayacaq.

Dünya Şimali Koreyanın öz raketlərini nüvə başlıqları ilə  təchiz etmək imkanında olduğunu dərk edəcək və bu zaman ABŞ-ın Asiyaya siyasi təsiri zəifləyəcək. Bu da Trampı Çindən kömək istəməyə məcbur qoyacaq.

 

Kuba geriyə – SSRİ-yə

 

Tramp ABŞ-la Kuba arasında diplomatik əlaqələrin normallaşdırılması prosesini təxirə salacaq. Pulu tükənən, regional müttəfiqləri Braziliya və Venesueladan maliyyə dəstəyi ala bilməyən Kuba qapılarını regionda marağı olan iki nəhəng oyunçuya – Çin və Rusiyaya açmalı olacaq.  

Tarixi əlaqələri də nəzərə alaraq prezident Raul Kastro Rusiyaya Havanada kəşfiyyat bazası açmağa icazə verəcək. Rusiyanın Mayamidən cəmi 90 mil uzaqlıqdakı casus şəbəkəsi Trampın da çox yaxınında olacaq.

Tramp Meksika ilə bağlı verdiyi sözü tutacaq və qeri-leqal miqrantları ölkədən deportasiya etməyə başlayacaq. Meksika iqtisadiyyatı çökəcək və hakimiyyətə ABŞ əleyhdarları olan populistlər gələcək. Ölkədə narkoticarət çiçəklənəcək.

 

ABŞ-la Çin arasında iqtisadi savaş  

 

Tramp özünün inauqurasiya mərasimi gününün gecəsi «Tvitter» hesabından yazacaq ki, Çin valyuta manipulyatorudur və ABŞ idxala nəhəng tariflər qoyacaq.

Lakin Tramp Ağ Evə gedənə qədər Çin qisas almağa başlayacaq  – yuanı dəyərdən salmaqla, «Boeing»lərin sifarişini təxirə salmaqla və  «IPhone»ların satışını bloklamaqla.

Asiyada 1997-ci ildəki kimi valyuta böhranı yaşanacaq.

 

Səudiyyə şahzadəsi “oyundan” çıxır 

 

Varis şahzadə Məhəmməd bin Salmanın dünyanın ən nəhəng neft istehsalçısını yanacaq hasilatından asılılığını diversifikasiya etmək səyləri iflasa uğrayacaq.

Regionda güclərin həssas balansı İranın xeyrinə dəyişəcək. Buna səbəb şiələrin İraq və Suriyadakı uğurlarıdır.

Səudiyyədəki saray çevrilişi hakimiyyətə kral ailəsinin yeni üzvünü gətirəcək.O da seçilmiş varisi kənarlaşdıraraq islahatları dayandıracaq.

Tramp qərara gələck ki, ABŞ-ın artıq Yaxın Şərq problemi yoxdur. Səudiyyə ilə İran arasındakı gərginlik isə açıq hərbi konfrontasiyaya səbəb olacaq. 

Hörmüz boğazı vasitəsilə neft və qaz ixracı ciddi şəkildə məhdudlaşacaq. Sərmayəçilər qaçacaq və dövlət neft şirkəti «Saudi Aramco»nun özəlləşdirilməsi planları iflasa uğrayacaq.

Bütün ehtiyalar tükənəndən sonra Səudiyyə valyutasının devalvasiyasına qərar verəcək və digər regionları bu nümunə ilə getmək məcburiyyətində qoyacaq…”.

Strateq.az