“Sabah” qəzeti Azərbaycandan üzr istədi
alt=”"Sabah" qəzeti Azərbaycandan üzr istədi” title=”"Sabah" qəzeti Azərbaycandan üzr istədi”
Baş redaktor: “Bunun qəsdən edilməsi əsla düşünülməsin”
Türkiyənin «Sabah» qəzetinin internet saytı ötən gün yayımlanan yazıda ermənilərin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrıca dövlət kimi göstərilməsinə aydınlıq gətirib.
Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran «sabah.com.tr» saytının baş redaktoru İsa Tatlıcan bunun yanlışlıq olduğunu və aradan qaldırıldığını bildirib:
«Səhvən hazırlanmış agentlik xəbərində işğal altındakı Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət olaraq göstərilib. Telefonla edilən xəbərdarlıqdan sonra bu, redaktorlarımız tərəfindən anındaca yayından çıxarılıb. Qardaş ölkə Azərbaycan üçün həssas olan məsələlər bizim də həssaslığımızdır. Bunun qəsdən edilməsi əsla düşünülməsin. Zatən xəbərin mövzusunun da Azərbaycanla bir əlaqəsi yoxdur. Tamamilə agentlik qaynaqlı bir xəta səbəbi ilə baş verən bu kiçik yanlış anlaşılmaya görə üzr istəyirik», – deyə İ. Tatlıcan qeyd edib.
“Sabah” qəzetinin redaksiyasından isə APA-ya bildirilib ki, yanlışlığa yalnız qəzetin “sabah.com.tr” ünvanlı saytında yol verilib, məqalə çap versiyasında yer almayıb.
Qeyd edək ki, “Sabah” qəzetinin internet saytında “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” başlığı altında getmiş məqalədə “İşte dünyadaki ülkelerin isimleri listesi” adlı bölmədə 37-ci sırada Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayəti müstəqil dövlət kimi göstərilib. Az sonra həmin yanlışlıq aradan qaldırılıb.