“Avam sizsiniz! Millət avam deyil!” – Xalq şairindən bahalaşmaya etiraz

0
6

Moderator.az xəbər verir ki, Xalq şairi, sabiq millət vəkili, VHP partiyasının sədri Sabir Rüstəmxanlı Tarif Şurasının yeni qərarına və bu qərara etinasız yanaşan məmurlara etirazını bildirib.

Xalq şairi bu barədə öz feysbuk səhifəsində belə yazıb:

“İnsan, vəzifə sahibi, millət vəkili, ailə başçısı, yaşlı-başlı adamlar kürsüdən və ya TV ekranından, milyonların gözü baxa-baxa necə yalan söyləyə billirlər, görəsən? Vicdan, məsuliyyət deyilən şey yoxdurmu bu adamlarda? Utanmırlarmı? Necə yeni qiymət artımı yalnız qazdan, işıqdan çox istifadə edənlərə şamil edilir, kasıb təbəqəyə təsir göstərməyəcək? Ağıl deyilən nəsnədən bir zərrəcik payı olan şəxs bu sözü necə deyə bilər? Avam sizsiniz, bala! Millət avam deyil!  Məgər işıqdan, qazdan çox istifadə edənlər bu ölkədə yaşamırlar? İri şirkətlərin xərcinin artması onun işçilərinin yaşayışına, maaşına, qazancına nece təsir etməyə bilər? Bu bahalaşma kasıb xalqdan necə yan keçə bilər ki…

TARİF ZURNASI-nın səsi çıxmamız bir anda dükan-bazarda hərə öz qiymətini fırladır üzü yuxarı… Milləti narazı salan, ölkəni sosial partlayışa aparan, dövlətin nüfuzunu sarsıdan ağılsız qiymət siyasətinə haqq qazandırmaq istəyənlərin cürük bir söykənəcəkləri var: beynəlxalq standartlar, dünya bazarındakı qiymətlər… Anlamırlar və ya bilə-bilə özlərini anlamaz yerinə qoyurlar!
Bəyəm mənim vətəndaşımım qazancı, maaşı Avropaya uyğundur ki, qiymətləri də ora doğru qovursunuz? Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib! Siz  bu kütləvi soyğunçuluğun əzabını çəkən millətdən deyilsiniz?
Bu yolla büdcə dolmaz! Büdcəni doldurmaq istəyirsinizsə  bu qadağaları, məhdudiyyətləri, əsassız yoxlamaları, ələbaxanlar sürüsünün araverməyən basqılarını, monopoliyanı, yolkəsmələri, erməni dönmələrinin Bakını gicli işğal  xəyanətlərini dayandırın, orta və kiçik sahibkarlığa imkan verin, vəzifələrə öz naşı qohumlarınızı yerləşdirməkdənsə işbilən gənclərə yol açın, islahat adına işsizlər ordusunu böyütməyin. İqtisadiyyatı şəxsi maraqlarınıza yox, iqtisadiyyat qanunlarına uyğun qurun… Xalqın səsini dinləyin!”