“Ayda 200-250 min Vidadi Zeynalova verirdik” –Beytulla Hüseynov

0
6

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Beytulla Hüseynova suallar verib.

Vəkil ondan soruşub ki, ittihamda məbləğlər şişirdilib deyəndə nəyi nəzərdə tutub. B. Hüseynov deyib ki, xərclər nəzərə alınmayıb.

Vəkil ondan göstərişi kimdən almasını soruşub. B. Hüseynov ad çəkmək istəmədiyini deyib.

B. Hüseynov verdiyi ifadəni təsdiq etdiyini deyib. Daha sonra onun ifadəsi elan edilib.

O, istintaq zamanı verdiyi ifadəsində məbləğin şişirdilməsi barədə göstərişi onlara nazir Əli Abbasov verib:

“Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək. O, bizim onları aldadıb aldatmamağımızı yoxlayırdı. İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik”. 

Daha sonra Anar Mustafayev ifadə verib. O, biıdirib ki, istintaq zamanı ona qərəzli münasibət göstərilib:

“Beytulla Hüseynov mənim əməliyyatım üçün 8000 min, müalicəm üçün 7000 min manat verib. Əgər paket almışamsa, niyə ondan pul istəyirdim?

Mənə verilən puldan 2000 min manat özümə qalıb. Qalanları xərclənib. İstintaq zamanı verilən məbləği dəqiq söyləməmi istədilər. 

Mən də xatırlamadığım üçün dedim ki, Vidadi Zeynalova 2-3 dəfə bağlama vermişəm. Lakin içində nə olduğunu bilməmişəm. Biz büdcədən ayrılan pulu düzgün xərcləmişik. 

Etiraf edirəm ki, tikinti sahəsində monopoliya olub. Buna isə məcbur olmuşuq. Çünki Emin Məmmədov deyirdi vəsaitlər kifayət etmir. Biz də Bayrama dedik ki, o da şirkət yaratsın işləyək. Bununla başqasının 170 manata gördüyü işləri 130 manata həll etmişik. Bilirdik ki, bir gün qapı döyüləcək və soruşacaqlar. Biz karyeramızı sona çatdırmaq üçün vəzifəyə gəlməmişdik. Bakıda 36 bina tikilib, hamısına FHN tərəfindən əmsal qoyulub. Səmimu etiraf edirəm ki, əmək haqqımdan əlavə vəsait almışam. Lakin bu hər il eyni olmayıb. 800-2000 min manat olub. Özümü qanun qarşısında qismən təqsirli bilirəm “.

Proses günün ikinci yarsında davam edəcək(APA).

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.