Deputat Zahid Oruc od püskürdü:“Enerjinin qiymətinin artırlmasına nə lüzum var idi? Bu təxribatdır”

0
8

Milli Məclisin (MM) komitələrinin birgə iclasında 2017-ci il büdcə layihəsi ilə bağlı çıxış edən millət vəkili  Zahid Oruc hökumətin bank sektorundakı vəziyyət, elektrik enerjisi, qazın qaldırılması ilə bağlı tənqidi mövqeyini dilə gətirib.

Bank sektoru, maliyyə bazarındakı vəziyyətə və manatın ucuzlaşmasına toxunan Z. Orucun sözlərinə görə, bu gün Azərbaycan vətəndaşı manat sabitləşməyənədək yastığı altında saxladığı maliyyəni ortaya çıxarmayacaq:

“Ona görə də həyata keçirilən layihələr öz lazımi effektini verməyəcək. Bu gün hökumət düşüb Beynəlxalq  Bankın sağlamlaşdırılamasının üstünə və bunun üçün milyonlarla vəsait xərcləyir. Axı, vətəndaşın günahı nədir ki,  ölkədə Beynəlxalq Bank və onun da rəhbəri Cahangir  adlı bir şəxs olub.  Ölkənin milyardalını mənimsəyib və hökumət də indi onun oğurladığı vəsaitlər nəticəsində bankda yaranmış problemi aradan qaldırmaq istəyir.  Belə olmaz axı?! Nəyə görə, vətəndaşla banklar qarşı-qarşıya qoyulsun? Hökumət bu sahədə məsələni həll etməlidir”.

Z. Oruc bildirib ki, 21 dekabr devalvasiyasından sonra bir dəfə də olsun Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu  ekranda görməmişik: “Son bir ildə bu problemlər məngənəsində məmurlar xalqla birbaşa təmasdan qaçır. Bu, təxribatdır. Bir ildir məmurların ekranlara çıxışı məhdudlaşıb”.

Dövlət strukturlarının ixtisara salınmasının tərəfdarı olduğunu dilə gətirən Z. Oruc deyib ki, Azərbaycan məmur sayına görə, dünyada öncül yerlərdən birini tutur. “Axı, illər öncə bunu deyəndə niyə qulaqardına vurlurdu?  Bu ona görə deyilirdi ki, islahatlarla ölkənin inkişafına nail olunsun”.

Elektrik enerjisi və qazın qiyməti ilə bağlı Tarif Şurasının qərarına toxunan millət vəkili deyib ki, buna ehtiyac yox idi:

“Filizi, transformatoru, qazı, elektrik enerjisini Azərbaycan özü istehsal etdiyi halda enerjinin qiymətinin artırlmasına nə lüzum var idi. Bu əlavə problemlər yaradacaq”.