Oliqarx nazirin oğlu Əli Kərimliyə milyonlar ötürdü?!
Almaniyada baş tutan görüş “Milli Şura”ya nələr vəd edir?
Ötən saylarımızda qeyd etmişdik ki, “Milli Şura”nın son mitinqlərində yenə puldan istifadə olunub. Belə ki, mitinqdə iştirak edənlərin əksəriyyətinə 20 manat verilib. “Milli Şura” və AXCP rəhbərliyinin maliyyə imkansızlığından söhbət açdıqları ərəfədə, onların belə səxavət nümayiş etdirməkləri bizi də xeyli təəccübləndirdi. Baş verənlərə aydınlıq gətirmək uçün araşdırma aparmağı məqsədəuyğun hesab etdik. Etibarlı mənbələrimizdən aldığımız məlumatlar ilginc faktlar ortaya çıxardı. Aldığımız məlumatlar sırasında hələlik adını çəkmək istəmədiyimiz oliqarx nazirin oğlunun AXCP sədri Əli Kərimliyə məbləği milyonlarla ölçülən yardım etməsi də oldu. Mənbə həmin nazir oğlunun tez-tez ABŞ-a səfər etdiyini və həmin ölkədə güclü himyəçilərinin olduğunu da xüsusi olaraq vurğulayıb. Qeyd edilib ki, oliqarx nazirin oğlunun ABŞ-da təşkil etdiyi dəbdəbəli ziyafətlərə ABŞ-ın nüfuzlu rəsmiləri də qatılır. Güman edilir ki, onun AXCP sədri ilə əlaqələrinin yaranmasında Azərbaycan iqtidarına barışmaz münasibət bəsləyən bəzi ABŞ rəsmilərinin inkaredilməz rolu olub.
Mənbə həm də onu xatırladıb ki, “Milli Şura”nın rəhbəri sayılan Cəmil Həsənlinin ABŞ-da işıq üzü görən bir neçə kitabının sponsoru da həmin nazir oğlu olub. Oliqarx nazirin oğlunun son zamanlar Azərbaycanla bağlı ABŞ mətbuatında yer almış tənqidi yazılara külli miqdarda maliyyə vəsaiti ayırdığı da aldığımız məlumatlar sırasındadır.
Məlumatda qeyd edilir ki, oliqarx nazirin oğlu son zamanlar atasının fəaliyyət dairəsinin daralmasından xeyli qəzəblənib. O, atasının rəqibləri sayılan iqtidar məmurlarının “vurulması” üçün “Azadlıq” və “Cümhuriyyət” qəzetlərinə də ayrıca yardım edib. Son günlər “Azadlıq” və “Cümhuriyyət” onlayn qəzetində senssasiya doğuran –atasının rəqiblərinin nüfuzuna ciddi xələl gətirə biləcək yazıların da oliqarx nazirin oğlu tərəfindən sifariş verildiyi şübhə doğurmur.
Verilən məlumatların həqiqət olduğuna şübhə etmək olmur. ABŞ-ın bir sıra rəsmi dairələrinin Azərbaycana olan münasibəti də bəllidir. Xatırlayırsınızsa, bir zamanlar sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də tez-tez okeanın o tayına səfərlər edir və həmin ölkədə islahatçı nazir kimi təqdim edilməkdən xüsusi zövq alırdı. Kimsədə artıq şübhə doğurmayan Fərhad Əliyev –Əli Kərimli “tandemi”-nin xeyir-duası məhz bəzi ABŞ rəsmiləri tərəfindən verilmişdi. Okeanın o tayından xüsusi dəstək aldığını güman edən F.Əliyevdə özünə vurğunluq yaranmışdı ki, o, özünü yaxın zamanların prezidenti kimi təqdim etməyə çalışırdı. Həmin dövrdə, yəni 2004-05-ci illərdə F.Əliyev tərəfindən maliyyələşdirildiyi kimsədə şübhə doğurmayan “Azadlıq” və “Bizim yol” qəzetləri yalnız sabiq İqtisadi İnkişaf nazirinin iqtidarda olan əsas rəqiblərini tənqid hədəfi etmişdi.
İndi vəziyyət bir qədər fərqlidir. Sabiq İqtisadi İnkişaf naziri F.Əliyevdən fərqli olaraq adını hələlik çəkmək istəmədiyimiz oliqarx nazir övladının vasitəsi ilə ABŞ rəsmiləriylə əlaqə qurmağı daha məqbul hesab edib. Nazir oğlu yaranmış şəraitdən istifadə edərək bəzi KİV-lərdən də öz şəxsi qisasını almağa çalışır. Bu sırada “Yeni Müsavat” qəzetinin də adı çəkilir. Məlumatda o da qeyd edilib ki, həmin nazir övladının “Yeni Müsavat”la uzun müddətli çəkişmələri olub. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri arasında yaranmış gərginliyin bəzi siyasi məqamları olsa da, mənbə oliqarx nazirin oğlunun həmin gərginlikdən yararlanaraq “Yeni Müsavat”ı tamamilə sıradan çıxarmaq istədiyini bildirib.
Aldığımız məlumatda o da xüsusi olaraq vurğulanıb ki, həmin oliqarx nazirin oğlu Türkiyədən yayımlanan məşhur “Qurdlar Vadisi Pusu” serialının qəhrəmanı Polad Ələmdarla-Necati Şaşmazla isti münasibətdədir. Onun hətta həmin serialda Fövqaladə Hallar naziri Kəmaləddin Heydərova bənzər obrazın mənfi xarakterizə edilməsi üçün Şaşmaza milyonlarla vəsait ödədiyi bildirilir. Bu, həm də ona görə inandırıcıdır ki, oktyabrın sonlarında sevincək “yenidən satışda olacağıq” xəbəri yayan “Yeni Cümhuriyyət” qəzeti internet səhifəsində FHN naziri K.Heydərov və ona yaxın olan digər rəsmiləri barədə ağlasığmaz məlumatlar yaymağa start verib. Çox güman ki, oliqarx övladı “sınaq”dan yaxşı çıxan “Yeni Cümhuriyyət” qəzetinə daha böyük məbləğdə yardımlar etməyə söz verib. İş o həddə çatıb ki, adı çəkilən qəzet K.Heydərovun müavini Etibar Mirzəyevi də cəmiyyətə milyarder oliqarx kimi təqdim etməyə çalışıb. Əlbəttə, FHN nazirinə yaxınlığı söylənilən Əmək və Əhalinin Sosial Xidmət naziri Səlim Müslümovun da “Yeni Cümhuriyyət”çilər tərəfindən hədəfə alınmasını təsadüfi hesab etmək olmaz.
Fərhad Əliyevin Almaniya səfərinin gizlinləri
“Milli Şura”nın yarımçıq sədri Cəmil Həsənlinin öz həmyerlisi Fərhad Əliyevin əsas müdafiəçisi olduğunu inkar etmək olmaz. C.Həsənlinin sabiq İqtisadi İnkişaf nazirinin azadlığa çıxmasından sonra xeyli fəallaşması diqqətdən yayınmır. Sirr deyil ki, F.Əliyev müflisləşməyib və hələ də gizli milyarderlər sırasındakı yerini saxlaya bilib. Baxmayaraq ki, sabiq nazir ölkə prezidenti tərəfindən humanistlik göstərilməsi sayəsində azadlığa çıxıb, ancaq araşdırmalar təsdiq edir ki, F.Əliyev keçmiş dostlarıyla –Əli Kərimli və Qənimət Zahidlə əlaqələri bərpa edə bilib. Bu iş nə qədər məxfi aparılsa da, arxada bəzi açıqlar buraxılıb. Belə ki, F.Əliyev ilk olaraq öz mövqeyini açıqlamaq üçün yaxın adamını yenidən ABŞ-a göndərmişdi. Elə həmin şəxs ABŞ-da oraya AXCP sədrinin ezam etdiyi mətbuat katibi Natiq Adilovla münasibətlərin təzələnməsinə nail ola bilmişdi. N.Adilovun uzun müddət ABŞ-da qalmasının əsil səbəbi də məhz həmin məsələyə xidmət göstərmişdi.
Məlumatlı mənbə F.Əliyevin müalicə adı ilə səfər etdiyi Almaniyada “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşdüyünü bildirib. Həmin görüşdə sabiq nazir Q.Zahidə onu daima müdafiə etdiklərinə görə “Azadlıq” qəzetinə və həmin qəzetin ona həsr etdiyi çoxsaylı xüsusi bülletenlərə görə minnətdarlıq edib. Əvəzində sabiq nazir bundan sonra da həm “Azadlıq” qəzetinə, həm də hazırda mühacirətdə yaşayan Qənimət Zahidə böyük miqdarda yardım edəcəyinə söz verib.
Müşahidələr təsdiq edir ki, “Milli Şura” və AXCP ciddi maliyyə yardımı əldə etdikdən sonra bir xeyli fəal görünürlər. AXCP fəalları tez-tez xarici ölkələrə səfər edib, orada müxtəlif səviyyəli görüşlər keçirə bilirlər. Elə bu yaxınlarda AXCP sədrinin müavini Razi Nurullayev Türkiyəyə səfər edib, həmin ölkədə fəaliyyət göstərən siyasi partiya yetkililəri və hətta digər ölkələrin səfirləri ilə görüşlər keçirə bilib.
Maliyyə sarıdan artıq korluq çəkməyəcəyini bilən Ə.Kərimli digər müxalifət partiyalarıyla əməkdaşlıq etməkdə bir o qədər maraqlı görünmür. Əslində okeanın o tayından AXCP sədrinə verilmiş təlimat belədir, Ə.Kərimlinin artıq yeni müttəfiqləri var ki, onlardan biri yuxarıda qeyd etdiyimiz oliqarx nazirin oğludursa, digəri həbsxanadan azadlığa çıxmış keçmiş müttəfiqi F.Əliyevdir.
“Milli Şura” və AXCP F.Əliyevin hesabına elektoratlarını xeyli artıracaqlarını düşünürlər. Müalicə məqsədi ilə Berlinə səfər edib, orada Q.Zahid və digər müxalifət nümayəndələriylə görüşlər keçirən Fərhad Əliyevin qardaşı bir sıra saytlara müsahibə verib, eks nazirin böyük elektoratı olduğuna işarə vurmuşdu. Yeri gəlmişkən, F.Əliyevin qardaşının Qafqazinfo.az saytına verdiyi müsahibənin bəzi məqamlarına toxunmaq istəyirəm. Eks nazirin qardaşı qardaşlarının günahı olmadan 8 il həbsxana həyatı yaşadıqlarını söyləyib: “Mənim qardaşlarımı günahsız yerə həbsdə yatırdılar. Onların heç bir günahı yox idi. Nəhayət ki, haqq-ədalət yerini tutdu…Oğlu Yusif Böyük Britaniyada təhsil alır, F.Əliyevin həyat yoldaşı Londonda oğlunun yanındadır.”
Qeyd etdim ki, F.Əliyev müalicə məqsədilə Almaniyanın Berlin şəhərinə getmişdi. Qardaşı Rafiq də onunla birgə Berlində idi. Burada ”Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevin mövqeyini açıqlamaq yerinə düşərdi: “Qardaşı söyləyir ki, Fərhad və Rafiqin heç bir günahı olmayıb. 8 il həbsxana həyatından sonra dünya ölkələrinə səfər etməkdədilər. Övladları da dünyanın ən bahalı şəhərində, ən bahalı üniversitetlərində təhsil alırlar. Görəsən bu qədər vəsaiti günahları olmadanmı qazanmışdılar? Mən də rəhbər vəzifələrdə çalışmışam. Bu gün müalicə almaqda,Naxçıvana gedib-gəlməkdə xeyli çətinlik çəkirəm.”
Eks nazirin qardaşının verdiyi müsahibədə digər bir məqam da diqqət çəkir: “Alarlılar bizim doğmalarımızdır. Çox gözəl münasibətimiz var, öz camaatımızdır. Hər halda biz belə qəbul edirik əgər kimsə, nəsə danışırsa, bu bizim problemimiz deyil. Camaatımızla çox gözəl münasibətlərimiz var. Camaatını düşünən hər bir insan kimi biz də öz el-obamızda çox böyük hörmətə malikik. Fərhad Əliyev Alarda olduğu üç gün müddətində Cəlilabad rayonundan və cənub bölgəsinin digər rayonlarından görüşmək üçün 10 mindən artıq adam gəlmişdi. Ata ocağımızda üç gün ərzində insan sıxlığından tərpənmək olmurdu. F.Əliyev gördü ki, görüşmək üçün hədən artıq çox insan gəlir. Alarda sensasion bir vəziyyət yaranıb, ona görə də təcilli olaraq Bakıya qayıtdı. …Biz özümüz bir qurban kəsdik. Amma camaat yüzlərlə qurban gətirib kəsdi.”
Burada söhbətin nədən getdiyini təxmin etmək bir o qədər çətin deyil. Həm iqtidara, həm də müxalifətə mesaj göndərilir ki, eks nazirin on minlərlə tərəfdarı var. Onu kənarda qoymayın.
Sabiq nazir oliqarx nazirlə birləşə biləcəkmi?
Görünən odur ki, okeanın o tayında sabiq nazirlə oliqarx nazirin bir araya gəlməsində maraqlı olan anti-Azərbaycan qüvvələr var. Son zamanlar ABŞ mətbuatında Azərbaycan əleyhinə yazılan yazılar bunu söyləməyə əsas verir. Adı çəkilməyən oliqarx nazirin işləri də bir o qədər yaxşı getmədiyindən, onun xaricdən dəstək almaq istəyinin gerçəkləşmə ehtimalı böyükdür. Araşdırmalar onu da təsdiq edir ki, AXCP sədri Ə.Kərimli və “Milli Şura”nın rəhbəri sayılan C.Həsənli sabiq nazirlə oliqarx nazir arsında körpü yaratmaq üçün çabalar göstərməkdədirlər. Onlar eks nazirə və adı hələlik çəkilməyən oliqarx nazirə xidmətlərini göstərmək məqsədi ilə sabiq nazirin və oliqarxın əsas düşməni sayılan K.Heydərova qarşı xüsusi qara piar kampaniyasına başlayıblar. “Milli Şura”nın ruporu sayılan “Cümhuriyyət” qəzetində FHN naziri barədə “Kəmaləddin Heydərov gizli təşkilat yaradıb” başlıqlı yazı yer alıb ki, həmin yazının məhz oliqarx nazirin oğlu tərəfindən sifariş edildiyi qətiyyən şübhə doğurmur. Yazıda “fövqəlnazir”in yüksək vəzifəli dövlət məmurlarını dinlətdirdiyindən, oliqarxların biznesi haqda tam dosye toplamasından söhbət açılıb ki, oliqarx nazirin oğlu məhz atasının biznes dosyesinin ələ keçirildiyindən bərk narahatlıq keçirir. Əlbəttə, yazıdakı faktların doğru olmadığı, yazının sifarişlə, qisas məqsədilə yazıldığı tam aydındır. Belə olmasaydı “Cümhuriyyət” qəzeti ölkə içində bir o qədər tanınmayan K.Heydərovun müavini Etibar Mirzəyevə xüsusi olaraq “Fövqəlnazir”in çətiri altında yeni oliqarx yetişir” başlıqlı yazı həsr etməzdi.
2015-ci ildə ölkədə gərgin siyasi rəqabətin olacağı gözləniləndir. Ehtimal olunur ki, müxalifətdən iqtidara, iqtidardan isə müxalifətə dəstək verənlər də olacaq. Şübhəsiz ki, elə həmin zaman oliqarx nazirin və sabiq nazirin hansı cinahda olacağı tam aydınlaşacaq. Hər halda aldığımız məlumatlar və qeyd etdiklərimin heç biri əsassız deyil. Necə deyərlər, yaşayarıq, görərik…
Turan Türk