Qüdrət Əzizov
Diqqətdən kənar
Hər birimizin həyatda diqqətimizdən yayınan bir şeylər baş verir. İstəyərəkdən, yaxud istəməyərəkdən. Çox zaman görüb də fikirləşmədiyimiz, diqqət ayırmadığımız hadisələr də baş verir. Çox təəssüflər olsun ki, indi danışacağım məsələni nə ictimaiyyət, nə də ki bir çox jurnalistlərimiz ictimailəşdirmir və bu haqda heç bir iş görmürlər.
Söhbət əlilərdən gedir… Bəlkə də çoxumuzun diqqətini belə çəkməyib əlil arabalarında olan birilərini nə metroda, nə avtobusda, nə də ki bəzi ticarət obyektlərində. Heç fərqinə də varmırıq bunun, fikirləşmirik də bu haqda. Azərbaycanda təxmini 500000- ə yaxın əlil vardır. Yuxarıda sadaladıgım ictimai yerlərdən istifadə onlar üçün əlverişsizdir. Hər hansı bir tərəfə getmək üçün London taksilərindən istifadə edirlər ki, bu da orta hesabla desək 20-25 Azn-a başa gəlir. Çünki əlil arabalarında olanlar üçün bu taksilər əlverişlidir. Həmçinin bloklarda, lifti olmayan binalarda nə qədər əziyyət çəkirlər. Heç birimiz bilmirik sabah başımıza nə gələcək, onlara kömək etmək lazımdı, bu məsələni ictimailəşdirib həlli yollarını tapmaq lazımdır. Axı, onlar da bu ölkənin vətəndaşıdır. Onların da haqqı var bütün bunlardan istifadə etməyə.
Gözdən əlillər üçün yollarda, parklarda, istirahət mərkəzlərində, binaların qarşısında xüsusi daş örtükləri döşənməlidir. Belə olan halda gözdən əlillərimiz bu yolla rahat gəzə bilərlər.
Əlillərin üzləşdiyi əsas problem isə özlərine iş tapa bilməmələridir. Bəzilərinin işləmək bacaragı vardır, amma onlar çox təəssüf ki, əlil olduqlarına görə işlə təmin olunmurlar.
Respublika Gözdən Əlillər Cəmiyyətinin sərdi Səmiyar Abdullayevin dediyinə görə, ölkədə 30 mindən çox gözdən əlil var. Onlardan 4 min nəfərə yaxını əmək qabiliyyəti olanlardır. Dövlət müəssisələrində çalışan əlillərin sayı isə cəmi 600-700 nəfərdir. Cəmiyyətin sədri deyir ki, qanunvericiliyin müəyyən etdiyi kvotaya əsasən, əvvəllər əlilliyi olanların işə düzəlməyi ilə bağlı say nisbəti hər 25 nəfərdən bir nəfər idisə, indi hər 25 nəfərdən 4-ü əlil işçi olmalıdır. Reallıqda isə bu, öz əksini tapmır.
Əgər bu gün gözdən əlillər iş tapa bilmirlərsə, bu onlar uçun təhsil imkanlarının yaradılmamasına dayanır. Belə ki, ölkədə gözdən əlillər ucun bir internat tipli məktəb var ki, həm onun az şagird tutumu var, həm də hər bir gözdən əlil uşagı orada yerləşdirməyə hər bir ailə razılaşmır. Uşaqların təhsilinin təmin edilməsi uçun ölkəmiz Uşaq Haqları Konvensiyasında öhdəlik goturub, Əlillərin Haqları ilə bağlı Konvensiyanı imzalayıb, Prezident də institutlaşma haqda sərəncam verib, amma gəl ki, gözdən əlil uşaqlar internat tipli muəssisəyə göndərilməlidir təhsil uçun. Əgər bir insanın, xüsusilə əlilliyi olan insanın təhsil alması təmin olunmursa, təbii ki, o şəxsin əmək bazarına girməsi, bugünkü rəqabətdə, texnoloji inkisaf dövründə, çox müskül məsələyə çevrilir. Brayl əlifbası ilə demək olar ki, çoxu oxumaq imkanına malik deyil.
Halhazırda diqqətdən kənar digər bir hal isə ölkədə olan autizm xəstəliyindən əziyyət çəkən uşaqlardır. Burada onların müalicəsi çox xərc tələb etdiyindən bəzi ailələr övladlarına kömək edə bilmirlər. Lakin qardaş ölkə olan Türkiyədə bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün pulsuz müalicə kursu keçirilir. Bizdə isə əksinədir. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının ilk iki ilində əlamətləri hiss edirlər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyata müvəffəq ola bilirlər. Buna nail olmaq ücün əlimizdən gələni edək.
Unutmayaq ki, heç birimiz gələcəkdə başımıza gələcəklərdən sığortalanmamışıq. Ona görə də ölkəmizdə olan hər bir əlil insana qarşı diqqətli olaq.