Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində yeni struktur vahidi – Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.
“Vergilər.az” saytı bildirir ki, məqsəd qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə sahəsində vəziyyəti yaxşılaşdırmaq, ciddi qanun pozuntularına qarşı mübarizənin səmərəliliyini artırmaqdır.
Məlumata görə, 2016-cı ildə sahibkarlara edilən güzəştlər, yoxlamaların dayandırılması, eləcə də müxtəlif stimullaşdırıcı tədbirlər, ölkədə iqtisadi iqlimin daha da canlandırılmasına yönəldilib. Lakin bir sıra hallarda bəzi işbazlar bu imtiyazlardan sui-istifadə edərək, qanunla müəyyən olunmuş qaydalara qarşı çıxır, vergilərin gizlədilməsi üçün müxtəlif vasitələrə əl atmağa çalışırlar.
2016-cı il iyunun 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsinin 192-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, 20 min manata qədər olan vergi ödənişlərindən yayınan şəxslər cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilirlər. Həmin məbləğ, yəni cinayət nəticəsində əldə olunmuş gəlir tam həcmdə dövlət büdcəsinə köçürüldüyü halda, həmin sahibkar cinayət məsuliyyətindən azad edilir.
Qeyd olunub ki, əvvəllər iqtisadi fəaliyyət sahəsinə aid cinayət məsuliyyəti yaradan hədd 2000 manat müəyyən edilmişdi, dəyişikliklərdən sonra isə həmin məbləğ 10 dəfə artırılıb. Bu, sahibkarlar üçün, müəyyən mənada, ”iqtisadi əfv” hesab oluna bilər və dövlətin onlara yaratdığı ən yaxşı imkanlardan biridir.
Bundan başqa, hökumətin 2016-cı ildə tətbiq etdiyi digər güzəştlər də sahibkarların fəaliyyətinin stimullaşdırılmasına geniş şərait yaradıb.
Əvvəllər hansısa sahibkarlıq subyektinin dövriyyəsinin gizlədilməsinə görə yüksək cərimələr və həbs qətimkan tədbiri tətbiq olunurdusa, cari ilin ortalarından başlayaraq, onlara qarşı sərt tədbirlər xeyli yüngülləşdirilib. İlk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad olunurlar.