Ölkənin dəhşətli intihar statistikası…

0
8

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov report.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub. Ancaq intiharın səbəbləri barədə nazirlik açıqlama verməyib.

Qeyd edək ki, son bir neçə ayda ölkədə intihar sayının kəskin dərəcədə artması müşahidə olunur. Az qala hər gün bir neçə intihar, özünəqəsd hadisələri ilə bağlı xəbərlərlə rastlaşırıq. İddialara görə, kəskin şəkildə artan intiharların gerçək statistikası reallıqda daha çoxdur. Təəssüf doğuran məqamlardan biri isə son vaxtlarda yeniyetmələr arasında intihara meylin artmasıdır.

Bəs, ictimaiyyəti sarsıdan intiharların əsas səbəbləri hansılardır, maddi və sosial çətinliklər, psixoloji pozuntular, yoxsa bilmədiyimiz digər məsələlər?

Tanınmış psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı musavat.com-a danışıb. Psixoloq qeyd edib ki, əsas səbəblərdən biri yayılan informasiyalar və bundan insanların yüklənməsidir: “Əlbəttə ki, səbəblər əvvəlki səbəblər deyil. Əvvəllər intihar edən şəxslərdən kimisi uzun sürən xəstəlikdən əziyyət çəkirdi, kimisi zərərli vərdişlərdən, şübhəsiz genetik faktorlar da rol oynayırdı. Amma bu gün intiharların statistikasına baxanda görürük ki, onlrın arasında yeniyetmələr, gənclər də var, hansı ki, onların səhhətində xüsusi bir problem yoxdur, pis vərdişlərdən əziyyət çəkənlər azdır. Görürük ki, bu klassik yanaşma dəyişib. Burada başlıca faktor kimi informasiyanı önə çəkmək istəyərdim. Bizim informasiya əsrində yaşamağımız və insanların ifrat dərəcədə informasiya ilə yüklənmələri özü insanlarda müəyyən psixoloji gərginliklərin, konkret olaraq depressiv halların artmasına səbəb olur, bu da nəticədə intiharlara rəvac verir. Yeniyetmələrin intihar statistikasına baxanda görürük ki, həmin yeniyetmə normal bir ailədə böyüyüb, yəni onun ailəsinə qayğılar az olub. Ancaq yeniyetmə ola bilsin ki, özünün fərqli daxili psixoloji problemi üzündən, bəzən də ailədəki hansısa kiçik problemi özünə dərd etdiyindən, bəzən isə sosial şəbəkələrdə kimlərinsə təsirinə məruz qaldığınıdan ilk növbədə ailə, sonra isə ətraf mühit ilə münasibəti pozulur və özünü tapa bilməyən yeniyetmə yanlış olaraq intihar yolunu seçir. İntihar edən xanımların statistikasına baxaq, insan heç vaxt kefindən intihar etmir, ya ailədaxili konflikt yaşayır və ya da müəyyən dövrdə psixoloji problemləri olub və onun üzərinə düşməyiblər, nəticədə sonda xoşagəlməz hala gətirib çıxarıb. Yəni, intiharları birbaşa iqtisadi faktorla bağlamaq doğru deyil. Daha çox biz görürük ki, ifrat informasiya ilə yüklənmə, daha çox informasiya almaq, bunların hamısı insanın yüksəlməsinə və intihara gətirib çıxarır. Buna görə də informasiya təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görmək lazımdır”.

Psixoloq hər informasiyanın yayımlanmasının doğru olmadığnı vurğuladı: “Elə hadisələr var ki, doğrudan da onların üstündən müəyyən qədər sükutla keçmək lazımdır. Bəzən sosial şəbəkələrdə bilərəkdən və ya bilməyərəkdən kimlərəsə travma vururuq. Kiminsə barəsində yanlış informasiya yaymaq, ləkələməyə çalışmaq doğru deyil. Bu cür hallar insanlarda inamsızlığa, onların cəmiyyətdən uzaq düşməsinə gətirib çıxarır, sarsıdır. Bir sözlə, intiharların böyük əksəriyyəti bu cür psixoloji problemlərdən doğur”.