Mühacir aydınlarımızın “mühacirətdə” qalmasının sirri

0
2

Doç., Dr. Faiq Ələkbərov

Mühacir aydınlarımızın “mühacirətdə” qalmasının sirri

Bu gün Azərbaycanın mühacir aydınlarının (M.Ə.Rəsulzadə, Ə.Tobçubaşı, M.B.Məmmədzadə, H.Baykara, N.Şeyxzamanlı, A.İldırım, K.Odər və b.) hər birinin həyat və əsərlərini, mədəni-fəlsəfi irsini öyrənməyə daha çox ehtiyac var. Çünki onlar vaxtilə Sovet Rusiyasının müstəmləkəsi altında olan bir toplumun milli ruhunun və dünyagörüşünün yox olmaması üçün böyük ölçüdə mücadilə vermişlər. Özəlliklə, yeni dövrdə Azərbaycanın müstəqillik tarixinin fəlsəfəsini yazanların əməyi bu sahədə çox əhəmiyyətlidir. Əgər bir toplumun milli tarix, milli ədəbiyyat və milli fəlsəfə anlayışı yoxdursa, onun milli varlığı da təhlükə altındadır. Bu anlamda mühacir aydınlarımızın böyük bir qismi Azərbaycan Türk ədəbiyyatı, Azərbaycan Türk tarixi, Azərbaycan Türk fəlsəfəsi və mədəniyyəti formalaşdırmaq, daha doğrusu işğalçıların məhv etmək istədiyi bu dəyərləri qorumaq üçün vətəndən kənarda yaşamağa məcbur olduqları ölkələrdə milli-mədəni savaş aparmışlar.
Fikrimizcə, bu sahədə mücadilə və mübarizə aparanlar arasında mühacir Azərbaycan Türk aydınlarından Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər, Əhməd Qaraca, Əhməd Cəfəroğlu, Ceyhun Hacıbəyli çox fərqlənmişlər. Özəlliklə, adlarını öndə çəkdiyimiz üç aydınımız – M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və H.Baykara Azərbaycan milli fəlsəfi-tarixi fikrin formalaşmasında mühüm rol oynamışlar. Bu da təsadüfi deyildir. Çünki həmin aydınılarımız yaradıcılıqlarında Azərbaycanın ədəbiyyatını, tarixini, mədəniyyətini və fəlsəfi irsini daha çox tədqiq eyməklə yanaşı, onun fəlsəfi mahiyyətini də göstərməyə çalışmışlar.
Məsələn, M.Ə.Rəsulzadə mühacirət dövründə yazdığı, “Azərbaycan Cümhuriyyəti”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdağ Azərbaycan tarixi”, “Qafqaz türkləri”, “Milli təsanüd”, “Milli əxlaq”, “İstiqlal və gənclik məfkurəsi”, “Azərbaycan şairi Nizami” və başqa əsərləri ilə çağdaş Azərbaycan mədəniyyətinin və fəlsəfəsinin formalaşmasında əsas rol oynamışdır. Bizcə, Rəsulzadə bu əsərləri ilə yalnız dövrünün mədəniyyət və fəlsəfi məsələlərində parlaq bir sima olmamış, həm də bu günümüzün və gələcəyimizin konturlarını da cızımışdır. Rəsulzadənin bu sahədə başldığı işlərin mühacirətdə ən layiqli davamçıları isə M.B.Məmmədzadə, H.Baykara, müəyyən qədər isə Əhməd Cəfəroğlu və Ə.Ağaoğlu olmuşdur.

M.B.Məmmədzadənin Azərbaycan mədəniyyətinin və fəlsəfəsinin inkişafı yolunda qələmə aldığı onlarla yazıları ilə yanaşı, diqqətimizi çəkən əsas əsəri “Azərbaycan milli hərəkatı”dır. O, bu əsərində çağdaş Azərbaycanın necə yaranması və inkişafı ilə yanaşı, mədəniyyət və fəlsəfə məsələlərinə də böyük yer vermişdir. Hər halda o, Azərbaycan mədəniyyətinin və fəlsəfəsinin inkişaf yollarını Rəsulzadənin müəyyənləşdirdiyi əsaslarla davam etdirmişdir.
M.Ə.Rəsulzadə və M.B.Məmmədzadənin Azərbaycan mədəniyyətinin, Azərbaycan fəlsəfəsinin formalaşaması və inkişafı yolunda başladığı işləri mükəmməl şəkildə davam etdirən isə Hüseyn Baykara (1904-1984) olmuşdur. Baykara sələflərinin yolu ilə davam edərək 19-cu və 20-ci əsrlər Azərbaycan mədəniyyətini və fəlsəfəsini daha dərindən və sistemli şəkildə tədqiq etməyə çalışmışdır. Onun burada əsas məqsədi təxminən iki əsr ərzində Azərbaycan mədəniyyəti və fəlsəfəsində baş verənləri analiz etmək və ictimaiyyətə çatdırmaq idi. Baykara hesab edirdi ki, Azərbaycanın milli istiqlalının təsadüfi olması fikrini aradan qaldırmaq üçün onun mədəniyyətini və fəlsəfi irsini öyrənmək lazımdır. Yəni, milli istiqlalın təsadüfdən ortaya çıxmadığını, sadəcə itirilmiş bağımsızlığın yenidən qazanıldığını ortaya qoymaq gərəkdir.
Bizcə, Azərbaycan mədəniyyətinin və fəlsəfəsinin öyrənilməsi, eyni zamanda onun formalaşması, inkişafına verdiyi əməklərinə baxmayaraq Baykara müstəqil Azərbaycan elmində yetərincə öyrənilməmişdir. Çox yazıqlar olsun ki, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və Ə.Hüseyinzadə istisna olmaqla digər mühaci¬r¬lərimizin irsinin aşkara çıxarılması sahəsində hələ də problemlər vardır. Bəziləri hesab edirlər ki, bu cür problemin yaranmasına əsas səbəb adını çəkdiklərimiz aydınlarımızıın, özəlliklə Rəsulzadənin həddən artıq ideallaşdırılması ilə bağlıdır. Bizcə, bu cür iddia tamamilə mənasız və yersizdir. Çünki Rəsulzadənin, Ağaoğlunun və yaxud Hüseynzadənin Azərbaycan elmində daha çox tədqiqat obyekti olması onların şəxsiyyətlərinin ideallaşdırılması deyil, Azərbaycan toplumuna, onun mədəniyyətinə və fəlsəfəsinə verdiyi töhfələrələ baglıdır. Başqa sözlə desək, həmin aydınlarımıza daha çox müraciət olunmasına milli zərurət və istək vardır. Amma bu o demək deyildir ki, yalnız həmin aydınlarımızı öyrənib digərlərinə biganə qalmalıyıq.

Əgər bu sahədə problemlər varsa, bu yalnız kimlərinsə ideallaşdırılması və əvəzində başqalarının kölgədə qalması ilə bağlı deyildir. Burada başlıca problem Azərbaycan elmində mühacirət aydınlarımızın irsinin öyrənilməsinə ciddi önəm verilməməsidir. Yəni mühacirət aydınlarımızın bütünün həyat və əsərləri, mədəni irsi ilə bağlı bir elmi layihə və ya proqram yoxdur. Bu olmadığı üçün də yalnız fərdi elmi istəklərər uyğun olaraq da mühacirət aydınlarımızın irsi araşdırıılır. Şübhəsiz, bu isə yetərli deyildir.
Çox yazıqlar olsun ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan elmində mühacirət aydınlarımızın mədəni irsinin araşdırılmasına kifayət qədər səy göstərilmir. Hazırda cəmiyyətdə daha çox tənqid olunan, dövlət səviyyəsində əsərləri ən az çap olunan da mühacir milli aydınlarımızdır. Məsələn, dövlət səviyyəsində milli aydınlarımızdan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Almas Yıldırım, Əmin Abid Gültəkin və başqalarının cəmi bir cildlik «Seçilmiş əsərləri» işıq üzü görmüşdür. Halbuki Ə.Hüseynzadənin, xüsusilə Ə.Ağaoğlunun bütün külliyyatının nəşrinə böyük ehtiyac vardır. M.B.Məmmədzadə, Hüseyn Baykaranın əsərlərinin külliyyatı hələ də nəşr olunmamışdır. Ən çox diqqət çəkən isə odur ki, milli ideoloqumuz, Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dövlət səviyyəsində heç bir cildlik olsun belə «Seçilmiş əsərələri» də işıq üzü görməmişdir.
Yalnız Məhəmməd Əmin Rə¬sul¬zadə¬nin 130 illik yubileyinin keçirilməsi haqqında Azər¬bay¬can Respbulikasının Prezidenti İlham Əliyev sərəncam (2013, 22 noyabr) imzaladıqdan sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin idarəediciləri milli ideoloqun əsərlərinin nəşr ediləcəyini bildirdilər. Halbuki bunun üçün dövlət başçısının sərəncamını gözləməyə ehtiyac yox idi. Belə ki, prezidentin bu sahəyə uyğun başqa sərəncamlarını əldə əsas tutaraq digər aydınlarımız kimi Rəsulzadənin də əsərlərini nəşr etmək mümkün idi.
Hər halda prezidentin uygun sərəncamları əsasında SSRİ dövründə kiril əlifbası ilə əsərələri çap olunmuş Azərbaycan mütəfəkkirlərinin kitabları dövlət səviyyəsində latın qrafikası ilə yenidən nəşr olunmuşudur. Əlbəttə, biz onun əleyhinə deyilik ki, niyə M.Rahim, C.Cabbarlı, S.Rüstəm, R.Rza, S.Vurğun, C.Məmmədquluzadə, S.Rəhman, H.Cavid və başqalarının əsərlərinin tam külliyyatı yenidən – latın qrafikası ilə Azərbaycan oxucusuna çatdırılır. Sadəcə, bütün bunlarla yanaşı SSRİ dövründə əsərlərinə tamamilə yasaq qoyulmuş Rəsulzadələrin, Ağaoğluların, Baykaraların, Qaracaların, Məmmədzadələrin, Gültəkinlərin və başqalarının da bütün külliyyatının dövlət səviyyəsində nəşrini görmək istəyirik. Fikrimizcə, onların əsərləri Azərbaycan cəmiyyətində geniş yaylması həm də ona görə lazımdır ki, istər elmi ictimaiyyət, istərsə də kütlə arasında həmin mühacir mütəfəkkirlərimizin irəli sürdükləri milli ideyalar haqqında dolğun bilik formalaşsın.
Unutmaq olmaz ki, Rəsulzadələr, Baykaralar, Məmmədzadələr, Ceyhun Hacıbəylilər, Almas Yıldırımlar, Əmin Abid Gültəkinlər kimi onlarla milli aydınlarımız yalnız ruhən deyil, həm də cismən Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış, bu yolda şəhid olmuşlar. Onların irsi SSRİ dövründə Azərbaycan cəmiyyətindən gizlədildiyi halda, bu gün isə natamam şəkildə topluma çatdırıl¬maqdadır.

LEAVE A REPLY