İlham Əliyev:”BMT TŞ-nin qətnamələrinin icrası üçün mexanizm hazırlamaq lazımdır”

0
4

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və Azərtac-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər boyunca qarşılaşdığı problemlərdən biri tarixi və qanuni ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Azərbaycan Prezidenti deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, “Qarabağ” sözü isə Azərbaycan mənşəlidir: “Bundan başqa, təkcə sovet dövründə Azərbaycanın muxtar vilayəti olmuş Dağlıq Qarabağ deyil, ölkənin digər yeddi rayonu da Ermənistan işğalı altındadır. İşğal 20 ildən artıqdır ki, davam edir və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi erməni işğalı altındadır”.

Prezident bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı düzgün qərarlar və qətnamələr qəbul edib: “O cümlədən BMT Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr icra olunmur. Ermənistan bu qətnamələrə və beynəlxalq ictimaiyyətin qərarlarına sadəcə əhəmiyyət vermir. Çox ciddi müzakirələr aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır”.

Dövlət başçısı əlavə edib ki, siyasi nöqteyi-nəzərdən qətnamələrin icra olunması üçün vahid metodlar olmalıdır: “Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə gün ərzində icra olunur, bizimlə bağlı isə 20 ildən çox vaxt keçib. Bu qəbuledilməzdir, bu, Azərbaycana münasibətdə ikili standartların təzahürüdür. Biz bu işğala son qoymalıyıq”.

İlham Əliyev qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar hələ də kağız üzərində qalmış analoji qərar və qətnamələr qəbul ediblər:“Bizim bütün tarixi abidələrimiz, məscidlər, qəbirlər ermənilər tərəfindən dağıdılıb. ATƏT işğal olunmuş ərazilərə iki dəfə missiya göndərərək bu faktları üzə çıxarıb. ATƏT-in hesabatları da bunu təsdiq edir. Lakin Bakıda dövlət mühafizəsi altında olan və bərpa olunmuş erməni kilsəsini ziyarət etmək olar. İşğal olunmuş Dağlıq Qarabağda və digər rayonlarda isə bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb”.

Dövlətimizin başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır və bu nizamlanma Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına əsaslanmalıdır: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi böyük dəyərə malikdir. Biz həmişə eşidirik ki, postsovet məkanındakı münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu həm də Azərbaycana qarşı tətbiq olunmalıdır”.

Azərbaycan Prezidenti təəssüflə bildirib ki, müasir dünyaya beynəlxalq hüquq dəfələrlə pozulur və təcavüzkarı təcavüzü dayandırmağa məcbur edən heç bir siyasi mexanizm mövcud deyil(trend).