Rauf Arifoğlu Rusiya yolunda…

0
9

Rauf Arifoğlu Rusiya yolunda…

İstanbulda keçirilmiş tədbir hansı məqsədlərə xidmət edir?

Bu yaxınlarda professor İlham Rəhimovun türk dilinə tərcümə edilmiş iki kitabının təqdimatı İstanbul şəhərində keçirilib. Kitabların təqdimatı İstanbulda keçirilən Türk-Rus hüquq forumu günlərinə təsadüf edib. Avrasiya Təşəbbüs və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən forumun əsas mövzusu həm də azərbaycanlı hüquq professoru İlham Rəhimovun türk dilinə tərcümə edilmiş iki kitabının prezentasiyası hesab edilib. İ.Rəhimovun kitabları “Suç və cəza”, “Suç və cəza fəlsəfəsi” adlandırılıb.
Düzdür, tədbir öncə Türk-Rus hüquq forumu kimi qəbul edilsə də, açılışda söz alan İ.Rəhimov təklif edib ki, forumun adına Azərbaycanın da adı əlavə olunsun. Daha sonra Türkiyə və Rusiyanın hüquq sistemi və bu sahədəki münasibətlərə toxunulub. Müzakirələr isə əsasən İ.Rəhimovun kitabları üzərində qurulub.
Bu barədə mətbuata açıqlama verən “Yeni Müsavat” qəzetinin baş redkatoru Rauf Arifoğlu özünün forumda müşahidəçi qismində iştirakını bəyan etsə də, araşdırmamız onu təsdiq edir ki, “Yeni Müsavat”ın baş yazarı tədbirə İ.Rəhimovun xüsusi dəvəti ilə dost qismində qatılıb. R.Arifoğlu ilə birgə həmin tədbirə tanınmış vəkil Aslan İsmayılovun da qatılması çoxlarını təəccübləndirib.
Forumda Avrasiya Təşəbbüs və İşbirliyi Dərnəyinin rəhbəri Toğrul Vəlinin çıxış edib, Rusiya ilə Türkiyənin yaxınlaşması təklifləri etməsi bir çox qaranlıq mətləblərdən xəbər verir. O, çıxışında qeyd edib ki, bu dəyərli əsərlərin müəllifi İlham Rəhimov Avrasiya zonasında tanınan bir bilim adamıdır: “Bu kitablar Türkiyə üçün çox lazımlı zamana rast gəldi. Türkiyədəki yeni qanunları, hüquq sistemindəki dəyişikliklərlə bir arada ərsəyə gətirdik. Bu bir yaxşı təsadüfdür. Türkiyədə bu sahədəki əsərlərin hamısı Qərb bilim adamlarına aiddir. İlk dəfədir ki, fərqli bir baxış açısından-fərqli prizmadan ortaya əsər qoyulur. Bu əsərlərin hüquq dünyamıza faydalı olacağına əminəm…”
Daha sonra sevincini gizlədə bilməyən T.Vəli Rusiya və Türkiyə arasındakı əlaqələrin statistikasına toxunub: “Hər il Türkiyəyə Rusiyadan 3 mln 700 min turist gəlir. Son on ildə 200 min rus-türk ailəsi qurulub. Ən böyük yatırım Türkiyəyə Rusiya tərəfindən qoyulub. Belə bir məqamda hüquqi sistemlərin yaxınlaşması da ciddi bir əməkdaşlıq sahəsi yarada bilər.”
Rusiya tərəfin İstanbulda keçirilən foruma böyük önəm verməsi tədbirə qatılanların sırasında Rusiya Dövlət Duması Hüquq komissiyasının rəhbəri Vladimir Peleginin, senator Leonid Slutskiyin olmalarından açıq-aşkar hiss olunur.
Ümumiyyətlə, tədbirin keçirilməsinə elə bir iradımız yoxdur və ola da bilməz. Bu tədbir azərbaycanlı milyarder, Rusiya prezidenti V.Putinin yaxın dostu kimi tanınmış professor İ.Rəhimovun təşəbbüsü ilə keçirilib desək, yanılmarıq. Adamın milyonu, milyardı var, istər Rusiyada, istər Türkiyədə, istəsə də ABŞ-da tədbir keçirə bilər. Bu baxımdan cənab İ.Rəhimovu mühakimə etmək fikrindən çox uzağıq. Ancaq konkret olaraq bir fikrin üstündə dayanıram ki, Putinin dostu sayılan İ.Rəhimovun vətəni Azərbaycana bir qəpiklik xeyri olmayıb və qətiyyətlə söyləyə bilərəm, bundan sonra da olmayacaq. Bunu “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlu da bilməmiş deyil. Bəs, onda nə üçün zaman-zaman İ.Rəhimovun “Yeni Müsavat”da təqdimatına palaz-palaz səhifələr ayrılmasına imkan verir? Axı, cənab R.Arifoğlu özünü cəmiyyətə daima Türk millətçisi kimi təqdim etməyə çalışıb. Bu azmış kimi mənsub olduğu təşkilat-Müsavat partiyası Avropa Liberal İttifaqına qoşulub. Müsavatın Avropa Birliyi ilə assosiasiya sazişinin qatı tərəfdarı kimi çıxış etdiyini də bilməyən yoxdur. Maraqlıdır, elə deyilmi?!
Bax,elə burada bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək mümkün olur. Müsavatın Moskvadan idarə olunduğu şübhə doğurmayan “Milli Şura”ya böyük ümidlə qoşulub, sonradan qəflətən çəkilməsi demə pərdələnmək mahiyyəti daşıyırmış. Belə görünür ki, Müsavat partiyası yenə üzü Şimala dayanıb. Bu dəfə flaqman rolunu Rüstəm İbrahimbəyov deyil, İ.Rəhimov oynayır. Təəssüf ki, Azərbaycandan kənarda yaşayan digər milyarderlərimiz kimi İ.Rəhimovun da bütün çabaları Azərbaycana deyil, sığındıqları ölkələrin mənafeyinə xidmət göstərir. Görünən digər bir məqam isə Azərbaycanda İ.Rəhimovdan yararlana biləcək bir neçə şəxsin olmasıdır. Təəssüf ki, həmin sırada “Yeni Müsavat”ın baş yazarının da adı çəkilir. Əlbəttə, R.Arifoğlunun Avrasiya ittifaqının təbliğ edildiyi tədbirə qatılması, bu azmış kimi həmin forum barədə ağızdolusu söhbət açması onu barəsində deyilənlərin həqiqət olduğunu söyləməyə əsas verir.

“AzPolitika “staboy vsyo yasno…” dedi.

“AzPolitika” onlayn qəzetində “İlham Rəhimov üçün “Cinayət və Cəzanın fəlsəfəsi”-inhisardan əldə olunun milyardlar” başlıqlı araşdırma yazıda maraqlı məqamlara toxunulub. Mövqeyimizin üst-üstə düşdüyünü nəzərə alıb, həmin yazıdakı bəzi məqamlara bir daha diqqət yetirməyi lazım bildik: “AMEA-dan tutmuş, BDU-nun hüquq fakültəsinə qədər, əksər “bərkgedən” alim və müəllimlər bu tədbirdə İ.Rəhimovun yeni kitabını geninə-boluna tərif ediblər. Yenə sağolsunlar! Amma bu adamları bir qabağına qoyub soruşan yoxdur ki, axı bu hüquq professoru kimdir, necə bu mövqeyə çatıb, kimə və nəyə xidmət edib və edir? Adamın savadını və dünyagörüşünü qoyaq bir kənara.
Bu mühakimə və mübahisə mövzusu deyil. Ancaq bir şey mübahisəsizdir ki, insanın iki göstəricisi-istedadı və şəxsi keyfiyyətləri bir-birini tamamlayanda o mükəmməl olur. Ancaq təəssüf ki, Azərbaycan əsilli iş adamlarının əksəriyyəti məhz bundan əvvəlki cümlədə qeyd etdiyimiz ikinci göstərici baxımından kasıbdırlar…
Ümumiyyətlə, azərbaycanlı sayılan milyonçu və milyarderlərin bu məmləkətə xeyri nədir? Olsa-olsa Bakıda ən bahalı avtomobillərdə şütümək, özünü görməmişcəsinə aparmaq, sırf iqtisadi xeyrinə gəldikdə isə həmin bahalı və çox benzin yeyən masınlarına benzin alıb tökmək…
İnanın ki, Azərbaycan üçün Rusiyada kartof-soğan satıb, Vətəndəki bütöv bir nəsli dolandıran həmvətənimiz daha dəyərlidir, nəinki qazancının nə mənbəyi, nə də xərclədiyi yer bilinməyən milyonçu və milyarderlərimiz! Burda “miz” şəkilçisi bəlkə də artıqdır, çünki bunların kimə və nəyə xidmət etdiyi qazanclarının mənbəyi kimi qaranlıqdır! Qazancdan söz düşmüşkən, keçək qazanclara…

Azərbaycandan nə alır və Azərbaycana nə verir?

Bəzi mətbu orqanlarında bildirilir ki, İlham Rəhimov Rusiyada əslən Qubadan olan yəhudi əsilli milyonçularla-Yakov Yakubov, Zarah İliyev, Qod Nişanov və digərləri ilə ortaqmış. Putinin hansısa bizneslərini idarə edir, guya. Tutaq ki, belədir. Noolsun? Onlarla bunun fərqi nədədir ki? Pişikdən soruşurlar ki, atan yaxşıdır, ya anan? Cavab verir ki, miyo-miyo! Yəni fərqi yoxdur. İndi bizim üçün də hansısa İliyevlə Rəhimovun fərqi varmı? Yox! Çünki eyni məqsədə-varlanmağa xidmət edirlər! Ancaq sağolsunlar İliyevlər ki, Azərbaycanla işləri yoxdur. Bəs Rəhimov…?”
AzPolitika həm də İ.Rəhimovun biznes fəaliyyətinə toxunub. Qeyd edilib ki, “Mobitel”, “İnteqral”, “Kaspian” və digər şirkətlərin daxil olduğu “United Telekom” şirkəti birbaşa İlham Rəhimov cənablarının “krişalığı” altında fəaliyyət göstərir. Şirkət ölkəmizdə sözün əsil mənasında, heç bir mübahisəsiz inhisarçıdır. Bu, elə bir faktdır ki, necə deyərlər, o yanı-bu yanı yoxdur. Faktiki olaraq, ümumilikdə mobil telefon biznesi inhisarçılığı bu adama verilib. Onu idarə edən isə doğmaca kürəkəni Araz Mehdiyevdir. Bu biznesdə dövriyyədə olan real məbləği təsəvvür edirsinizmi? Əlbəttə ki, həmin məbləği rəsmi gömrük və vergi sənədlərində görə bilməzsiniz. Ancaq bilin ki, söhbət 100 milyonlarla, bəlkə də milyard dollardan gedir! Kobud hesablaşma aparaq. Azərbaycanda abunəçi sayı 10 milyon nəfərə yaxındır və hərənin də orta hesabla 100 dollarlıq (hansı ki, bahalı telefon işlədənlər olduqca çoxdur) telefon daşıdığını, onların da orta hesabla ildə bir dəfə (hətta daha çox) telefon dəyişdiyini, yəni alıb-satdığını nəzərə alsaq, mobil telefon bazarındakı illik dövriyyənin 1 milyard dolları çox-çox keçirdiyini görərik. Bu dövriyyəyə görə vergilər isə yenə kobud hesablamalara görə, 200 milyondan artıq olmalıdır. Ancaq sizi əmin edirik ki, vergi orqanlarına müraciət etsəniz, birincisi bu barədə məlumat ala bilməzsiniz, alsanız belə, bunun gülməli dərəcədə kiçik göstərildiyini görəcəksiniz. Deməli, kürəkən Araz Mehdiyevə peşkəş edilmiş təkcə bu biznes sahəsindən cənab Rəhimov və ətrafındakılar 100 milyonlarIa gəlir əldə edir. (Bəzi məlumatlara görə, Azərbaycandakı bu biznes-monopoliya əslində Vladimir Putinindir). Bəli, özü də pul Azərbaycandan, sizin və bizim cibimizdən çıxarılır! Telefonlar da ki, dünya bazarı ilə müqayisə od qiymətinə! Yaxşı, neyniyirik biz belə alimləri, milyonçuları, milyarderləri? Bunlar Rusiyadan qazanıb Azərbaycana gətirir, yoxsa Azərbaycandan qazanıb Rusiyaya aparır?

Müxalif sayılan mətbuat onu niyə sevir?

AzPolitika həm də bəzi KİV-lərin İlham Rəhimova olan sevgisindən də söhbət açıb. Çox güman ki, əsasən İstanbulda keçirilmiş foruma qatılmış KİV nümayəndələrinə işarə vurulub: “Digər biabırçı məqam odur ki, özünü müxalif və azad mətbuatın lokomotivi sayılan qəzet və saytlar da gah “Milyarderlər İttifaqı” ilə əlaqələndirilən, gah Putinin Azərbaycandakı önəmli fiquru sayılan bu adamı göylərə qaldırır, palaz-palaz müsahibələrini dərc edir, şərhlər verir və s. Niyə, maraq nədir? Maraqlı və gülməli məqamlardan biri də odur ki, yuxarıda qeyd etdiyimiz yeyib-içməli kitab təqdimatından reportaj hazırlayan müxalif sayılan qəzetlərdən birinin təmsilçisi bir müddət əvvəl öz evinin qarşısında vəhşicəsinə döyülmüş, hadisənin görüntüləri ortada olsa da, bu fakt mediadakı səs-küydən başqa heç nə ilə bitməmişdir. Yəni cinayət ortadadır, cəza isə yoxdur! Görünür “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabın təqdimatından məhz həmin jurnalisti reportaj hazırlamağa göndərməyin də öz dərin fəlsəfi tərəfləri var…”

Aslan İsmayılov Rusiya qanunlarını öyrənmək istəyir?

“Milli Şura”nın tədbirlərində pafoslu çıxışlarıyla yadda qalan vəkil Aslan İsmayılovun da İstabuldakı tədbirə qatılması gözlənilməz olub. Belə ki, A.İsmayılov İ.Rəhimovla heç də yaxşı münasibətdə olmayan sabiq baş prokuror, sabiq Ədliyyə naziri və hazırda millət vəkili olan Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxını kimi tanınır. Düşünürəm ki, A.İsmayılov Rusiya qanunlarının normal cəmiyyətlər üçün yararlı olmadığından kifayət qədər məlumatlıdır.
Ümumiyyətlə, Rusiyanın heç bir beynəlxalq qanunlara, normalara məhəl qoymayıb Ukraynanın və eləcə də digər qonşu ölkələrin daxili işlərinə kobud müdaxilə etdiyi bir zamanda İ.Rəhimovun İstanbulda Rusiya qanunvericiliyini təbliğ edən kitablarının təqdimatını keçirməsi normalda müsbət qəbul edilə bilməz. Özlərini millət fədailəri kimi cəmiyyətə sırımaq istəyənlərin isə həmin tədbirə qatılmalarına ad tapmaq isə xeyli çətindir. Hələ üstəlik də həmin tədbiri qəzetində təbliğ edərək İlham Rəhimovu göylərə qaldırmağın heç yeri yoxdu. Onsuzdakı İ.Rəhimov Azərbaycanda kifayət qədər “məşhur”laşıb. Onu daha çox gah şou-biznesin tanınmış nümayəndəsi ilə qeyri-rəsmi nigahı, gah da millət vəkili xanımla izdivac qurub, çox az müddətdən sonra həmin izdivacı qırmasıyla tanıyıblar. O ki, qaldı İ.Rəhimovun Rusiya prezidenti V.Putinlə dostluq münasibətlərinə, həmin münasibətlərdən Azərbaycan xalqı zərrə qədər də olsun xeyir götürməyib. Əksinə, zaman-zaman “Yeni Müsavat” qəzetinə geniş müsahibələr vermiş İ.Rəhimov daha çox V.Putinin və Rusiyanın təbliğinə xidmət göstərib.
Maraqlı digər bir məqam da var, o da R.Arifoğlunun İstanbuldakı tədbirə dostu sayılan MHP-li millət vəkili Atilla Kayanı qatmasıdır. Görünən odur ki, “Yeni Müsavat”ın baş yazarı Azərbaycandakı millətçi kəsimi çaş-baş saldığı kimi, Türkiyədəki millətçilərin də üzünü Şimala çevirmək arzusundadır. Yoxsa, A.Kayanın Rusiyanı və bu gün bütün dünyanın arxa çevirdiyi V.Putini təbliğ edən İ.Rəhimovun tədbirində nə işi vardı? Burada AzPolitikanın təbirincə bir münasibət bildirmək istəyərdim: ”Staboy vsyo yasno…”

Turan Türk

LEAVE A REPLY