Hökumət yarmarkalarla bağlı dəyişiklik etdi –Yeni qaydalar

0
5
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Fins.az xəbər verir ki, yaşıl marketlər əlavə olaraq anbar, laboratoriya, avtopark kimi infrastruktura və sertifikatlaşdırılmış ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi bölmələrə malik olmalıdır.

Yarmarkalar necə təşkil ediləcək?

Adıçəkilən sənədə yarmarkalarla bağlı ayrışa bəndlər əlavə edilib. Yeni qaydalara görə, yarmarkaları yerli icra hakimiyyəti orqanları xüsusi proqram-tədbirlər planı əsasında təşkil edəcək. Planda yarmarkanın keçiriləcəyi ərazinin və tarixin seçilməsi, satış yerlərinin sxeminin hazırlanması, ticarətin təşkili ilə bağlı xidmətlərin göstərilməsi -ərazinin təmizlənməsi, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və digər müddəalar nəzərdə tutulur. Yerli icra hakimiyyətləri yarmarka ilə bağlı tədbirlər planını yarmarkanın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl təsdiq etməlidirlər.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları hər həftənin şənbə və bazar günləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçiriləcək.

Biznes sahiblərinə üstünlük veriləcək

Qaydalara əsasən, İcra Hakimiyyətləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan özəl biznes strukturlarını yarmarkaların təşkilinə və keçirilməsinə geniş cəlb etməlidirlər. Mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs yarmarkanın təşkil edilməsi və keçirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı daxil olan müraciətə baxaraq, 5 iş günü müddətində müvafiq qərar qəbul etməlidir.

Eyni zamanda yarmarkanı təşkil etmək istəyən şəxslər tədbirlər planının hazırlanmasında birbaşa iştirak edirlər. Yarmarkanın dislokasiyasını, iş rejimini, satılacaq məhsulların növünü və satış yerlərini birgə müəyyən etməlidirlər. Eyni zamanda kütləvi informasiya vasitələrində və internet saytlarında yarmarkanın keçirilməsi barədə əvvəlcədən məlumat verməlidirlər.

Onlar yarmarkaya qoşulan satıcıları satış yerləri, ölçmə vasitələri ilə təmin etməli və yarmarkanın keçirilməsi ilə əlaqədar digər xidmətləri -ərazinin təmizlənməsi, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və s. təşkil etməlidirlər.

Yarmarkanın təşkilatçısı ərazidə nəzarət ölçmə vasitələrinin quraşdırılması və satılan məhsulların qiymətləri ilə bağlı məlumat lövhələrinin qoyulmasını təmin etməlidir.

Satıçılardan pul almayacaqlar

Qaydalara görə, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmur. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.

Yarmarkanın keçirilməsi üçün müraciət edən hüquqi şəxs və ya fiziki şəxslər isə tələb olunan xərcləri yarmarkanın təşkilatçısı ilə razılaşdırmaqla öz vəsaitləri hesabına maliyyələşdirəcəklər.

Bu yerlərdə yarmarka keçirmək olmaz

Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.

Yarmarkada satılacaq məhsulların yerləri satış yerlərinin sxeminə uyğun olaraq nömrələnməlidir. Satış yerlərinin sxemi və onların sayı barədə məlumatlar yarmarkada hamının aydın görə biləcəyi yerdə asılan məlumat lövhəsində əks olunmalıdır. Bundan başqa, yerli icra hakimiyyətlərinin keçirdiyi yarmarkaların reyestri hazırlanacaq və mütəmadi olaraq yenilənəcək.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər.