“Freedom House” beynəlxalq insan haqları təşkilatının internetdə azadlıqla bağlı builki hesabatını açıqlayıb.
Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, qurum internet istifadəçilərinin 88%-ni əhatə edən 65 ölkəyə qiymət verib. 100 ballıq qiymətləndirmədə Azərbaycan 57 balla «qismən azad» ölkələrin siyahısına düşüb. Keçən il Azərbaycanın qiyməti nisbətən yaxşı idi – 56 bal almışdı. Digər Qafqaz ölkələri – Gürcüstan (25 bal) və Ermənistan (30 bal) interneti azad olan ölkələrin sırasındadırlar. Azərbaycanın o biri qonşuları – Türkiyə (61 bal), Rusiya (65 bal) və İran (87 bal) interneti azad olmayan ölkələrdir.
«Freedom House» indi internet istifadəçilərinin 2/3-nin, yəni dünya istifadəçilərinin 67%-nin interneti senzuraya məruz qalan ölkələrdə yaşadığını bildirir. 24 ölkədə hökumət sosial media və rabitə xidmətlərinə girişə məhdudiyyət qoyub, keçən il belə ölkələrin sayı 15 idi. Təşkilatın araşdırması üzə çıxarıb ki, indi dünyanın daha çox ölkəsində sosial media və kommunikasiya tətbiqetmələrinə (applikasiyalarına) hücumlar həmişəkiylə müqayisədə xeyli artıb.
«Facebook» və «Twitter» kimi sosial platformaların əvvəlki illərdə də senzurayla üzləşdiyi bəlli idi. İndi isə «WhatsApp» və «Telegram» kimi tətbiqetmələr də hökumətlərin hədəfinə tuş gəlir.
BİLGİLƏRİ ŞİFRƏLƏYƏNLƏR DƏ TƏZYİQLƏ ÜZLƏŞİR
Bəzi xidmətlər şəxsi bilgiləri şifrələmə imkanlarına görə təzyiqlə üzləşirlər. Şəxsi məlumatlara girişi olmayan hökumətlər bu bilgiləri zorla əldə etməkdən ötrü getdikcə daha çox məhdudiyyətlərə əl atır, hətta qanunlara dəyişikliklər edirlər. Məsələn, Çində hökumət «Telegram»ın hüquq müdafiəçiləri arasında populyar olduğunu biləndən sonra bu xidməti bloklayıb.
«Freedom House» 14 ölkədə şəxsi bilgilərin təhlükəsizliyinə və söz azadlığına mənfi təsir göstərəcək siyasət həyata keçirildiyini, xüsusi qanunlar qəbul edildiyini yazır.