İqbal Ağazadə bu zamana qədər nə üçün susurmuş?

0
7

İqbal Ağazadə bu zamana qədər nə üçün susurmuş?

Millət vəkilindən ağacların soyqırımına etiraz, yoxsa qisas hissindən doğan canfəşanlıq?

Noyabr ayının 1-də Xətai rayonu İnqilab İsmayılov küçəsində ağac soyqırımına qarşı çıxdıqları barədə məlumat yayılmışdı. Hamı kimi biz də sevindik. Düşündük ki, nəhayət şəhərimizdə yaşıllıqların məhv edilməsinin qarşısı alındı.
Millət vəkili İ.Ağazadənin xüsusi canfəşanlıq sərgiləməsi də diqqətimizdən yayınmadı. Axı, bu hadisəyə qədər də dəfələrlə yaşıl ərazilərin soyqırımına imza atılmışdı. Elə ərazilərdə ağaclar kəsilmişdi ki, millət vəkilinin həmin hadisədən xəbərsiz olması inandırıcı görünməmişdi. Bu dəfə isə İ.Ağazadə sözün əsil mənasında “partizan” kimi görünməyə çalışırdı. Gecədən səhərə qədər sakinlərlə bir yerdə olmuş millət vəkili ertəsi gündə bir neçə dəfə həmin əraziyə baş çəkməyi unutmadı. Bununla yanaşı o sakinlərə tövsiyyələr verib, özünə və digər rəsmi instansiyalara şikayət ərizələri ünvanlamağı məsləhət etmişdi. Əlbəttə, bu işdə İ.Ağazadənin həmişəkitək informasiya dəstəyi var idi. Rauf Arifoğlunun “Yeni Müsavat”ı sanki İqbalın Fizuli rayonunu azad etməsi barədə xəbərləri yayımlayırdı. Çünki qarşılarındakı iş adamı, guya ağacların soyqırımına imza atması söylənilən İman Quliyev əslən naxçıvanlıymış. Sərəncamın da Bakı şəhər meri Hacıbala Abutalıbov tərəfindən imzalandığını nəzərə alsaq, onda R.Arifoğlu və İ.Ağazadənin naxçıvanlılara “top” atmaları üçün əllərinə necə girəvə düşdüyünü anlamaq çətin deyil. Yayılan informasiyalarda həmin ərazidə iş aparmaq istəyən iş adamının kimliyini, hansı regiondan olmasını dəfələrlə önə çəkmək məncə bir çox gizli mətləblərdən xəbər verir.
İlk baxışda elə görünə bilər ki, ağacların soyqırımının tərəfdarıyam. Qətiyyən, belə deyil. Dəfələrlə bu mövzuya toxunub, yaşıllıqların məhv edilməsinə etirazımı bildirmişəm. Xüsusilə, elə həmin Xətai rayonunun Məhəmməd Hadi küçəsində bir zamanlar ulu öndən Heydər Əliyevin saldırdığı geniş yaşıllıq ərazinin məhv edilib, yerində şəhərin arxitekturasına uyğun gəlməyən ticarət obyektlərinin inşa edilməsinə ilk etiraz səsini ucadanlardan olmuşam. O zaman həmin rayondan deputat seçilmiş İ.Ağazadənin səs çıxardığına şahidlik edə bilməmişdim. İndi isə İ.Ağazadə sinəsini “yırtıb”, ağaclar kəsildikcə “havam çatmır” deyir. İnanaqmı?!
Millət vəkilinin canfəşanlıq etməsi səbəbsiz deyilmiş. Əvvəla, növbəti parlament seçkiləri yaxınlaşmaqdadır. Əvvəla, növbəti parlament seçkiləri yaxınlaşmaqdadır. Əvvəlki seçkilərdən bu yana isə, İ.Ağazadəni Xətai rayonunda (İ.Ağazadə Xətai rayonunda “varlılar məhəlləsi” adlanan ərazidə yaşasa da-N.Sadiq.) gördüm deyən olmayıb. İkincisi, İ.Ağazadənin “Hacı” kimi tanınan böyük qardaşı da bina tikinti biznesinə malikdir ki, həmin bizneslə millət vəkilinin xüsusi payı var. Sirr deyil ki, bir çox millət vəkilləri kimi İ.Ağazadənin də öz qohumları və yaxınlarıyla birgə kifayət qədər biznes dairəsi var. Təbii ki, bəzən İ.Ağazadənin də biznes maraqları toqquşa bilər.
Söylənilənlərə inansaq, Xətai rayonu İnqilab İsmayılov küçəsində “yaşıl soyqırım”a qarşı canfəşanlıq edən İ.Ağazadənin “Xalqlar Dostluğu” yarmarkasının sahibi İman Quliyevlə maraqları çoxdan toqquşubmuş. Belə ki, qardaşı Hacının həmin ərazidə bina tikdirmək istəyinin qarşısı İman Quliyevin həmin ərazini rəsmi sənədlərlə əldə etməsiylə alınıbmış. Bəs, İ.Quliyev kimdir? Bu sual indi çoxlarının maraq dairəsində olduğundan “Xalqlar Dostluğu” yarmarkasının sahibi barədə ətraflı məlumat almağa çalışdıq. Onun xeyirxah, vətənpərvər insan olduğu barədə xeyli rəylər eşitdik. İ.Quliyevin bir zamanlar Milli Azadlıq Hərəkatı fəallarından olduğunu söylədilər. İ.Quliyevin Naxçıvanın müdafiəsində iştirak etməsi faktı da öz təsdiqini tapdı. Sonradan biznes fəaliyyətini Bakıya köçürən iş adamı minlərlə insanın dolanışığına şərait yarada bilib. Qalmaqallı ərazini də qanuni yolla alıb və özəlləşdirib. Etiraf etmək lazımdır ki, həmin ərazinin qonşu bina sakinlərinə heç bir aidiyyatı olmayıb. Əksinə, iş adamının həyata keçirmək istədiyi layihə ətraf binaların sakinləri üçün daha faydalı ola bilərdi. Ancaq nədənsə insanların gediş-gəlişi üçün maneə törədən obyektlərin tikintisinə göz yumanlar, bu dəfə xeyirxah məqsədlər üçün nəzərdə tutulmuş binanın inşasını kütləvi etirazla cavablandırdılar. Müəmmalıdır, elə deyilmi?
Kütləvi etirazın əvvəlcədən nəzərdə tutulduğuna artıq şübhə etmək mümkün deyil. Belə ki, gözlənilməz canfəşanlığı ilə diqqət çəkən İ.Ağazdənin biznes marağı aşkarlanıb. İndi bizi digər bir suala cavab tapmaq düşündürür, görəsən, millət vəkilinin qardaşı binalar inşa etdirdiyi zaman ağac doğratmayıbmı? Əlbəttə, birmənalı olaraq söyləmək mümkündür ki, indiyə qədər inşa edilən bütün yeni binaların yerində onlarla ağac kəsilib. Təbii ki, millət vəkili İ.Ağazadə belə hadisələrlə dəfələrlə qarşılaşıb. Həm deputat seçildiyi ərazidə, həm də digər ərazilərdə. Etiraz edirsə, biz ona onlarla belə ərazini xatırlada bilərik. Sual doğur: millət vəkili yeni parlament seçkiləri ərəfəsində divident qazanmaq naminə kifayət qədər tanınmış və Vətən, Millət qarşısında İ.Ağazadədən qat-qat artıq xidmətləri olmuş iş adamı İ.Quliyevin işgüzar nüfuzuna zərbə vurmalıydımı? Və yaxud tikinti biznesi ilə uzun müddətdir ki, məşğul olan qardaşı “Hacı”nın İ.Quliyevlə yer davasına seçicilərini cəlb etmək İ.Ağazadəyə yaraşırmı?
İ.Ağazadənin yaxın dostu kimi tanınan “Yeni Müsavat”ın baş redaktoru R.Arifoğlunun əlinə Hacıbala Abutalıbovun imzaladığı sərəncamın necə keçməsi də düşündürücü faktlardandır. Məhz həmin səbəbdən belə qənaətə gəlmək olur ki, qalmaqallı ərazi daha kimlərinsə-əsil “akula”ların marağında olub.
Bir gülüş doğuran faktı da mütləq qeyd etməliyəm. KİV-lərin bəziləri sevincək məlumat yayıb ki, iş adamı İ.Quliyevin oğlu Araz Quliyev ağacları qanunsuz kəsdirdiyinə görə 19.5 min manat cəriməyə məruz qalıb. Qəribədir, elə deyilmi? Adam qanuni yolla torpaq alıb və qanuni sənədlərlə ərazinin ona məxsus olduğunu təsdiq edib. Təbii ki, qanunun, həm də qanunları icra edən səlahiyyət sahiblərinin razılığı ilə ərazidə inşaaq işləri aparmaq istəyib. Görünən odur ki, A.Quliyev qanunsuz müdaxiləylə üzləşib. Bununla da pis bir ənənənin əsası qoyuldu. İndi şəhərdə daşı daş üstünə qoyun, görüm necə qoyacaqsınız? Axı, qarşıdan seçkilər gəlir və İ.Ağazadə də yenidən deputat olmaq istəyir…
Yazını hazırladığımız vaxtda məlumat aldıq ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində həqiqi ağac soyqırımı həyata keçirmək istəyirlər. Bu məqsədlə gələnlər isə bina sakinlərinin güclü etirazı ilə qarşılaşıb. Sakinlər binanın həyətində övladlarının oynaması üçün qalan bir ovuc yerdə ağacların qətl edilərək bina tikilməsinin qarşısını alacaqlarını bildiriblər. İndi də biz millət vəkili İ.Ağazadəni yardıma səsləyirik. Əgər həqiqətən də ağac soyqırımına qarşı çıxmağa hazırdırsa…

Nicat Sadiq

LEAVE A REPLY