Bu barədə Sputnik-ə, analoji problemlə üzləşən vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, ailə həyatı qurmasından dolayı, şəxsiyyət vəsiqəsini yeniləmək üçün “ASAN xidmət”ə müraciət edib. Xidmətdə ondan köhnə vəsiqəsini qəbul etsələr də, yenisini verməkdən imtina edirlər. Səbəb kimi də onun vergi borcunun olmasını göstəriblər.
Məsələ ilə bağlı “ASAN Xidmət”in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov Sputnik-ə bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi “ASAN xidmət”də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: “Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki, mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir”.
Problemi Sputnik-ə şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, vətəndaşın hansısa borcuna görə, şəxsiyyət vəsiqəsindən məhrum edilməsinə dair ölkə qanunvericiliyində heç bir müddəa yoxdur: “Vergi və kredit borcuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilməməsi qanunvericiliyə ziddir. Şəxsiyyət vəsiqəsi əlindən alınan vətəndaşın hüquqları məhdudlaşdırılır ki, bu da doğru deyil”. “Şəxsiyyət vəsiqəsi vətəndaşlıqla bağlıdır. Vətəndaşa vəsiqə vermədikdə, o, başqa hüquqlarını da reallaşdıra bilmir. Məsələn, nigaha girmək istəyir, amma borcuna görə vəsiqə verilmirsə, deməli nigaha girə bilməyəcək. Bu, nə dərəcədə doğrudur?!”, — hüquqşünas bildirib. E. Həsənov qeyd edib ki, belə hallar olduqda, yuxarı dövlət orqanlarına müraciət edilməlidir: “Vətəndaş ən yaxşı halda məhkəməyə müraciət edə bilər”. Vəkil Fuad Ağayev də Sputnik əməkdaşı ilə söhbətində sözügedən məsələni qanunsuzluq adlandırıb: “Bu haqda ilk dəfədir, eşidirəm. Əgər belə hallar baş verirsə, tam qanunsuzluqdur. Hər hansı borcun olması o insanın vətəndaşlıqdan çıxarılmasına səbəb ola bilməz. Hüquq subyekti məhdudlaşdırıla bilməz. O ki, qaldı borca, o borcun geri alınması başqa yollarla həyata keçirilməlidir, şəxsiyyət vəsiqəsindən vətəndaşı məhrum etməklə yox”.
“Bu halla üzləşən zaman vətəndaş iki yolla hüquqlarını bərpa edə bilər: Birincisi, yuxarı orqanlara müraciət etməklə, ikincisi məhkəməyə üz tutmaqla”, — vəkil qeyd edib.
Məsələ barədə Sputnik-ə danışan millət vəkili Fazil Mustafa da, borca görə vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasını doğru hesab etmir: “Hər hansı bir maliyyə borcuna görə vətəndaşı vəsiqədən məhrum etmək olmaz. Şəxsiyyət vəsiqəsi şəxsiyyətin tanınması sənədidir. Bu baxımdan malı mala qatmaq olmaz”.