Dünən gecə saatlarında – yerli vaxtla 00.30-da İstanbulun Atatürk Hava Limanında baş verən atışmanın detalları məlum olub.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, motosikletlə hərəkətdə olan iki şəxs polisin “dur” əmrinə tabe olmayıb. Polis xəbərdarlıq atəşi açmalı olub. Dərhal aeroport ətrafındakı bütün yollar qapadılıb.
Hər iki şəxs saxlanılıb, onların üzərində silah və partlayıcı qurğu aşkarlanmayıb.
Lakin motosikletdən bıçaq və elektrokşok aləti tapılıb.
Saxlanılanlardan biri Məcnun K. adlı türk, digəri 22 yaşlı H.H.Muhammed adlı Suriya vətəndaşıdır. Polis bu gün suriyalının evində bir saata yaxın axtarış aparıb. Məlum olub ki, Məcnun K. əvvəllər oğurluğa görə məhkum olunub.
Şübhəlilərin hər hansı terror olayı ilə əlaqəsinin olmadığı üzə çıxıb.
İlkin ehtimala görə, onlar polisin havaya atəş açmasından qorxaraq hadisə yerindən qaçıblar. Hadisə zamanı hər iki şəxsin sərxoş vəziyyətdə olduğu bildirilir.
Hazırda aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.