Bu gündən gömrük rüsumları artdı

0
6

Bu gündən etibarən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minib.

Belə ki, dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə bir müddət öncə imzalayıb. Qərar iki il müddətində qüvvədə olacaq.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq portlandsement, giltorpaqlı sement, şlaklı sement, supersulfat sementi və analoji hidravlik sementlər, rənglənmiş və ya rənglənməmiş, hazır və ya klinkerlər formasında sement üçün 0,07 dollar, 1 kq gips, anhidrit, gipsli bağlayıcıların (susuzlaşdırılmış gips və ya kalsium sulfat olan) üçün 0,07 dollar, 1 kq kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatları (məsələn, kizelqur, tripolit və ya diatomitdən) üçün 0,04 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.