Ramiz Tağıyevdən piket keçirmək istəyən partiya sədrlərinə sərt sözlər

0
10

Ramiz Tağıyevdən piket keçirmək istəyən partiya sədrlərinə sərt sözlər

Ramiz Tağıyev: «Onlar bilir ki, həmin 11 partiya bütün elektoratını mitinqə səsləsə, 200-300 adam ancaq gələcək»

«O 11 partiyanın çoxu elə bir sədr, bir qoltuqdan ibarətdir»

Azərbaycan müxalifətinin qanadlarından birini təmsil edən bir neçə partiya orijinal aksiya keçirməyə hazırlaşır. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin iştirakı ilə piket keçirilməsi gözlənir. Etiraz aksiyasının «siyasi məhbuslara» azadlıq tələbi ilə keçiriləcəyi deyilir.
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, adıçəkilən mərkəzdəki partiyaların sədrləri piket keçirilməsi məsələsini qurumda müzakirə edib: «Siyasi məhbusların» azad olunması və ictimai sektora basqılara son qoyulması tələbi ilə piket keçirilməsi müzakirələri gedib. Amma hələlik piketin dəqiq günü, yeri bəlli deyil. Prinsipcə razılaşdırılıb ki, belə bir piket olsun».
P. Hüseyn deyib ki, müzakirəsi aparılan piket özəlliyi ilə fərqlənəcək: «Əgər piket baş tutarsa, bu yalnız partiya sədrləri iştirak etdiyi ilk aksiya kimi tarixə düşəcək. Çünki bu piketdə ancaq partiya sədrlərinin iştirakı nəzərdə tutulur. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 11 partiyanın böyük əksəriyyəti belə bir piketin keçirilməsinin tərəfdarıdır. Yalnız partiya sədrlərinin iştirakı ilə piket keçirilməsi etiraz aksiyası formalarından biridir. Digər başqa formalarda aksiyaların keçirilməsi də müzakirə olunub və piket barədə ümumi siyasi qərar var».
AXP sədri onu da deyib ki, mitinq məsələsi də gündəlikdədir. Amma konkret nə vaxt mitinq keçiriləcəyi müzakirə edilmir. Onun sözlərinə görə, istənilən an bu məsələ gündəmə gələ bilər. Maraqlıdır ki, bir vaxtlar mitinqlərdə liderlik etməyə can atan partiya rəhbərləri mitinqlərdə kütləvilik öldükcə, taktikanı dəyişərək «liderlərin mitinqi» deyilən taktikaya keçir. Görəsən, bu aksiya barədə siyasilər nə düşünür?
Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Ramiz Tağıyev qəzetimizə açıqlamasında bu ideyanın boşluqdan ortaya atıldığını bildirdi:”Olduqca qəribə bir mənzərə ilə üz-üzəyik. On illərlə bundan əvvəl siyasi təşkilatların güclü elektoratı vardı. Yadınızdadırsa, Milli Azadlıq Hərəkatı yeni başlayanda meydana milyonlarla insan çıxırdı. Mən Naxçıvanda sərhədlərin sökülməsinin ilk təşəbbüskarı və həmin proseslərə rəhbərlik edən şəxs olmuşam. Onda bizim bir çağırışımızla insanlar yalın əllərilə sovetlər kimi qüdrətli bir dövlətin sərhədlərinə hücum etdi. Bu haqda indiki zamanda danışmaq adama asan gəlir, ancaq bir qədər keçmişə nəzər saldıqda məlum olur ki, söhbət böyük bir imperiyanın sərhədindən gedirdi. Quşun da uçub keçə bilmədiyi səviyyədə mühafizə edilən sərhədlərdən. Sonra ölkədə partiyalaşma prosesi başladı. Elektorat parçalandı. Mitinqlərə 10 minlər çıxmağa başladı. Get-gedə müxalifətin səriştəsiz mübarizəsi bu rəqəmi bir neçə min nəfərlə əvəz etdi. Son mitinqə qatılan insanların sayı isə bir neçə yüz adam civarında qiymətləndirilirdi.
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi guya orijinallığı ilə seçilən bir aksiya keçirmək istəyir. Əvvəla maraqlanmaq lazımdır bu nə təşkilatdır? Maraqlı bir hal yaranıb. 5 nəfər bir yerdə oturub çay içən kimi ağıllarından keçən bir təşkilatın yarandığını bəyan edir. İndiyə qədər müxtəlif adlı bloklar yaradılıb. Bəyəm onlar öz qarşılarına qoyduğu məqsədlərə çatdılar ki, yenisi yaradılır? Gündəmdə qalmağın başqa yolu yoxdur. Onlar bilir ki, həmin 11 partiya bütün elektoratını mitinqə səsləsə, 200-300 adam ancaq gələcək. Mən tanıdığım üçün deyirəm. O 11 partiyanın çoxu elə bir sədr, bir qoltuqdan ibarətdir».

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY