Yarma, meyvə və balıq insult riskini 30 faiz azaldır

0
6
Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir. Bu il Ümumdünya İnsultla Mübarizə Günü “İnsult müalicə olunur” devizi ilə keçirilir. Adətən insult xəstələrinin üçdə biri ölür, qalanları isə əlilə çevrilir. Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür.

DST-nin məlumatına görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

İnsultun simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, xəstədə koordinasiya pozulur, ətraflardan biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir. Hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi xəstəliyin risk amilini artırır.

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski sıfıra bərabərdir. Vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat gəzmək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

Mütəxəssislər hesab edirlər ki, yarma, meyvə və balıq yemək insult riskini 30 faiz azaldır.