Sabah Azərbaycanda saatlar geri çəkiləcəkmi?- Rəsmi qərar

0
7
Bu il Azərbaycanda yay vaxtından qış vaxtına keçid olmayacaq.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilib.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilib. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirib.

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb.

Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.