Keçmiş bakılı KVN-çinin evindən 500 milyonluq narkotik çıxdı
Rusiyada “Bakılı oğlanlar” klubunun keçmiş üzvü kimi təqdim edilən İlqar Nazim oğlu İmanovun evində rekord sayda heroin aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Federal Xidmətinin Moskva bölməsinin narkotik dövriyyəsinə nəzarət üzrə rəisi Vasili Yurçenko bildirib ki, həmin şəxs kifayət qədər tanınan simadır, həmçinin bank təsisçilərindəndir.
Külli miqdarda heroin 47 yaşlı İmanovun 17 sot ərazisi olan 3 mərtəbəli villasında aşkar edilib. 170 kiloqramlıq və dəyəri 500 milyon dollar olan narkotik maddə mühafizəçilərə aid olan iki mərtəbəli evdən götürülüb. Cinayətkarların narkotiki meyvə yeşiklərinin içərisində Əfqanıstandan gətirdikləri bildirilir. Hazırda Türkiyədə olan ev sahibinin narkotik alverində nə dərəcə iştirakçı olub-olmaması dəqiqləşdirilməyib.
Rəisin sözlərinə görə, İmanov bu gün dindirilməyə çağırılıb: “Sadəcə bir şeyi deyə bilərəm. 2014-cü ilin oktyabrın 18-də həmin vətəndaş dəyəri 100 min dollar olan yeni Audi Q7 avtomobili alıb”.
Narkotik Dövriyyəsinə nəzarət üzrə Rusiya Federal Xidmətinin direktoru Viktor İvanov da həmin şəxsin “Bakılı oğlanlar” komandasının keçmiş üzvü olduğunu bildirib.