Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminarda çıxışı zamanı deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri uşaqların taleyinə təsir göstərmir.
M. Abbaszadə qeyd edib ki, nəticələr yalnız təhsil şöbələrinə, müraciət edən bəzi məktəblərə göndərilir ki, şagirdlərin nailiyyətləri ilə tanış olsunlar: “2013-cü ildən keçirilməsinə başlanan və 4 il ərzində aparılan monitorinq imtahanları bütün ölkəni əhatə edib. Monitorinq imtahanlarında iştirak edənlərin 30%-i nəticədə heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”.
Şura sədrinin sözlərinə görə, gələn il 9-cu siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlər yeni kurikuluma əsasən təhsil alanlardır. Yeni kurikuluma əsasən dərsliklər yazıldığını deyən M. Abbaszadə dərslikdə olan tapşırıqların uşaqların biliyini qiymətləndirmək üçün kifayət etmədiyini söyləyib: “Ona görə də 2013-cü ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqları topluları hazırlamağa başlayıb. Bu vaxta kimi V-VI-VII-VIII siniflər üzrə test kitabçaları var. IX siniflər üzrə test tapşırıqları kitabçası isə dekabr ayında hazır olacaq”. (APA)