«Xəzər» TV-dən şikayət var…

0
8

«Xəzər» TV-dən şikayət var…

Nərimanov rayon İcra Hakimiyyəti sakinlərin probleminə biganə yanaşır

Qəzetimizin redaksiyasına Bakı şəhəri Atatürk prospekti 47-ci binanın birinci blokunda yaşayan bir qrup sakinin imzası ilə şikayət məktubu daxil olub. Həmin blokun sakinləri bildirirlər ki, onlar acınacaqlı bir vəziyyətlə üzləşiblər və əlaqədar qurumlardan məsələyə əncam çəkmələrini tələb edirlər: «Biz bu bina tikilib istifadəyə verilən gündən burada yaşayırıq. Bu 1975-ci ilin əvvəlinə təsadüf edir. Hələ sovet hakimiyyətinin vaxtından bizim həyətdə «Solmaz» adlı şadlıq evi fəaliyyət göstərirdi. Quruluş dağılandan sonra həmin şadlıq evi əldən- ələ keçdi. Hazırda bu şadlıq evi «Xəzər» TV tərəfindən satın alınıb və həmin teleşirkətin nəzdində studiya kimi fəaliyyət göstərir. Qeyd edək ki, son vaxtlar bu studiya öz ərazisini müxtəlif vacib qurğuları söküb yerini dəyişməklə genişləndirir. Bu yaxınlarda, yüksək gərginlikli tranformatorun yerini dəyişməklə həmin ərazini də öz studiyalarına birləşdirdilər. Həmçinin studiyanın həyətinə bitişik qazanxana da transformatorun «aqibətini» yaşadı. Qeyd edək ki, bütün bu işlər texniki təhlükəsizlik şərtlərinə əməl etmədən və ətrafda yaşayan sakinlərin icazəsi alınmadan görülür.
Hörmətli redaksiya! 47-ci binanın məhz birinci blokunun vətəndaşlarının bu məsələdən şikayət etməsi heç də təsadüfi deyil. Çünki «Xəzər» TV-nin bu studiyasında çalışan işçilərin əlindən biz avtomobillərimizi evimizin qabağında saxlamağa yer tapa bilmirik. Əvvəl biz blokumuza yaxın geniş ərazidə avtomobili saxlayırdıq. Sonra Vergilər Nazirliyində yüksək vəzifədə çalışan və qonşu binada yaşayan Elxan adlı şəxsin rəhbərliyi altıda həmin əraziyə «şlaqbaum» qoyuldu. Həmin əraziyə giriş üçün pultu da Elxan müəllim kimə istəyir ona verir.
Bizim blokda cəmi bir necə avtomobil olsa da, Elxan müəllimdən bir dənə də olsun pult ala bilmədik. Görün vəziyyət nə yerə çatıb ki, «Xəzər» TV-nin studiyasında işləyən əməkdaşlarına da həyətə giriş üçün pultlar paylansa da onlar nadir hallarda avtomobillərini həmin ərazidə saxlayırlar. Studiyanın həyətinin də daima boş olmasına baxmayaraq, işçilər avtomobillərini blokun ağzında saxlamaqdan sanki zövq alırlar. Onlara məxsus bütün avtomobillərin nömrəsi 850 rəqəmi ilə bitir. Hətta həftədə bir dəfə işə salınan mikroavtobuslarını özlərinə məxsus həyətdə və Elxan müəllimin onlara maşın saxlamaq üçün şərait yaratdığı ərazidə deyil, blokun qabağında saxlamaqla bizə ciddi narahatçılıq yaratmış olurlar. İradımızı bildirəndə isə olduqca kobud cavablar alırıq.

Biz bu problemin aradan qaldırılması ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə də müraciət etmişik, ancaq heç bir tədbir görülməyib. Yəqin ki, bu problemin aradan qaldırılması ilə bağlı yaxın vaxtlarda başqa qanuni üsullardan istifadə etməli olacağıq. Xahiş edirik bizim bu haqlı iradlarımızı qəzetiniz vasitəsilə «Xəzər»TV-nin rəhbərliyinə də çatdırasınız».
“Millətim” olaraq biz məktubda qeyd edilən faktları araşdırmaq məqsədilə həmin ərazidə olduq. Apardığımız müşahidələrdən görünür ki, vəziyyət olduqca acınacaqlıdır. Məktubda Vergilər Nazirliyinin yüksək rütbəli məmuru kimi adı çəkilən Elxan müəllimin dəqiq iş yerini öyrənə bilmədiyimiz üçün onunla əlaqə yarada bilmədik. Onun və «Xəzər» TV rəhbərliyinin məsələyə münasibətini dərc etməyə hazırıq.

Movzuya qayıdacayıq…
Murad

LEAVE A REPLY