Nəbzimiz dünyanın nəbzi ilə vurmasa…

0
8

Eli Orucov

Nəbzimiz dünyanın nəbzi ilə vurmasa…
Kadr problemi yox, kadrların yerləşdirilməsi problemi var.

Ötən bir həftə Azərbaycan gündəmi maraqlı hadisələrlə zəngin oldu. İstər cəmiyyət, istərsə də media xəbər baxımından kasadlıq yaşamadı. Həftə ərzində baş verən hadisələrə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasındakı məşhur tənqidi çıxışı, bələdiyyə seçkilərinə startın verilməsi, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə keçirdiyi görüşlər, Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə müşavir təyin etməsi, hörmətli Şeyx həzrətlərinin qudası deputat Hacı Qalibin parlamentdə sensasion çıxışlar damğasını vurdu.
Odur ki, yuxarda sadaladığım gündəm mövzularına toxunmamaq təbii ki mümkün deyil. Əvvəla başlayaq Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkədə geniş müzakirələrə yol açan məlum çıxışına. İnsafən akademik hər dəfə publikaya çıxanda bir olay yaradır. Onun istər ard-arda yazdığı kitabları, istər verdiyi açıqlamalar və səsləndirdiyi fikirlər cəmiyyəti silkələyir. Bu dəfə də belə oldu. R.Mehdiyev çox ciddi problemlərə toxundu. Və məlum oldu ki, ölkənin ən nüfuzlu və geniş təsir imkanlarına malik şəxslərindən biri olan R.Mehdiyevi narahat edən savadsızlıq, kadr qıtlığı, dini fanatizmin geniş yayılması kimi həlli vacib problemlərdir. Akademikin təhsilin yarıtmazlığı barədə firikləri hələ Misir Mərdanaov təhsil naziri olan dönəmlərdə də eşidilirdi. Üzərindən xeyli vaxt ötməsinə baxmayaraq, bu problem nəinki düzəlməyib, görünən o ki, daha da dərinə işləyib. Deməli, problemin kökünə gedib çıxılmayıb. Nazir dəyişməklə nə sistem dəyişib, nə də təhsilə yanaşma. Mən R.Mehdiyevin dedikləri ilə tam razıyam. Amma bəzi fikirlərim istisna olmaqla. Əslində, təhsilə vurulan zərbəninin bir neçə ildən sonra ağır nəticələr verəcəyi barədə sos siqnalı müxtəlif səviyyələrdə, müxtəlif üsullarda verilirdi. Azərbaycana təbii sərvətlərindən axan milyardları təmir-tikinti,abadlıq, investisiya, yaxud da müdafiə xərcləri adı altında dağıtmaq, talamaq əvəzinə bunun az bir hissəsini təhsilə və səhiyyəyə yönəltsəydilər bu günkü xoşagəlməz mənzərə alınmazdı. Məktəbləri təmir etməklə, yaxud da hansısa avadalıqlarla təmin etməklə təhsilin keyfiyyətini yüksəltmək mümkün deyil. Bu kompleks şəkildə həyata keçirilməliydi. Yəni müəllimin, təhsil işçisinin əməkhaqqından, sosial durumundan tutmuş şagirdin psixoloji hazırlığınadək hər incəlik, hər xırdalıqlar nəzərə alınmalı idi. Əgər müəllim öz sosial-məişət problemini məktəbə gətirirsə, düşdüyü sosial çətinlikləri onun beyninə hakimdirsə, sinifdə dərsinin ağası ola bilməz. Bu üzdən də həm dərsin keyfiyyəti aşağı düşüb, həm də repititorluq geniş vüsət alıb. Baxmayaraq ki, test üsuluna keçilib. Lakin burda da neqativ hallara yol verilir. Siz gedib Bakı Dövlət Universitetinin hüquq fakültəsində qısa bir araşdırma aparsanız görərsiz ki, burda oxuyan tələbələrin əksəriyyəti yenə də vəzifəli və imkanlı şəxslərin övladlarıdır. Hələ ali təhsil müəssisələrində rüşvətin baş alıb getdiyinə toxunmuram. Pis-yaxşı gənc mütəxəssis bu çətinlikləri keçir. Lakin onun ixtisası üzrə işə düzəlməsi, iş tapması keçilməz bir dağa çevrilir. Yenə ya adam, ya pul. Bunlarsız Azərbaycan şəraitində perspektiv gözləmək, karyera qurmaq sadəcə xəyallardan başqa bir şey deyil.
Doğrudur, son bir neçə ildə güya vakansiyalar və dövlət qulluğuna qəbullar müsabiqə yolu ilə həyata keçirilir. Bu da gözdən pərdə asmaq üçün hiyləgərcəsinə düşünülmüş bir addımdır. Testin ilk mərhələlərini uğurla verən imkansız balası müsahibə adlandıran sonuncu mərhələdən çıxa bilmir. Çünki sonuncu mərhələ konkret olaraq bazar mərhələsidir.
Yuxarda da vurğuladığımız kimi dövlət idarələri və müəssəsələri, orqanlar və qurumlar hakimiyyətdə olan bəzi insanların şəbəkələşmiş inhisarında olduğundan savadlı kənar mütəxəssisin ora düşmək xoşbəxtliyi nadir hallarda baş verir. Özəl sahələr də eyni adamların əlindədir. Ona görə də yaxşı mütəxəssis ya özünə yol tapa bilmir, ya imkanlarını ortaya qoya bilmir, ya da ölkəni tərk etmək məcburuyyətində qalır. Yaxşı belə şəraiti yaradanlar kimlərdir?! Təbii ki, hakimiyyətdə olan bəzi qüvvələr. O zaman iqtidardakılar kimdən və nədən narazıdır? Bundan sonra da nəyinsə dəyişməsi özü də köklü dəyişməsi ümidverici deyil. Çünki bütün bunların hamısı sistemə bağlıdır.
Dekabrın 23-də Azərbaycan vətəndaşları sandıqbaşına gedərək yerliidarəetmə orqanlarına nümayəndələrini seçəcəklər. Bələdiyyələr demokratik ölkələrdə cəmiyyətin və idarəetmənin vacib institutları sayılsa da, Azərbaycanda bələdiyyələr “torpaqsatan” və “tullantı pulu yığan” kimi yaddaşlarda qaldı.

Ona görə də səlahiyyətsiz bir qurum kimi insanların diqqətini özünə çəkə bilmədi. Ötən illərdə olduğu kimi sərt mərkəzləşdirilmiş siyasi sistemin və icra strqukturlarının əsas söz sahibi olduğu məmləkət bu seçkilərə hazırlıqsız və həvəzsiz gedir. Heç seçki ab-havası da hiss olunmur. Baxmayaraq ki, beynəlxalq aləmin gözünə kül üfürmək üçün bu seçkiyə süni nəfəs verməyə çalışılır. Lakin Milli Məclisin deputatı, şeyxun qudası Hacı Qalib demişkən sədri və üzvləri indidən məlum olan seçkilərə baş qoşmağın mənası nədir ki? Hacı Qalib demişkən, onun öz ifadəsi ilə desək, cürətlənib parlamentdə sərt çıxışı diqqətdən yayına bilməzdi. Görünür, Hacı Qalibin maraqlarına möhkəm toxunulub. Yaxud da onun da daxil olduğu qrup, klan ciddi basqılar altındadır Söhbət təbii ki, siyasi deyil, iqtisadi, təsir dairəsi və maliyyə marqlarından gedir.
Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin Fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə keçirdiyi görüşləri ənənvi görşlərdən biri kimi hesab etsəm də, burada bəzi məqamlar bir daha öz təsdiqini tapdı. Bu da ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsinin qapı-qapı, ölkəbəölkə gəzib həllini axtarmaq artıq əbəsdir. Problemin həlli elə özümüzdə, Azərbaycandadır. Sadəcə bunun üçün vacib olan siyasi iradənin ortaya qoyulması kifayət edər.
Azərbaycan cəmiyyəti nədənsə Türkiyə iqtidarına daha həsas, daha diqqətli və daha tələbkar yanaşır. Heç bu hisslər Azərbaycan iqtidarına göstərilmir. Bir necə gün əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə müşavir təyin etməsi Azərbaycanda geniş rezonans doğurdu. Bu təyinata sərt təpki də göstərildi. Maraqlısı odur ki, belə bir təyinat Azərbaycanda həyata keçirilsəydi belə əks-səda, belə etiraz doğurmazdı. Türkiyənin dost və qardaş ölkə olması aydındır. O da aydındır ki, Türkiyənin hakimiyyətini həm də öz hakimiyyətimiz hesab edirik. Lakin nəzərə almaq lazımdır ki, Türkiyə suveren ölkədir. Özünün müstəqil hüquqaları var. Türkiyə Azərbaycan üçün böyük arxa-dayaq və strateji müttəfiqdir. Lakin bütün bu doğmalıqlara baxmayaraq bizə haqq verilmir ki, Türkiyənin daxili işlərinə, hətta onun hökumətinin kadr seçiminə kobud müdaxilə edək. Əvvala, erməni də Türkiyə vətəndaşıdır. Türkiyə Cümhuriyyətinin Ana yasasının verdiyi hüquqlar ona da şamil olunur. Əks halda bu ayrı seçkilik kimi qəbul edilə bilər. Etirazı həm də ona görə qismən doğru saymıram ki, erməni millətinin nümayəndələri, həm də Azərbaycanda yaşayır. On minlərlə erməni Azərbaycan vətəndaşıdır. Biz Qarabağdan nə vaxt imtina etmişik? Digər tərəfdən biz dünyaya bəyan edirik ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Yaxşı tutaq ki, bu statusla Qarabağda yaşayan erməni razılaşdı, həmin muxtariyyətın idarəçiliyində kimlər olacaq? Yaxşı o zaman Azərbaycan prezidenti erməNİ həmkarları ilə 20 ildən çoxdur nəyi müzakirə edirlər? Mənim düşüncəmə görə, Ermənlər də daxil Azərbaycanda yaşayan milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Konstitusiyasına, onun dövlət atributlarına, dəyərlərinə, qanunlarına , örf və adətlərinə əməl edib hörmət göstərirsə, biz həmin millətlərə böyüklüyümüzü bir də göstərməliyik
Bu kimi suallar açıq qalır. Ola bilsin ki, məni qınayanlar da tapıldı. Amma, cənablar, nəbzimiz dünyanın nəbzi ilə vurmasa, reallıqları qəbul edə bilməsək, bizə bu qlobal dünyamızda yer ola bilməz.

LEAVE A REPLY