Tikinti şirkətində fırıldaq!

0
2

Tikinti şirkətində fırıldaq!

Cənub MTK sakinləri hədələyir…

Azərbaycanda əksər tikinti şirkətlərinin payçıları aldatması, onların etimadından sui-istifadə etməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi günümüzün adi normasına çevrilib.

Bəzi şirkətlər inşa etdikləri binada mənzilləri bir neçə şəxsə satmaqla, digərləri isə onları qışın “oğlan çağında” mavi yanacaqsız qoymaqla, “kupça” verməməklə sakinlərin əsəblərini tarıma çəkməklə məşğuldur.

Belə şirkətlərdən biri də “Cənub MTK”-dır. Şirkət 2006-cı ildən sakinlərdən pul yığıb, onları bir il ərzində mənzillə təmin edəcəyinə dair müqavilə imzalasa da, üzərindən səkkiz il keçməsinə baxmayaraq, hələ də öz öhdəliyinə əməl etməyib. Bu azmış kimi, bir evi bir neçə şəxsə satmaqdan belə çəkinmir.

Şirkətin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 60 ünvanında ev alan sakinlər bugünə qədər öz halal mənzilinə sahib çıxa bilmirlər. Onların bununla bağlı şirkət rəhbərliyinə etdiyi müraciətlər də cavabsız qalır.

Millətim.info-nun redaksiyasına müraciət edən sakinlər bildirir ki, şirkətin rəhbəri Etibar Fərzəliyev günü-günə satmaq, yalançı və saxta vədlər verməklə, onların əsəblərini tarıma çəkir: “Əvvəl, mülayim danışırlar. Kim ki, şikayət edəcəyini dedi, onu hədələyirlər. Deyirlər ki, bura Azərbaycandır, müqavilə-zad, hamısı boş şeylərdir. Nə zaman pulumuz olacaq, o zaman da evlərinizi təhvil alacaqsınız. “Bəs biz bu evlərin pulunu ödəmişik, niyə mənzilimizi təhvil vermirsiniz” dedikdə isə Etibar Fərzəliyev “Başımızı ağrıtmayın, bina mənimdir, evinizi vermirəm” deyə bizi hədələyir”.

Sakinlər bildirir ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, faydası olmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Nizami

LEAVE A REPLY