Vəhhabilik: qurucusu, xaç atası, prinsipləri, bidət anlayışı…

0
8

Vəhhabilik: qurucusu, xaç atası, prinsipləri, bidət anlayışı…

Vaqif CƏLİLOĞLU
Tex. e. üzrə fəlsəfə doktoru

Son vaxtlar Yaxın Şərqdə və Şimali Qafqazda radikal islamyönümlü təşkilatların fəallaşması vəhhabilik mövzusunu yenidən gündəmə gətirib. Əksər dini ekspertlərin fikirincə, bu təşkilatların söykəndiyi ideoloji cərəyan məhz radikal vəhhabilkdir. Bu mövzuya olan geniş marağı nəzərə alaraq Azinform.az dini araşdırmaçı Vaqif Cəliloğlunun vəhhabiliyin tarixi və bu günü haqda maraqlı elmi araşdırmasını təqdim edib.
«Mən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Bu il məhərrəmlikdə Xasayurt ağsaqqalları iki yüz əlli min manat verib rövzəxan molla Əbdülhüseyn cənablarını gətiriblər ki, mərsiyə oxusun. On günün ərzində mərsiyəxan cənabları 250 söz danışdı: yəni, sözünün birini min manata satdı və bu sözlərin biri də bu idi ki, «Həzrət Abbas təpiyi ilə yüz səksən minlik qoşunu öldürdü…» Mənə dəxli olan odur ki, təzə ərsəyə gələn cavanlarımız molla əbdülhüseynlərin rəvayətlərini yada salıb məsciddən qaçacaqlar. Onda da işlər xarab olacaq. Zarafatsız deyirəm ki, hər kəs rastıma gəlir, hamısını yavaş-yavaş dinə soyumuş görürəm. Niyə və nədən? Günah özümüzdədir!…Mən elə qanıram ki, bunların hamısı dinimizin yavaş-yavaş əldən getməyinin əlamətidir. Pənah Allaha!…» (C.Məmmədquluzadə, «Molla Nəsrəddin», 1910, nömrə 4)
Mirzə Cəlilin bu məqaləsindən 104 il keçib. Doğrudur, indi «Həzrət Abbas təpiyi ilə bir qoşun öldürdü», «Həzrət Əlinin qılıncının uzunluğu 70 metrdir» kimi ifadələr nadir hallarda eşidilir. Lakin bu gün islam aləmi daha «elmli» radikal xurafatla-ölkəmizə də təsiri olan həm daxili, həm də xarici təhlükələrlə üzləşib. Daxili təhlükələr müəyyən ekstremist müsəlman qrupların din pərdəsi arxasındakı siyasi ambisiyalarından, xarici təhlükələr isə bu ambisiyalara şərait yaradan və islama qarşı barışmaz mövqedə olan bəzi xristian ölkələrindən gəlir. Bu dövlətlər tarixən müsəlman ölkələri daxilində təxribatçı «islam» qurumları yaradaraq, müsəlmanları parçalamaqla məşğul olublar və indi də məkrlərini davam etdirirlər. «Əl Qaidə», «Hizbullah», «Müsəlman qardaşları», İŞİD və s. radikal dini qurum və təriqətlər məhz qeyri-islam aləminin icad etdiyi bəlalardır.

Vəhhabizm və onun Azərbaycanda peyda olması səbəbləri

Quranın tolerantlıq, dözümlülük və digər prinsiplərinə zidd fəaliyyət göstərən və əsasən də «ingilis barmağı» ilə yaradılan belə təriqətlərdən biri də vəhhabilikdir.
Üç əsr bundan qabaq təşəkkül tapan, Quran hikməti və milli dəyərlərimizə yabançı-yalançı olan bu təriqət ölkəmizə müstəqilliyimizin ilk illərində ayaq açıb. Həmin dövrdə yaranan boşluq, bəzi ruhanilərin dişsizliyi, ictimai biganəlik, ictimai formasiyanın dəyişməsi, iqtisadi çətinlik və digər amillər bu təriqətin Azərbaycanda lövbər salmasına şərait yaratdı. Təəssüf ki, o vaxt cəmiyyətin «dinə qayıdışı» onun daha yüksək intellektual səviyyəli nümayəndələrinin məqsədyönlü iştirakı ilə, dərk olunmuş bir proses kimi həyata keçə bilmədi. Əksinə, bəzi aparıcı din xadimləri və dövlət məmurlarının «xeyir-duası» ilə ölkəmizdə vəhhabizm ideyasının təbliğ edən məscidlər tikildi, şəbəkələr yarandı. Və nəticədə özünü sələfi adlandıran Vəhhabilik dövlətçiliyimiz, milli-dini dəyərlərimiz üçün potensial təhlükə mənbəyinə çevrildi. Bu baxımdan hesab edirik ki, islam dininin sünni cərəyanının hənbəli (v.e.855) məzhəbinin XVIII əsrdə yaranan Vəhhabi təriqəti və onun mahiyyəti haqqında təfsilatı məqaləyə ehtiyac var.
Vəhhabiyyə-İslam dinini yeni anlayışla qəti qaydalara bağlayan hərəkat kimi ortaya çıxdıqdan bir müddət sonra siyasi mahiyyətə bürünən bir təriqətdir. Başqa sözlə, Vəhhabizm hənbəli məzhəbinin ideya və prinsiplərini ifrat şəkildə inkişaf etdirən dini-siyasi cərəyandır. Vaxtilə bütün Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək uğrunda hərbi-siyasi mübarizə aparan Səudilər qəbiləsi məhz vəhhabilik ideologiyasına-dini -siyasi cərəyana söykənməli idi. Vəhhabilər isə hesab edirlər ki, yaratdıqları bu təriqət (və ya məzhəb) ərəb çöllərində müəyyən şəxsləri qüdsi və mübarək saymaq, onların qəbirlərini bu duyğular içində ziyarət etməklə Allaha yaxınlaşmağını sanmaq kimi uydurmaların və dində olmayan bidətlərin çoxalması səbəbindən meydana gəlib.
Qeyd edək ki, XVIII əsrdə vəhhabiliyin zühür etdiyi Nəcd adını daşıyan və Mədinənin şimal-qərbindən Bəhreynə qədər uzanan bu geniş bölgə çox qədimdən bəri hind, Yəmən, İraq, İran və Suriyadan gələn müxtəlif inanclar üçün münbit bir sahə olub. Bu ərazi Peyğəmbər(ə) dövründə İslamı qəbul etsə də, fəqət çox keçmədən Museylimə, Səcah, Tüleyxa və başqa saxta peyğəmbərlərə uyduğu kimi, Əbu Bəkrin xəlifəliyi vaxtında da Mədinə iqtidarı ilə uzun müddət mücadilə aparıb. Həmin ərazi həm də şiə-xaricilər hərəkatının davam etdiyi sahə kimi tanınıb. IX-XII əsrlərdə İslam dünyasını sarsıdan qərmətilik də bu yerlərdən çıxıb. Qərmətilər ismaililər təriqətinin (qatı aqressiv şiə təriqəti) bir qolu kimi IX əsrin axırında Cənubi İraqda, Suriyada və Fələstində üsyanlara rəvac verib. X əsrdə isə xilafətə qarşı silahlı mübarizə aparıb. 930-cu ildə qərmətilərdən bir dəstə Məkkəyə hücum edərək şəhər əhli və zəvvarlar arasında qırğın törədib. Onlar qənimət kimi Kəbənin Qara daşını sındırdıqdan sonra özləri ilə aparıblar. Hacərül Əsvəd (Qara daş) Məkkəyə yalnız 20 ildən sonra böyük xərac hesabına qaytarılıb…

Vəhhabiliyin qurucusu

Vəhhabilik təriqətinin banisi Teym qəbiləsinə mənsub Məhəmməd ibn Əbdülvəhhab ibn Süleymandır. O qurduğu təriqətə atasının adını (Vəhhabiyyə) qoyub.
Məhəmməd ibn Əbdülvəhhab Nəcd bölgəsinin Riyad şəhərindən 70 km uzaqda olan Uyayna qəsəbəsində 1703-cü ildə anadan olub. Hələ 8 yaşında Quranı əzbərləyən Məhəmməd ibn Əbdülvəhhab təfsir, hədis, fiqh və ədəbiyyat kimi fənləri hənbəli məzhəbində olan alim atasından öyrənib. Gənclik çağında Həcc üçün Məkkəyə, oradan da bilgisini artırmaq üçün Mədinəyə gedib. O burada təhsilini 4 il davam etdirib, Hənbəli məzhəbində olan Xarranlı Teymiyyənin (1263-1328) dini görüşlərini mənimsəyib. Sonra Mədinədən Bəsrəyə gəlib. Bəsrədə 4 il qalıb, Tovhid mövzusundakı görüşlərini artırıb, oradakı alimlərlə mübahisələrə girişib. Məhəmməd ibn Əbdülvəhhaba görə, müsəlmanlar dini bilgilərini yalnız Quran və hədislərdən öyrənməli idilər. Həz.Peyğəmbərin vəfatından sonra mənimsənilən islam adət-ənənələrini rədd etdiyinə görə, Məhəmməd ibn Əbdülvəhhab ciddi müqavimətlə rastlaşdı. Həmin səbəbdən o, Bəsrədən çıxıb Bağdada, Quma, Həmədana və İsfahana gedərək oralarda dini görüşlərini yaymaqla məşğul oldu. Az sonra o, Şama və Qahirəyə, oradan da atasının yaşadığı hüreymiləyə (Riyaddan şimala) gedib. Məhəmməd ibn Əbdülvəhhab burada ən məşhur əsəri olan «Kitabı ət-Tövhid»i yazıb. Lakin yerli əhalinin narazılığı ilə üzləşən Məhəmməd Hüreymiləni tərk edib doğulduğu Uyayna qəsəbəsinə qayıdır. O, bu bölgənin əmiri Osman ibn həmd ibn Müammarın himayəsi altında öz təriqətinə dəvət işini davam etdirib, bir qazı kimi fətvalar verib.
Fəqət Məhəmməd ibn Əbdülvəhhabın sərt və qəti fətvaları yerli əhalini qorxudub. Həmin səbəbdən Nəcdin güclü qəbilələrindən olan Bəni Xalid qəbiləsinin əmiri Məhəmmədə maddi yardım göstərən Əmir Osmanı onu himayə etməkdən vaz keçməsi üçün hədələyir. Buna rəğmən Əmir Osman Məhəmməddən onun bölgəsindən getməsini tələb edir. Uyaynadan çıxıb Dəriyəyə gələn Məhəmməd ibn Əbdülvəhhab oranın əmiri Məhəmməd ibn Səud ilə anlaşır və onun himayəsinə girir.
Məhəmməd ibn Əbdülvəhhab 1744-cü ildə Məhəmməd ibn Səuda qızını verir və ya digər rəvayətə görə, Məhəmməd ibn Səudun bacısı ilə evlənir. Onlara görə, bu sazişin-izdivacın bağlandığı il Vəhhabi dövlətinin (Səudi əmirliyinin) quruluşu, yəni başlanğıcı sayılır. Məhəmməd ibn Əbdülvəhhab Dəriyədə yalnız vəz (nəsihət) və dərslər verməklə kifayətlənməyib, təriqətini müdafiə edən risalələr də yazır. O, Nəcd vilayətindəki əmirlərə, din alimlərinə, Mədinənin əyanlarına, hətta Osmanlı sultanı Səlimə yazılı dəvətlər, təlimatlar göndərir. Bununla kifayətlənməyən Məhəmməd ibn Əbdülvəhhab Məhəmməd ibn Səudla birlikdə cihadlarda iştirak edir. Bunun nəticəsi olaraq 15 il ərzində Nəcd, Əsir və Yəmənin daxili bölgələri vəhhabiliyi qəbul edir.
Məhəmməd ibn Səud 1766-cı ildə vəfat edib. Onun yerinə keçən oğlu Əbdüləziz daha sərt vəhhabi kimi, məzhəbini qılıncla yaymağa çalışıb. Döyüşlərdə ələ keçirilən qənimətlərin beşdə birini özünə götürməsi, qalanını isə döyüşçülər arasında bölüşdürməsi həm döyüşləri uğurla davam etdirməsinə, həm də tərəfdarlarının çoxalmasına şərait yaradıb.
Səudi əmirliyinin dini rəhbəri olaraq əmirliyə tabe olan yerlərdə qazılar təyin edən Məhəmməd ibn Əbdülvəhhab 1787-ci ildə (və ya 1792-ci ildə) vəfat edib. Lakin 1790-1817-cü illərdə vəhhabilər nüfüz bölgələrini genişləndirmək üçün fəaliyyətlərini daha da sərtləşdirdilər. İmperiya mərkəzi İstanbuldan uzaqda olmaları müvəffəqiyyətlərini asanlaşdırırdı. Digər tərəfdən, həmin vaxt Osmanlı dövlətinin başı da dərdə idi. Sultan III Səlim yeniçerilərə yeni bir qayda tətbiq etmək istədikdə, fransızlar da Misir və Fələstinə hücum edirdilər. Napoleon hətta vəhhabilərlə iş birliyinə girişmişdi.

Vəhhabizmin xaç atası

Vəhhabiliyin təşəkkülü barədə ən tutarlı mənbələrdən biri də İngiltərə kəşfiyyatçısı Hempherin «Cənab Hempherin xatirələri» kitabıdır. Qeyd edək ki, Hempher İngiltərənin müsəlman ölkələrindəki gizli cəsus şəbəkəsinin rəhbərlərindən biri idi. Formal olaraq isə o, «Ost-Hind» şirkətinin nümayəndəsi olub. 1710-cu ildən etibarən Şərqdə fəaliyyətə başlayıb. Ərəb, fars, türk dillərini mükəmməl bilib və özünü azərbaycanlı müsəlman kimi tanıdıb. Onun kitabında islam dinini məhv etmək, müsəlmanları parçalamaq üçün görüləcək işlər 34 maddə halında sıralanıb.
Hempher yazır: «1710-cu ildə Müstəmləkələr Nazirliyindən müsəlmanları parçalamaq məqsədilə vacib və yetərli bilgiləri toplamaq, cəsusluq etmək üçün Misirə, İraqa, Hicaza və İstambula xeyli adam göndərdilər. Bizə lazımi miqdarda pul, bilgi, xəritə, bir də dövlət adamlarının, alim və qəbilə başçılarının adlarını göstərən böyük bir siyahı verdilər. Bəsrə şəhərinə gəldim, orada ilk dəfə şiələri tanıdım. Əgər sünnilərlə onların arasındakı ixtilafları şiddətləndirə bilsəydim, İngiltərədə ən böyük xidməti mənə tapşıracaqdılar. Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dövlətlərdə fitnə və təfriqə çıxarmaq məcburiyyətindədik. Osmanlı dövlətini ancaq belə fitnələrlə yıxa bilərdik. Bəsrədə qalmaq üçün şikəst bir kişinin dükanında özümə iş də tapdım və orada farsca mükəmməl öyrənməyə başladım. Bu dükana ara-sıra elm qiyafəsində, ərəbcə, türkcə və farsca bilən Məhəmməd bin Əbüdülvəhhab Nəcdli adında bir dəliqlanlı da gəlirdi. Bu gənc yüksək dərəcədə danışan çox əsəbi adam idi. Osmanlı dövlətini çox tənqid etdiyi halda, İran dövləti haqqında pis bir şey deməzdi. Nəcdli Məhəmməd sünnilərin dörd məzhəbindən birinə tabe olmağa bir səbəb görmürdü. Bu barədə Quran ayələrini görməzliyə vurur, hədisi şəriflərə əhəmiyyət vermirdi. Bu iş mənim lap ürəyimcə oldu, sanki axtardığımı Nəcdli Məhəmməddə tapmışdım. Sözün qısası, alimlərə hörmətsizliyi, dörd xəlifəyə əhəmiyyət verməməsi ilə Qurani Kərimi və sünnəni anlama xüsusunda müstəqil bir görüşə sahib idi. Onu əldə etmək üçün bu ən zəif nöqtələrdən yararlanmalı idim. Daima onu tərifləyirdim, hətta bir gün ona «sən Ömər və Əlidən daha böyüksən. Peyğəmbər indi həyatda olsaydı onları deyil, səni xəlifə təyin edərdi. Mən islamın sənin əlinlə yenilənməsini və yüksəlməsini istəyirəm. İslamı cahana yayacaq yeganə şəxsiyyət, yeganə alim sənsən!» demişdim.
Bir müddət sonra Qurani Kərimi köhnə alimlərə görə deyil, öz fikirlərimizə görə təfsir etməyi qərarlaşdıq. Nəcdli Məhəmmədin qadın istədiyini bilir və ona bir qadın da axtarırdım. Müsəlman gənclərini yolundan azdırmaq üçün nazirliyimiz tərəfindən oraya ingilis qadınları da göndərilirdi. Onlardan «Səfiyyə» adı ilə göndərilən birisi ilə Məhəmmədə bir həftəlik nigah bağladıq. Mən bir tərəfdən, qadın da digər tərəfdən onu aldatmağa başladıq. İçkinin haram olmadığına da onu inandırdıq və məqsədimizə çatıb onu içirtdik. Hətta namazın fərz olmadığını da iddia edərək, onun imanında şübhə yaratmağa çalışdım. Nəticədə o, namazlarını azaltmağa başladı, bununla da mən Nəcdli Məhəmmədin əynindən iman paltarını yavaş-yavaş çıxarmağa başladım. Ona təlqin etdim ki, sünnilik və şiəlikdən kənarda özünə bir yol tutsun. Onun fikir və düşüncəsini Səfiyyə vasitəsi ilə öyrənmişdim.
Mənə nazirlik katibi «Biz İspaniyanı müsəlmanlardan içki və qadın sayəsində aldıq» demişdi. Bu nə qədər də doğru imiş. Artıq Nəcdli Məhəmməd mənim cızdığım yolla gedirdi. Mənim vəzifəm ona istiqlalı, hürriyyəti və qisasçılığı başa salmaq idi; bunu da bacardım. Məhz bundan sonra artıq məzhəb qurmağa qərar verdik, axı biz bir-birimizin sirr dostu olmuşduq. İki il sonra (1730-cu ildə) üsyana başladıq. Dəriyyə Əmiri Məhəmməd bin Səudu da öz tərəfimizə çəkdik. Nazirliyin yardımı ilə xeyli gücləndik. Müsəlmanların qəlblərini və etiqadlarını dini yolla təmin etmək üçün Nəcdli Məhəmməddən, siyasi yolla təmin etmək üçün Məhəmməd bin Səuddən istifadə etdik. Beləcə, davamlı şəkildə gündən-gündən qüvvətlənməyə başladıq. Dəriyyə şəhərini özümüzə mərkəz seçdik. Din olaraq da yeni vəhhabilik dinini təşkil etdik. İngilis hökuməti Vəhhabi hökumətini gizlincə dəstəkləyir və hər şeylə təmin edirdi. Hər iki Məhəmməd də göstərdiyimiz yolla gedirdi…»
Cənab Hempherin bu xatirələrinə keçən əsrin əvvəllərində İngiltərədə çıxan bir qəzetin yazısını da əlavə etsək, aydın olar ki, «ingilis barmağı» o dövrdə olduğu kimi indi də fəaliyyətdədir. Qəzet yazıb: «İngiltərə Müstəmləkə naziri əlindəki Quranı göstərərək dedi: «Bu Quran müsəlmanların əlində olduqca biz onlara hakim ola bilməyəcəyik. Bu kitabı onların əlindən almalıyıq, onları bu kitabdan çəkindirməliyik».
Qeyd edək ki, «ingilis barmağı» tarixin müxtəlif anlarında həm də Vatikan-papalar tərəfindən himayə edilib. Bunu 1950-ci ildə papa XII Piyin: «İslam Kilsə üçün təhlükə mənbəyidir» bəyanatı sübut edir…

Ardı var

Məqalədə Azərbaycanın elmi-ictimai həyatında hadisə kimi yadda qalan mərhum akademik Ziya Bünyadovun mənəvi irsindən də istifadə olunub.

LEAVE A REPLY