“Azadlıq fədailəri” nə üçün susdular?

0
2

Ramiz Tağıyev:Bunları görməzdən gəlmək nə iqtidara, nə də müxalifətə başıucalıq gətirmir”

Azərbaycan xalqı oktyabr ayının 18-də Müstəqilliyinin 25-ci ildönümünü qeyd etdi. İqtidar mənsubları bu il bayramı təntənəli qeyd etsələr də, müstəqillik gününə münasibətləri fərqli olub. Baxmayaraq ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çağdaş Milli Azadlıq Hərəkatını daima yüksək qiymətləndirib, ancaq bir çox iqtidar yetkilisi hələ də həmin hərəkatı inkar edir, azadlığın bizə hədiyyə verildiyini sübut etməyə çalışırlar. Nədənsə bu dəfə müxalıfət susqunluq nümayiş etdirməyi məqbul hesab etdi.

Düzdür, bəzi hərəkatçılar sosial şəbəkələrdə statuslar yazdı, ancaq bu geniş oxucu kütləsi üçün görünməz oldu. Məsələyə münasibət bildirən Milli Azadlıq Hərəkatının öndərlərindən olmuş, Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev iqtidardakıların Milli Azadlıq Hərəkatına münasibəti ilə razılaşmadığını söylədi:”Hərəkatda iştirak etməyənlər, kommunist biletlərini hələ də seyflərində saxlayanlar təbii ki, müstəqilliyi SSRİ imperiyasının dağılması nəticəsində qazandıgımızı iddia edəcəklər. Hələ bəziləri M.Qorbaçovun SSRİ-ni dağıtdığını söyləyir.

İqtidarda yüksək vəzifə tutan keçmiş kommunistlər yəqin ki, Qorbaçovun SSRİ-ni saxlamaq üçün müttəfiq respublikaların kommunist təşkilatlarına ünvanladığı təlimatları, məktubları unutmayıblar. Hətta onun KQB-nin bütün strukturlarına göndərdiyi məxfi məktub da var ki, həmin məktub xallı Qorbaçovun nə üsulla olursa-olsun SSRİ imperiyasını saxlamaq istəyindən xəbər verir.

Əlbəttə, müstəqilliyimiz bəzi müxalifət yetkililərinin iddia etdiyi kimi Ali Sovetdə Konstitutsiya Aktı sayəsində qazanılmamışdı. Həmin ana qədər AAzərbaycan xalqı şərəfli mübarizə yolu keçmiş, həmin aktın qəbul edilməsinə zəmin yaratmışdı.

İndi bunları görməzdən gəlmək nə iqtidara, nə də müxalifətə başıucalıq gətirmir. Paytaxt Bakıda mitinqlər, yürüşlər baş tuturdusa, bizlər də bölgələrdə mitinqlərlə yanaşı mübarizənin digər üsullarından istifadə edirdik. Bilirsinizmi, Culfada 1989-cu ilin iyun ayında başlanmış dəmiryolçuların tətili SSRİ imperiyası rəhbərliyini necə narahat etmişdi?! SSRİ-nin rəhbərləri, generallar, marşallar Culfaya axışmışdılar. O cümlədən, həmin illərdə Azərbaycanda yüksək vəzifə tutmuş şəxslər… Biz ümümmilli tələblərimizdən bir an geri çəkilmədik. Elə həmin zamanlardan SSRİ-nin dağılması uğrunda mübarizə aparırdıq. İmperiya rəhbərliyinin ermənipərəst mövqeyi bizə başqa seçim buraxmamışdı. Məni səmimi qəbul edin, Culfada özümüz mübarizə yolumuzu müəyyənləşdirmişdik. Yəni, yerli şəraitdən, mövcud imkanlardan istifadə etməklə. Proqramımız əsas üç xətt üzərində qurulmuşdu. Birinci,SSRİ-nin qan damarı sayılan dəmiryolunu iflic etmək. İkinci, SSRİ-nin tikanlı “dəri”si rolunu oynayan tikanlı sərhəd simlərini söküb, baş verənlər barədə bütün dünyanı məlumatlandırmaq imkanı qazanmaq. Üçüncü isə, imperiyanın onurğa sütunu sayılan KQB-nin fəaliyyətini dayandırmaq. Bütün bunların öhdəsindən gəlmək üçün əzablı günlər, yuxusuz gecələr yaşadıq. Mübarizə illərində torpaqlarımızın müdafiəsini də unutmadıq.

Könüllü batalyonlar yaradıb, düşmənlə vuruşduq. İmperiyanın xarabalıqları üzərində idarəçiliyi müxtəlif səviyyələrdə öz üzərimizə götürdük. Düşünürəm ki, həmin dövrün imkanlarına görə öhdəsindən pis gəlmədik. Xalqımıza şərəflə xidmət edib, onun malına, puluna göz dikmədik. İndi nə villamız var, nə də obyektimiz. Bunu etməmək xəyanətkarlıqdırsa, onda məni ən böyük xəyanətkar hesab edin. Həmin mübarizədə sağlamlığımı itirdim ki, indi zəruri dərmanları əldə etməkdə çətinlik çəkirəm. O ki qaldı bəzi ağzıgöyçək müxalifətbazlara, onların əksəriyyətini paxıllıq, qısqanclıq çoxdan məhv edib. Bir çoxu indi harda olduğunu, kimə xidmət etdiyini də unudub. Elələrinin bir yolu olub, əsil mübarizə insanlarını qısqanclıqdan inkar etmək, onların mübarizəsini özününküləşdirmək və bununla tarixi təhrif etmək. Bu cür müxalifətçilər öz şahid olduqları hadisələri inkar və ya təhrif edirlərsə, onda Milli Azadlıq Hərəkatını inkar edən keçmiş kommunist-bugünkü YAP-çılardan niyə inciməliyik. Mən həmişə demişəm, AXC-Müsavat iqtidarını da kimsə yıxmadı, özümüz yıxdıq. Müxalifətin bugünkü vəziyyəti söylədiyimi bir daha təsdiq edir. İndi mübarizə adamlarını iqtidar sevmədiyi qədər, müxalifətdə sevmir. Müxalifət düşərgəsi əsasən boşboğazların əlinə keçib. Həmin boşboğazlar da əksər zaman bizlərin haqqını mənimsəməyə, qaralamağa çalışıblar. Unudublar ki, mübarizə üçün doğulmuşlar, mübarizənin önündə olmayana qədər, boşboğazlar nəyəsə nail ola bilməzlər.”

 

Nicat