“Ölkədə qida təhlükəsizliyinə haqqında qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Çünki insanları qanunlar idarə edir. Belə qanun müzakirədədir, ancaq hələ bir xəbər çıxmır”.
Bunu Moderator.az-aAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Eyyub Hüseynov bildirib ki, heç bir dövlət qurumunun təhlükəli malların qarşısını almaq ixtiyarı yoxdur: “Dövlət orqanlarının əl-qolu tamam bağlanıb. Yoxlamalar tamam ləğv olunub. Təhlükəli ərzaqlarla bağlı dövlət orqanlarına etdiyimiz müraciətlərə bir cavab gəlir: gedin, məhkəməyə müraciət edin. Kolxoz bazarlarına getsəz görərsiniz ki, nə qədər təhlükəli ərzaqlar var. Onlara kağız verilib, guya yoxlanılıb. Cəmdəklərin üzərində guya baytarlıq idarəsinin nişanları var. Bunlar hamısı yalançıdır. İstehlakçının aldadılması və təhlükəli ərzaqlarla qidalanması baş verir. Bütün bunların aydın göstəricisi odur ki, bizdə apteklər şəbəkəsi digər ölkələrdən 20 dəfə artıqdır. Xəstəxanalarda növbələr… İnsanları xarici xəstəxanalara aparan xüsusi qruplar… Bütün bunlar Səhiyyə Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini, İqtisadiyyat Nazirliyini narahat etməlidir. Bir ay qabaq Braziliyada səfərdə idim, bir apteklər küçəsi vardı, cəmi 16 aptek gördüm orda… Başqa yerdə aptek görmədim. O apteklərdə adam da az idi. Ölkədə bu qədər kimyalaşma baş verir, heç kim bunun tədqiqatını aparmır”.
Eyyub Hüseynov deyib ki, insanların vaxtsız dünyasını dəyişməsində 50 faiz rol qeyri-infeksion xəstəliklərin payına düşür: “Böyük Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Çinlilər deyirdi ki, xəstəliyi boşqabında axtar. Azad İstehlakçılar Birliyi deyir ki, dərmanın sənin qidandır. 23 dekabr 2015-ci ildə ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında 2015-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklərin azaldılması ilə bağlı strategiya sənədi qüvvəyə minib. Və bu strategiya sənədini Səhiyyə Nazirliyi yerinə yetirir. Bu sənəddə qeyd olunur ki, insanların vaxtsız dünyasını dəyişməsində 50 faiz rol qeyri-infeksion xəstəliklərin payına düşür. Qeyri-infeksion xəstəliklərin içərisində 3 amil var: siqaret çəkmə, qeyri-sağlam həyat keçirmə, sağlam qidalanmamaq. Starategiyada insanların sağlam qidalanma ilə təmin etməklə bağlı müddəalar var. Eləcə də qarşıya qoyulan məqsədlərdən biri beş il ərzində on faiz siqaretin çəkilməsini azaltmaqla bağlıdır. 5 ildə siqaretin 10 faiz azadılmasının qarşıya qoyulduğu halda Şəkidə “Azəri” firmasının istehsal etdiyi “Karvan”, “Mehdi” firmasının istehsal etdiyi Şəki siqaretlərinə-təhlükəli siqaretlərə sertifikat verilib. Halbuki biz bu siqaretlərin ekspertizasını keçirdik və gördük ki, bu siqaretlərdə təhlükəli maddələrin miqdarı normadan 67 faiz çoxdur. Səhiyyə Nazirliyi isə bu siqaretlərə sertifikat verib. Sonradan təkzib verdilər ki, biz yaxşı yoxlamamışıq. Belə anormal və saxta ekspertizanın olduğu şəraitdə əlbəttə insanlar ciddi xəstəliklərə, o cümlədən xərcəng xəstəliyinə yoluxacaq, cavan yaşında dünyasını dəyişəcəklər. O siqareti uşaqlar alır çəkir. Çünki 40 qəpiyədir. Valideynlər mənə zəng vurur ki, Eyyub müəllim bunun qarşısını alın. Süleyman Rəhimov 188 ünvanında, topdansatış yerlərində təhlükəli siqaretlər satılır”.
Eyyub Hüseynov daha bir maraqlı fakta diqqət çəkib: “Bu il bazarlarda xüsusi cihaz vasitəsilə müşahidə apardım. Qısa olmayan ömrümdə ilk dəfə yay fəslində iki dəfə qarpız yedim. Qarpızların tərkibində olan nitridlərin miqdarı normadan iki dəfə artıqdır. Bakıda qarpız tapmadım, getdim Sabirabada, orda iki dənə qarpız tapa bildim və yedim. Nitridlərin miqdarının normadan artıq olması insanların oynaqlarında, bədənində müxtəlif xəstəliklər əmələ gətirir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları gedib qarpız yetişdirən adamları başa salmırlar ki, yetişdirmə necə olmalıdır. Hamısı oturub kabinetlərdə, qalsuktuklarını taxıb gəzirlər”.