“Sarika” qasırğası Çinin cənubundakı Xaynan adasında böyük təbii fəlakətə səbəb olub. Ölkənin Milli Meteorologiya Mərkəzi qasırğa ilə əlaqədar ən yüksək səviyyədə – “qırmızı” xəbərdarlıq elan edib.
Bu il qeydə alınan 21-cı qasırğa olan “Sarika”nın sürəti saatda 162 kilometrə çatıb. Güclü yağış, külək, torpaq sürüşməsi, palçıq axını ilə müşayiət olunan qasırğanın törətdiyi fəsadlara görə təxminən yarım milyon sakin təxliyə edilib.
Qasırğa adada ciddi dağıntılara, o cümlədən kommunikasiya xətlərinin sıradan çıxmasına, elektrik verilişində fasilələrin yaranmasına, avtomobil yollarının dağılmasına, ağacların aşmasına, yolların su basmasına səbəb olub. Bundan başqa, Xaykou şəhərindəki hava limanından 250 uçuş təxirə salınıb, sürətli dəmir yolu qatarlarının hərəkəti dayandırılıb, sürüşkən yolda 45 sərnişini daşıyan avtobus aşıb, əkin sahələrinə ciddi ziyan dəyib.
Təbii fəlakətlə əlaqədar məktəblərdə və uşaq bağçalarında dərslər təxirə salınıb, turizm məkanları ictimaiyyət üçün bağlanıb(azərtac).