İlham Əliyev:“İran-Rusiya-Azərbaycan əməkdaşlıq formatı ciddi geosiyasi təşəbbüsüdür və artıq reallıqdır” –MÜSAHİBƏ

0
6

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova Sputnik Azərbaycan və RİA Novosti üçün müsahibə verib.

 

Müsahibənin tam mətnini təqdim edirik:

 

– Cənab Prezident, Sizi dövlətinizin böyük yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. 25 il — əgər bu, insan ömrü olsaydı, ömrün ilk 25 ili həlledicidir, hər şeyin əsası onda qoyulur. Azərbaycanın qurucusu Heydər Əliyev və onun davamçısı olan Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan ilk 25 ilini necə başa vurur?

— Əslində, çox əlamətdar bir tarixdir, 25 il böyük müddətdir. Bu müddət ərzində uğurlar, uğursuzluqlar, itirilmiş imkanlar barədə danışmaq mümkündür. Ümumilikdə, bu illər ərzində Azərbaycan çox böyük inkişaf, quruculuq yolu keçib. Bu gün o, milli köklərə söykənən, eyni zamanda dünyəvi, çoxmillətli, çoxdinli, uğurla inkişaf edən, yalnız öz qüvvəsinə arxalanan, qonşuları ilə mehriban münasibətlərə malik, dünya ictimaiyyətinin etibarlı və layiqli üzvü olan müstəqil və bu sözün tam mənasında özünü təmin edən dövlətdir. Yəni dövlətçiliyin inkişafı, qurulması, möhkəmləndirilməsi üzrə əsas vəzifələr, əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb. Çünki həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli sferasında həll olunan və həll ediləcək çoxlu sayda proqramlar var.

İqtisadi sahədə nailiyyətlər barədə çox danışmaq olar, bir faktı nəzərinizə çatdırım: Davos Ümumdünya İqtisadi Forumunun sonuncu hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 37-cidir. Bu, MDB-də birinci və beynəlxalq arenada kifayət qədər ciddi yerdir. Ona görə bizim qarşımızda üfiqlər açıqdır, biz inamla irəliləyirik və əminəm ki, əsrin növbəti 25 ili də sürətli inkişaf dövrü olacaq.

 

– Əslində bu sualı sonda vermək istəyirdim, lakin mənə elə gəlir ki, Siz indi bir çox vacib məqamı qəsdən və bəlkə də təvazökarlıqdan qeyd etmədiniz: Azərbaycan həm də gözəl ölkədir, Bakı bu illər ərzində möhtəşəm, füsunkar, böyük zövq ilə yenidən tikilmiş və bərpa edilmiş şəhərə çevrilib. Hiss olunur ki, burada tamamilə şüurlu, ardıcıl xətt var: öz ölkəni, onun paytaxtını həm öz vətəndaşlarına, həm də bütün dünyaya xüsusi şəkildə təqdim etmək. Və burada yalnız puldan söhbət getmir, çünki dünyada pul çoxdur, burada başqa nəsə var. Bu, nədir?

— Bilirsiniz, bayağı görünə bilər, lakin düşünürəm ki, əsas öz şəhərinə olan sevgidir. Çünki biz, Bakıda, eləcə də Azərbaycanın hər yerində yaşayan insanlar Bakını çox sevirik. Bakı tarixi şəhərdir, tarixi memarlıq abidəsidir və təəssüf ki, uzun illər ərzində o, bir qədər baxımsız qalmışdı. Köhnəlmiş evlər, aşınmış şəhər infrastrukturu, necə deyərlər, şəhər mebeli. Ona görə də biz çox mürəkkəb məsələni həll etməli idik, şəhəri sakinlər üçün necə daha əlverişli, daha gözəl etməli, eyni zamanda onun tarixi görkəmini pozmadan. Fikrimcə, buna nail ola bildik, çünki Bakıda tarix və müasirlik çox harmonik şəkildə ahəng təşkil edir. Siz orta əsrləri xatırladan İçərişəhərdən çıxıb yolu keçərək geniş prospektli, gözəl evləri, 16 km uzunluğunda bulvarı olan müasir meqapolisə düşə bilərsiniz. Yəni tarix, keçmiş və müasirlik arasında bu harmoniyanı qurmaq asan deyildi. Lakin məncə, biz buna nail ola bildik. Sizə şəhərimizə verdiyiniz bu qiymətə görə təşəkkür etmək istəyirəm. Əlbəttə, Bakıya gələnlərdən belə sözlər eşitmək xoşdur. Bu, bizi ruhlandırır. Amma digər tərəfdən, biz əsasən bunu özümüz üçün edirdik. Çünki klassiklərdən biri demişkən, mühit şüuru formalaşdırır. Sənin ətrafında gözəllik olanda, bu, əhvalını qaldırır, dünyagörüşünü formalaşdırır, nizamlayır, ona görə də şəhərdə təmizlik də bu dəyişikliyin nəticəsidir.

– Neft və ümumilikdə karbohidratlar Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. İndi itkiləriniz çoxdur? Qiymətlərin düşməsi şəraitində Azərbaycanın strategiyası nədən ibarətdir? Bu strategiyanın özəllikləri nədədir?

— Biz çox illər ərzində neftdən asılılığı azaltmağa çalışırdıq. Müəyyən mənada buna nail ola bildik. Biz praktiki olaraq tamamilə özümüzü ərzaqla, məhsullarla təmin edirik. Biz ərzaq məhsullarının ixracatçısıyıq, həm də kənd təsərrüfatının, regional infrastrukturun, turizmin inkişafına çox böyük sərmayə qoymuşuq, ona görə də neftdən asılılıq ciddi şəkildə azalıb. Belə bir rəqəm deyim: bizim ümumdaxili məhsulda neft 30%-dən bir qədər çoxdur, lakin o, bizim ixracımızın əsas hissəsini təşkil edir. Bu gün əsas vəzifə ixracı şaxələndirmək və bazara rəqabətədavamlı məhsullarla çıxaraq, neftin qiymətinin düşməsindən gördüyümüz ziyanı aradan qaldırmaqdır. Bu ziyanı hesablamaq asandır. Əgər neftin qiyməti üç dəfə düşürsə — ilin əvvəlində isə dörd dəfə düşmüşdü — təbii ki, gəlirlərimiz də o qədər azalır. Biz bu ilin büdcəsini 1 barelə görə 25 dollardan hesablamışıq, bu ili profisitlə başa vururuq. Gələn ili 40 dollardan götürürük. Fikirləşirik ki, bundan da aşağı düşməyəcək, ona görə də prinsipcə bizim üçün bu, hansısa çətinlik yaratmır. Yeganə ixtisar etdiyimiz dövlət sərmayə layihələridir. Bəlkə də belə daha yaxşıdır, çünki həddindən çox sərmayə və həddindən çox tələbat var idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət qurumlarından çox sifarişlər olur. Ona görə də neft qiymətləri böhranı bizi, hətta bir qədər özümüzə gətirdi və göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz də elə edirik.

– Hazırda, OPEC-in 30 noyabrdakı gözlənilən qərarları ərəfəsində Azərbaycan üçün nə yaxşıdır: neft hasilatının azaldılması, hazırkı səviyyədə qalması? Kvotaların tətbiqi və ya başqa nəsə?

— Bilirsiniz, nəyin daha effektiv olacağını demək və proqnozlaşdırmaq çətindir. Əsas olan məqsədinin necə qalmasıdır. Hazırda, gördüyümüz kimi, həm istehsalçılar, həm də istehlakçılar sabitləşməyə, yəni artıma can atırlar. Çünki neftin aşağı qiymətləri istehlakçılara da mənfi təsir edib. Xüsusən böyük, inkişaf etmiş ölkələr sifarişlərə görə böyük məbləğdə ödəniş həyata keçirən dövlətlərə daha az sifariş verməyə başlayıb, yəni, onların iqtisadiyyatına ziyan dəyib. Bu gün, əlbəttə, neftdən çox asılı olan hasilatçı ölkələrin iqtisadiyyatları da ziyan görür. Ona görə də sabitləşmənin əsas amili OPEC ölkələri və iri OPEC üzvü olmayan ölkələr arasında vahid siyasət barədə razılaşma ola bilər. Biz hadisələrin inkişafını belə görürük və hər şey ona doğru gedir. Fikrimcə, bu baş verəcək. Lakin bütün tərəflərin maksimum səmimi, düzgün olması və qərar qəbul olunarsa, onun yerinə yetirilməsinə nəzarət edən işlək mexanizm lazımdır. Neft dünyasının ümumi əhvalı qiymətin 60, bəlkə də 70 dollara qalxması istiqamətindədir. Məncə, bu, hamıya sərfəli olardı: şirkətlərə — bu onlara sərmayə qoymağa imkan yaradardı, istehsalçı ölkələrə — onlar müxtəlif layihələr üçün vəsait əldə edərdi. Həmçinin istehlakçılar hazırda məhrum olduqları sifarişlərin verilməsindən son nəticədə qazanacaqlar.

 – Azərbaycan bunu dəstəkləyir?

— Azərbaycan birmənalı olaraq buna tərəfdir və biz bunu dəfələrlə bəyan etmişik. Biz birtərəfli qaydada bəyan edirik ki, hətta heç bir digər qərarı gözləmədən neft hasilatını artırmayacağıq.

– Yəni istehsalı dondurursunuz?

— Müəyyən mənada elədir. Artırmırıq.

– Aydındır ki, bu mövzuda, həm də Azərbaycan üçün, Rusiya və Türkiyənin razılaşdığı “Türk axını” məsələsi ortaya çıxır. Azərbaycanın özünün TANAP adlı layihəsi var. Hansı səviyyədə rəqabət hiss edirsiniz? Və ya bunlar paralel layihələrdir? TANAP-la bağlı durum nə yerdədir?

— TANAP “Cənub Qaz Dəhlizi” kimi iri layihənin bir hissəsidir. Öz növbəsində “Cənub Qaz Dəhlizi” layihəsi dörd komponentdən ibarətdir. Söhbət dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” layihəsinin işlənməsindən, “Cənubi Qafqaz” boru kəmərinin tikintisindən və onun genişləndirilməsindən, ardınca isə TANAP və TAP layihələrinin tikintisindən gedir. Bütün bu komponentlər özlüyündə vacibdir. Bu layihənin ilk mərhələsində qaz satışı ilə bağlı müqavilələr imzalanıb və satışlar həyata keçirilib. Biz hasilatın artırılması ilə bağlı müqavilələr imzalamışıq və bu proses 2018-ci ildən etibarən baş tutacaq, 2020-2021-ci illərdə isə hasilat pik həddə çatacaq. Bu baxımdan digər regional enerji layihələri obyektiv səbəblərdən TANAP-la rəqabət apara bilməz. Bu, birinci. İkincisi, biz qonşularımızın və dostlarımızın həyata keçirdiyi layihələri — o cümlədən “Türk axını”nı qəbul edirik və buna ancaq sevinirik. Çünki bu, bölgədə qarşılıqlı fəaliyyəti, əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirir və ölkələrə bölgədə öz iqtisadi və enerji maraqlarının tam mənada həyata keçirmə imkanı yaradır. Ona görə, “Türk axını” layihəsi tərəfimizdən həmişə dəstəklənib və müəyyən müddət keçdikdən sonra bu layihənin yenidən həyata keçirilməsinə başlanmasına çox sevindik. Bu yaxınlarda İstanbulda mənim də iştirak etdiyim Ümumdünya Energetika Konqresi zamanı Türkiyə və Rusiya bu layihəni imzaladı, mən bu münasibətlə öz rusiyalı və türkiyəli dostlarımızı təbrik edirəm.

– Lakin bu layihənin imzalanması, sadəcə biznes deyil. Bu, Rusiya və Türkiyənin barışmasının simvoludur. Azərbaycan bu barışıqda hansı rolu oynadı? İndi yəqin ki, hansısa detallar barədə danışmaq olar?

— Bu barədə mənim danışmağım yəqin ki, qeyri-təvazökarlıq çıxar. Yəqin ki, bizim o müddət ərzində etdiklərimizə, birbaşa hadisəyə aidiyyəti olan ölkələrin qiymət verməsi daha düzgün olar.

– Siz nə olduğunu deyin, onlar qiymətlərini verərlər…

— Əlbəttə, Rusiya ilə Türkiyə arasında baş verənlər bizi çox narahat edirdi. Bir çox səbəblərdən. Birincisi, Türkiyə və Rusiya bizim qonşularımızdır. İkincisi, bizə yaxın ölkələrdir. Demək olar ki, həm siyasət, həm də iqtisadiyyatda bizim əsas tərəfdaşlarımızdır. Və biz Rusiya və Türkiyə arasında münasibətlərin inkişafının gedişindən çox məmnunuq. Xatırlayıram ki, 2015-ci ilin iyununda I Avropa Oyunlarının açılışında prezident Putin və prezident Ərdoğan Bakıda çox gözəl bir görüş keçirdilər. Bu, onların çoxsaylı görüşlərindən biri idi. Təəssüf ki, son baş verən faciəvi insident bu münasibətlərə zərbə vurdu. Bu, narahatlıq doğururdu. Bu, həm Rusiya, həm Türkiyə, həm də onların dostları üçün pis idi. Yəni, həm də bizim üçün. Ona görə də biz, öz tərəfimizdən imkanlarımız daxilində, həmçinin Rusiya və Türkiyə üçün qəbul edilən tərzdə münasibətlərin normallaşmasına töhfə verməyə cəhd edirdik. Yəni çox ehtiyatla, bu məsələlərə müdaxilə etmədən, öz imkanlarımızı təklif edirdik. Çünki hesab edirdik və edirik də ki, bizim belə imkanlarımız var. Normallaşmanın baş verməsi, hesab edirəm ki, ədalətin bərpa olunmasıdır, faciəvi anlaşılmazlığın aradan qaldırılmasıdır. Yəqin ki, səbəblər təhlil olunacaq. Bildiyim qədər artıq təhlil olunub. Bizim məlumatlarımıza əsasən, burada Rusiya və Türkiyənin yaxınlaşmasını narahatlıqla izləyən müəyyən qüvvələrin müdaxiləsi olub.

– Siz nəyə işarə edirsiniz?

— Mən, sadəcə müəyyən obyektiv müşahidələr nəticəsində hadisələrə formalaşmış qiymətimizi verirəm.

– Yəni bu, xarici təxribat idi?

— Bu, istisna deyil. Hər halda təyyarə hadisəsi baş verəndə birinci ağlımıza gələn bu variantın mümkünlüyü oldu. Çünki baş verənlər birmənalı olaraq Türkiyənin marağında deyildi. Kiminsə şüurlu olaraq belə qeyri-dost hərəkətini etməsini düşünmək belə, olmurdu. Aydındır ki, belə faciəvi hadisədən sonra emosiyalar işə düşdü və onlar hadisələrə o dərəcədə müdaxilə etdilər ki, nə baş verdiyini artıq aydınlaşdırmaq olmurdu. Emosiya emosiya doğururdu, sözə sözlə cavab verilirdi. Qarşısı alınmalı olan spiral işə düşmüşdü. İndi onun qarşısı alınıb. İndi aydınlaşdırmaq lazımdır. Fikirləşirəm və demək olar, əminəm ki, bu işdə təxribat var. Çünki Rusiya-Türkiyə münasibətlərinin xarakteri və ruhu qəti olaraq Rusiya hərbi aviasiyasının uçuşlarına bu formada reaksiyanı ehtiva etmirdi. Lakin yenə də çox ehtiyatla və ölçü-biçili şəkildə, yaxın dostlarımızın dövlətlərarası münasibətlərinə müdaxilə etmədən öz tərəfimdən bu müşahidələrimi dilə gətirirəm. Eyni zamanda, əlbəttə ki, bunun keçmişdə qalmasına məmnunluğumu ifadə etmək istəyirəm. Oktyabrın 10-da İstanbuldakı Ümumdünya Energetika Konqresində biz yanaşı oturmuşduq — prezident Putin, ondan sağda mən və solda isə prezident Ərdoğan. Bizim aramızda rəsmi tədbirlərdə olan qızğın söhbət getdi, digərlərində olduğu kimi və göründüyü kimi, bütün anlaşılmazlıqlar keçmişdə qaldı. Biz buna çox sevinirik.

– Bu nümunədə Azərbaycanın bölgədə necə müsbət və güclü rol oynadığı ortaya çıxır. Həmçinin, Azərbaycan-İran-Rusiya üçbucağı görünür. İndi bu, çox sabit siyasi konstruksiyadır. Biz keçən dəfə görüşəndə siz dediniz ki, onun üzərində çox işləyirsiniz, artıq nəticə var. Bu üçbucaq mövcuddur?

— Siz çox vacib mövzuya toxundunuz. Bu mövzunun inkişaf üçün yaxşı potensial var və gələcəkdə bölgəmizdə təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində vacib rol oynayacaq. Bu ilin əvvəlində mən İranda rəsmi səfərdə idim və iranlı həmkarım Ruhani ilə İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı ideyasını irəli sürdüm. Bu, çox pozitiv qəbul olundu. İrandan qayıdandan sonra mən Vladimir Putinlə əlaqə saxladım və o, bu ideyanı çox müsbət dəyərləndirdi. Biz bu istiqamətdə fəal surətdə işləməyə başladıq. Bu hadisələrdən, təxminən iki ay sonra Bakıda üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, sözügedən istiqamətdə ilk təcrübə idi. Təcrübə uğurlu oldu və avqustun əvvəllərində Bakıda keçirilmiş üç ölkə prezidentlərinin iştirakı ilə sammitə hazırlıq başladı.

Fikrimcə, o, tarixi sammit oldu. Birincisi, ona görə ki, tarixdə ilk dəfə olaraq bu üç ölkənin rəhbərləri bu formatda sammitdə görüşürlər. İkincisi ona görə ki, biz tarixə qayıtmırıq. Bölgəmizdə ölkələr, imperiyalar arasında əlaqələrin tarixi sadə olmayıb. Bunu hamımız bilirik. Bu gün görürük ki, xoş məram olduğu halda istənilən şəkildə olan tarixi yaddaş öz yerini praqmatizmə və əməkdaşlığın möhkəmləndirilməsi istəklərinə verir. Azərbaycan müxtəlif dövrlərdə İran və Rusiya imperiyalarının tərkibində olub. Buna görə də bu sammitin Bakıda təşkili böyük əhəmiyyətə malikdir. Biz bunu böyük qonşularımızın gördüyümüz işə hörməti kimi, həm də yeni əməkdaşlıq formatı kimi qəbul edirik. Bu, ciddi geosiyasi addımdır. Biz təbii ki, nəqliyyat təhlükəsizliyi məsələlərini, energetikanı, sərmayələri, iqtisadi məsələləri müzakirə etdik, gündəlik kifayət qədər geniş idi. Amma əsas odur ki, coğrafiyaya və bizim maraqlarımıza əsaslanan yeni regional əməkdaşlıq formatı yaradırıq. Çünki yalnız Azərbaycanın həm Rusiya, həm də İranla sərhədləri var. Müstəqil dövlət kimi bizim təhlükəsizliyimiz bizim bölgəmizdə təmin olunur. Sərhədlərimizin ətrafındakı təhlükəsizlikdən bizim təhlükəsizliyimiz asılıdır. Ona görə də, qonşularımız arasındakı sıx əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir. Və biz belə görüşü təşkil edə bildiyimiz üçün sevinirik və bununla fəxr edirik. Ümid edirik ki, bunun gələcəkdə davamı olacaq.

– Yəni bu üçbucaq artıq beynəlxalq siyasətin faktıdır, kifayət qədər möhkəm dayaq nöqtəsidir?

— Şübhəsiz. Bu, artıq dünya, qlobal siyasət faktıdır. Bu, sadəcə regional və yaxud nəqliyyat formatı deyil, ciddi xarici siyasət, geosiyasət təşəbbüsüdür və artıq reallıqdır. Biz bu formatı daha da zənginləşdirmək üçün öz tərəfimizdən lazım olan hər şeyi edəcəyik. Rusiyalı və iranlı həmkarlarımız tərəfindən də məsələyə bu cür yanaşmanı müşahidə edirik.

— Dünyada iki tendensiya arasında mübarizə gedir: biri destruktiv “parçala və hökm sür”, digəri isə ölkələri birləşdirərək bir-birini tamamlayan dinc konstruksiyalar yaratmağa səy göstərən konstruksiya. Belə konstruksiyalardan biri Avrasiya İqtisadi Birliyidir. Azərbaycan ona qoşulmağı planlaşdırırmı?

— Bu mövzu barədə söhbətlər çoxdandır, həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin siyasi elitalarında gedir. Belə deyim: biz, prinsipcə bu gün özümüzü olduğumuz yerdə kifayət qədər inamlı hiss edirik. Azərbaycanın 25 illik inkişafının nəticəsi, xüsusən də iqtisadi sahədə, həmçinin siyasi inkişaf sahəsində bunun bariz göstəricisidir. Son 13 il ərzində biz ÜDM-in həcmini 3 dəfə artıra bilmişik. 2003-cü ildəki 49%-lik yoxsulluq səviyyəsini bu il 5%-dək endirmişik. Bizim böyük valyuta ehtiyatlarımız var. Hətta, neft qiymətlərinin düşdüyü bir dövrdə Neft Fondumuzun valyuta ehtiyatları artır. Çünki biz qənaətlə xərcləyirik və artıq neftdən qazanmırıq. Ona görə, bizi həm siyasi, həm də iqtisadi vəziyyətimiz qane edir. Lakin bir məsələ də var ki, dünya dəyişir. Yeni təhlükələr, yeni çağırışlar ortaya çıxır, biz görürük ki, “hər şey yanır”, yeni qeyri-sabitlik ocaqları, potensial risk mənbələri yaranır, bu şərtlərdə əlbəttə ki, ənənəvi tərəfdaşlarla sıx qarşılıqlı əlaqədən çox şey asılıdır. Bu gün AİB üzvü olan ölkələrlə iqtisadi, həm də siyasi əməkdaşlığımızın formatı kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün, əlbəttə motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və digər xarakterli ola bilər. Hazırda bu istiqamətdə işləyirik.

Şübhəsiz, heç kəsə sirr deyil ki, AİB üzvü olan ölkələrdən bizim üçün ən prioritet tərəfdaş böyük qonşumuz olan Rusiyadır. Bu ölkə ilə bizim digər AİB ölkələri ilə müqayisədə ən böyük ticarət dövriyyəmiz var. Qarşılıqlı münasibətlər və qarşılıqlı etimad səviyyəsi də ən yüksəkdir. Rusiya ilə siyasi, sosial-iqtisadi planda heç bir problem yoxdur. Prezident Putinin avqustda Bakıya son səfəri bunu bir daha təsdiq etdi. Biz münasibətlərdə, düzəldilməsinə ehtiyac olan nəsə bir mövzu tapmadıq. Azərbaycanla Rusiya arasında azad ticarət zonası barədə müqavilə var. Yəni məhdudiyyət yoxdur.

Lakin indi əlavə motivasiya axtarışı gedir. Biz maraqla Avrasiya məkanında proseslərin necə getdiyini müşahidə edirik, çünki orada da hər şey rəvan deyil. Orada da müəyyən mənada çətinliklər var. Ona görə də biz hər şeyi təhlil etməliyik, biz inteqrasiya etməliyik. Azərbaycanın siyasi üslubu şikayət etməmək, öz problemlərini özü həll etməkdir. Belə demək olarsa, xarici bazara yalnız pozitivi çıxarmaq istəyirik. Ona görə də, hansı tendensiyanın olacağına hələ baxmaq lazımdır və əlbəttə ki, əgər birlik cəlbedici olarsa, ora çoxları can atacaq. Ona görə də, heç nəyi istisna etmək olmaz, lakin hazırkı dövrü mən, məhz belə xarakterizə edərdim.

– Dediyiniz kimi, “ətrafda hər şey yanır”. Əlbəttə ki, Siz radikal islam təhlükəsini nəzərdə tuturdunuz. Azərbaycan hansı səviyyədə bu təhlükəni hiss edir?

— Belə deyim: bizdə ölkə daxilində bu baxımdan təhlükə yoxdur. Cəmiyyətimiz milli ideya ətrafında birləşib. Bu ideya dəyərlərimizin prioritetliyi, multikulturalizmin yayılmasından ibarətdir. Yeri gəlmişkən, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, müstəqilliyimizi möhkəmləndirmək və bütün iqtisadi və sosial problemləri həll etmək ideyaları ətrafında birləşib. Buna görə də burada radikallar üçün nə sosial, nə də iqtisadi baxımından baza var. Çünki praktiki olaraq yoxsulluq yoxdur. Onlar öz tərəfdarlarını haradan toplayırlar? Əsasən yoxsul təbəqədən. Azərbaycanda savadlılıq 100%-dir. Onlar tərəfdarlarını haradan toplayırlar? Savadsız kütlədən. Bizdə bu kütlə də yoxdur. Ətrafımızda isə belə deyil. Ona görə də bizim üçün əsas özümüzü neqativ kənar təsirlərdən, o cümlədən dini ekstremizm mənasında qorumaqdır. Bizim cəmiyyət öz milli, dini və mənəvi köklərinə dərindən bağlıdır. Biz öz müqəddəs yerlərimizə hörmət edirik və buna ehtiramla yanaşırıq. Eyni zamanda, cəmiyyətimiz dünyəvi, müasir cəmiyyətdir. Hesab edirəm ki, Azərbaycan müasir dünyəvi müsəlman ölkəsi olaraq hələ tam öyrənilməyib. Azərbaycan bir çox ölkələr üçün yaxşı nümunə ola bilər. Ona görə də radikalizmlə mübarizə sahəsində bizim üçün əsas məqsəd özümüzü mövcud xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır. Lakin bunun üçün ölkəmizin təhlükəsizliyini təmin edən müvafiq orqanlar mövcuddur və ona görə də Azərbaycan bu gün ətrafda gördüyümüz hər şeyin fonunda sabitlik, inkişaf, əmin-amanlıq məkanı olaraq qalır. Biz bunun qədrini bilirik, vətəndaşlarımız bunun qədrini bilirlər. Onlar hər gün Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə, “qaynar nöqtə”lərdə nələrin baş verdiyini görürlər. Müharibə, qan, dağıntılar. Bu, Azərbaycan xalqını daha da birləşdirir və radikalizm əleyhinə ən yaxşı “peyvənd”dir. Buna baxmayaraq, biz bir dəqiqə də olsun, məhz müasirliyə, dünyəviliyə, xeyirin şərdən üstün olmasına yönəlmiş siyasətimizlə bağlı fəaliyyətimizi zəiflətməməliyik. Biz bu istiqamətdə mütəmadi işləyirik.

– Siz inkişaf etdirilməli olan bir neçə mövzuya toxundunuz. Onlara bir azdan qayıdacağıq. Lakin, əgər radikal islamdan başladıqsa, fikrinizcə, Suriyada nə baş verir? Hansı dinamika izlənilir? İndi hamı ondan çox danışır… Fransua Olland, az qala Rusiyanı beynəlxalq tribunala cəlb etmək istəyir və hamı guya ki, orada törədilmiş hərbi cinayətlərdən danışır. Eyni zamanda, dediniz ki, beynəlxalq siyasətdə səmimilik və düzgünlük olmalıdır. Bütün bunlar necə uyğunlaşır?

— Bilirsiniz, bizə Suriyada baş verənləri açıq şərh etmək çətindir, çünki bu ölkədən kifayət qədər informasiya mənbəyi yoxdur. Məlumatı biz, əsasən dünya KİV-dən alırıq və hər bir ölkə bu hadisələri öz mövqeyindən təqdim edir. Lakin bir şey aydındır — Suriya faktiki olaraq artıq bir neçə ildir dağıdılır. Şəhərlər dağıdılır, dinc sakinlər həlak olurlar. Bu əzabın sonu görünmür. Ona görə də mən dəfələrlə müxtəlif tribunalardan bu barədə demişəm və bir daha demək istəyirəm ki, terrorçuluğa, yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Təəssüf ki, bu gün belə bir birləşməni görmürük və bu halda Rusiya tərəfinin bəyan etdiyi “ekstremistlər, terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır” yanaşmasını tam özünü doğrultmuş hesab edirəm. Terrorçuları yaxşı və pislərə bölmək düzgün deyil. Gec-tez bu, bumeranq kimi qayıdacaq, tarix dəfələrlə bunu sübut edib. Lakin hələlik bu istiqamətdə konsensusu görmürük, bu isə, böyük narahatlıq doğurur.

Hazırda durum gərginləşməyə doğru gedir. Ümid etmək istəyirəm ki, Suriya üzrə danışıqlar nəticə verəcək. Lakin əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır, onun ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Suriya xalqı taleyini özü müəyyənləşdirməlidir. Bax, bu iki sadə tezis var, bildiyim qədər bu tezislər sizə də yaxındır. Burada tam həmfikirik. Məsələni bu kontekstdə həll etmək lazımdır, təəssüf ki, gördüyümüz kimi, problemin həlli aylar ötdükcə, daha da çətinləşir.

– Azərbaycanın milli ideyasından danışarkən, onun tərkib hissəsi kimi ərazi bütövlüyünün bərpasından söz açdınız. Biz artıq həssas Dağlıq Qarabağ mövzusuna yaxınlaşdıq. Hamı güzəştlər arzulayır. Güzəşt mümkündürmü və hansı şərtlərlə?

— Bilirsiniz, güzəşt deyərkən nəyin nəzərdə tutulduğunu və hər bir tərəfin onu necə anladığını dəqiq başa düşmək lazımdır. Nə etməyi demək üçün nə baş verdiyini bilmək lazımdır: əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, həmişə belə olub. Biz İrandan, Şərqi Anadoludan erməni əhalisinin kütləvi şəkildə bu torpaqlara köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, “Qarabağ” sözünün özü də daxil olmaqla, Azərbaycan mənşəlidir. Sovet dövründə orada artıq köçürülmüş erməni əhalisinin olması səbəbindən, Ermənistanla sərhədi olmayan muxtar vilayət, yəni respublika da yox, yaradıldı. Hər şey də normal idi, həyat öz axarı ilə davam edirdi, xüsusi problemlər yox idi. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə, Dağlıq Qarabağ Azərbaycanın bir çox digər bölgələrindən irəlidə idi. Yəni diqqət ayrılmaması barədə danışmaq ədalətsizlik olardı. Həm də ki, bu cür muxtariyyətlərə mərkəzi hakimiyyətin də xüsusi münasibəti olurdu. Lakin SSRİ-nin dağılması ərəfəsində orada separatçı tendensiyalar üstünlük təşkil etdi. Bütün bunlar qanlı qarşıdurma ilə bitdi. Əvvəlcə azərbaycanlıları, təxminən 30% təşkil etdikləri Dağlıq Qarabağdan qovdular. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan 7 rayonunu işğal etdilər. Bu rayonlarda, yalnız Azərbaycan əhalisi var idi. Həmin ərazilər dağıdıldı. ATƏT iki dəfə faktaraşdırıcı missiya göndərdi. Onların hesabatı, sadəcə dəhşət doğurur: orada bir dənə də olsun, salamat bina yoxdur. Qəbiristanlıqlar, məscidlər — hamısı dağıdılıb. Dağlıq Qarabağdan kənarda olan ərazilərdən 750 mindən artıq insan qovulub. Dağlıq Qarabağdan 40 min, Ermənistandan isə 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə kasıb bir ölkədə 1 milyon qaçqın var idi. Praktiki olaraq bütün beynəlxalq təşkilatlar düzgün qətnamələr qəbul etdi. BMT Təhlükəsizlik Şurasının, erməni işğalçı qüvvələrinin işğal olunmuş torpaqlardan təcili, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çoxdur yerinə yetirilmir. Avroparlament, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmamaq Hərəkatı — hər şey identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll olunmur. Onun həll olunmamasının əsas səbəbi Ermənistanın həlli istəməməsidir. Çünki həll Ermənistanın qeyri-qanuni olaraq işğal etdiyi torpaqların azad olunması deməkdir. Onlar status-kvonun dəyişilməz olmasını istəyirlər. Nizamlama ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin şəxsində, dəfələrlə bildirilib ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, bu bəyanatlardan o tərəfə iş getmir. Biz münaqişənin həllini necə görürük? Təbii ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil və ola da bilməz. Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşa bilmərik və erməni tərəfi bunu gözəl bilir. Lakin məqbul güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünü idarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgə yaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür. Biz münaqişənin həllini bu cür görürük. Bu, həmsədrlərin irəli sürdüyü, üzərində işlədiyimiz təkliflərlə üst-üstə düşür. Lakin məsələnin həll olunmamasının başlıca səbəbi odur ki, Ermənistan 24 il ərzində, Minsk qrupu yaradıldığı gündən, müxtəlif yollarla danışıqlar prosesində istənilən kiçicik irəliləyişə maneə yaradır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar yaşadıqları yerdə də yaşamalıdırlar. Çünki onlar çoxdandır orada yaşayırlar: erməni əhalisi 200 ildir, azərbaycanlı əhalisi ondan xeyli çox. Lakin məsələ bunda deyil. Məsələn, Şuşada əhalinin 95%-i azərbaycanlılar idi. Onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. İndi orada tamamilə başqa adamlar yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada əvvəl yaşadığı kimi, yenə də yaşamağa davam etsin. Biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya əzab-əziyyət verdilər. Lakin bununla özləri xoşbəxt oldularmı? Ora daha təhlükəsiz, çiçəklənən bir yerə çevrildimi? Əlbəttə ki, yox. Azərbaycanla əlaqələri normallaşdırmadan bu regionda inkişaf ola bilməz. Onlar həmişə müəyyən təzyiq altında yaşayacaqlar. Fikirləşəcəklər ki, nəsə baş verə bilər. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, lakin özgə torpaqlarını vermək istəmir. Fərq bundadır.

– Yəni güzəşt və sülhə gedən yol budur?

Şübhəsiz, bundan artıq güzəştlərə gedilə bilməz. Artıq dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz. Lakin yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi məsələsində güzəşt ola bilər. Gələcəkdə əgər biz razılaşsaq, Dağlıq Qarabağ muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu yaxşı bilir, sadəcə onlar ictimai fikirlə manipulyasiya edirlər, düşmən obrazı yaradırlar, danışıqlar prosesinin mahiyyətini təhrif edirlər, onu elə təqdim edirlər ki, guya Azərbaycan, az qala erməni əhalisini məhv etmək və qovmaq istəyir. Bu, belə deyil.

– Nəyə ümid etmək olar? Real danışıqların nə vaxtsa başlanacağına dair oriyentrlər var? İndi dəbdə olan “yol xəritəsi”ndən söhbət gedə bilər? Hər hansı müvəqqəti mərhələlərdən danışmaq olar?

— Bu, bizdən asılı deyil. Hər şey yuxarıda dediyim kimidir. Danışıqlar formatı mövcuddur, danışıqlar davam edir, Ermənistan hər vəchlə maneə yaradır. Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, əvvəlcədən onların bizim üçün qəbuledilməz olduğunu bilir. Beləliklə danışıqlar yenə də non-stop şəklinə düşür. Niyə? Çünki ya həll etmək istəmirlər, ya bacarmırlar, yaxud hansısa daxili siyasi səbəblərdən cəsarətləri çatmır, bəlkə də hamısı bir yerdə. Vasitəçilər, dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının daimi üzvləri bizə deyirlər: Sülh yolu ilə həll etmək lazımdır.

– Minsk qrupunun üzvü olan ölkənin dövlət katibi Con Kerri bu yaxınlarda bildirib ki, “hələlik bu münaqişənin həlli vaxtı çatmayıb”. Bu, nə mənaya gəlir?

— Bu, ümumiyyətlə diplomatik kazusdur, bizim Xarici İşlər Nazirliyi bu yersiz bəyanata artıq reaksiya verib, mən də reaksiya vermişəm. Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında mən bu bəyanat barədə kifayət qədər aydın şəkildə fikrimi bildirmişəm. Mən demişəm ki, Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq, ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir. Prezident Obama Fransa və Rusiya dövlət başçıları ilə bir yerdə status-kvonun qəbul edilməz olduğu barədə bəyanat verib. Və bu tərəfdən də ABŞ dövlət katibi bəyan edir ki, nizamlanmanı görmür, bundan əlavə o bildirir ki, bu münaqişəni nizamlamaq Fələstin-İsrail münaqişəsini nizamlamaqdan çətindir. O, nə işarəsi verir, özü də kimə? O, Ermənistana işarə verir ki, bu münaqişəni Fələstin-İsrail münaqişəsi qədər uzatmalısınız? Bu, tamamilə qəbulolunmaz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə nizamlanmaması məsələsinə aydınlıq gətirir. Çünki beynəlxalq təşkilatların qərarları, qətnamələri var və onlar yerinə yetirilmir. İşğalçı ölkəyə təzyiq göstərilmir, əksinə bir çox hallarda işğalçı təşviq olunur. XX əsrin tarixində belə şeylər olub. Düzdür, miqyaslar fərqlidir, amma mahiyyət, təxminən eynidir. Bizim problemimiz bundadır. Bizə deyirlər, “sülh yolu, yalnız sülh yolu, sadəcə sülh yolu”. Biz deyirik, yaxşı, gəlin həll edək. Çünki bu, son nəticədə ədalətsizlikdir, bütün beynəlxalq hüquqların pozulmasından əlavə, digər ölkənin ərazisini tutmaq və oradan əhalini qovaraq işğal etdiyi ərazini nəzarətdə saxlamaq. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi potensiala malikdir. Bizə deyirlər, “sülh yolu”, biz də deyirik “yaxşı” və gözləyirik. Lakin işğalçıya təzyiq əvəzinə bu cür bəyanatlar eşidirik.

– Siz dediniz ki, Azərbaycan ordusu böyük potensiala malikdir. Həqiqətən də, Azərbaycanın aldığı silahlara baxdıqda, ordunun təchizatına, bacarığına nəzər saldıqda, Azərbaycanın hərbi potensialı böyük təsir bağışlayır. Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Azərbaycan Rusiyadan əlavə hansısa ölkədən silah almağı planlaşdırır. Bu məsələ Rusiya ilə hərbi-texniki əməkdaşlıq baxımından nə deməkdir, belə innovasiyaların səbəbi nədir?

— Siz yəqin ki, Pakistan Baş nazirinin Azərbaycana son səfərini nəzərdə tutursunuz. Bu, belədir. Lakin iş ondadır ki, biz başqa ölkələrdən də silah alırıq və bu, məlumdur. Silah biznesi elədir ki, burada nəyisə gizlətmək mümkün deyil.

– Yəni siz bazardasınız?

— Bəli, əlbəttə. Rusiyadan əlavə Türkiyə, İran, Belarus, İsrail və bir sıra başqa ölkələrdən silah alırıq. Həm də kifayət qədər ciddi səviyyədə. Həmçinin, Pakistandan da silah almaq niyyətimiz var. Nəzərə almaq lazımdır ki, Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib və bu, bizə çox yaxın və dost bir ölkədir. Lakin bu məsələdə bizim əsas tərəfdaşımız Rusiyadır. Rusiya ilə səhv etmirəmsə, 5 milyard dollar həcmində müqavilələr imzalanıb. Bu müqavilələrin çoxu artıq həyata keçirilib. Yəni Azərbaycan ordusunun bugünkü silahları, əsasən Rusiya silahlarıdır. Biz bu əməkdaşlıqdan razıyıq, biz Rusiya silahının ən ciddi və iri alıcılarından biriyik. Başqa yerlərdən də silah almağımız yəqin ki, təbii görünməlidir.

– Yəni hələlik heç nə dəyişmir?

— Xeyr.

– Cənab Prezident, siz ikili standartlardan danışdınız. Biz indicə Con Kerrinin açıqlamasını yada saldıq. Bu yaxınlarda isə Siz Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən bu mövzuya kifayət qədər geniş şəkildə toxundunuz və hazırda Qərbdə mövcud olan ikili standartlardan danışdınız. Bu, sizin üçün nə deməkdir?

— Bilirsiniz, bizim cəmiyyətimiz bunu ədalətsizliyin, qeyri-obyektivliyin və önşərtliliyin ən bariz forması kimi qəbul edir. Lakin əgər məsələnin mahiyyətinə baxsaq, Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin olunur. Sərbəst toplaşmaq var. Referendum ərəfəsində müxalifət şəhərin mərkəzində mitinqlər keçirib. Ora, maksimum 800 nəfərin gəlməsi və onların qohum-əqrəba və yaxın adamlarının olması məsələnin başqa tərəfidir. Lakin heç bir məhdudiyyət olmayıb. Bizdə azad mətbuat var. Yüzlərlə qəzet, jurnal, televiziya fəaliyyət göstərir. İnternetə senzura yoxdur, o, azaddır və artıq sakinlərimizin 75%-i internet istifadəçisidir. Yəni belə şəraitdə mətbuata təzyiqlər barədə necə danışmaq olar? Bu, mümkün deyil. Bizim belə bir məqsədimiz də yoxdur. Bizdə bütün azadlıqlar təmin olunur. Lakin buna baxmayaraq, Azərbaycan həmişə demokratiyanın olmaması, azadlıqların boğulması, insan haqlarının pozulması baxımından əsassız hücumların obyekti olur. Bütün bunlar siyasi motivli fəaliyyətlərdir. Onlar real faktlara əsaslanmır. Qarayaxma və təzyiq xarakteri daşıyır.

– Bunu nə ilə izah edirsiniz? Bu, onların nəyinə lazımdır?

— Burada bir neçə səbəb var. Onlardan ən əsası budur ki, Azərbaycan öz yolu ilə gedir. Biz müstəqil siyasət yeridirik, bu siyasət heç kimə qarşı, o cümlədən bizə bu çirkin hücumları edənlərə qarşı yönəlməyib. Bizim Avropa İttifaqına daxil olan dövlətlərlə, ABŞ ilə çox geniş siyasi, iqtisadi, enerji əlaqələrimiz var. Siyasi əlaqələr səviyyəsində tərəfdaş münasibətləri mövcuddur. Lakin belə görünür ki, bu ölkələrin hansısa dairələri üçün bu, azdır, onlar daha çoxunu istəyirlər. Bəlkə də bizim etibarlılığımıza inamları yoxdur.

– Nə istəyirlər?

— Hər yerdə istədiklərini burada da istəyirlər. Yəqin ki, təlimatların yerinə yetirilməsini. Biz isə bu rol üçün yaramırıq. Biz özümüz üçün bu rolu heç təsəvvür edə bilmirik. Biz ləyaqətli, özü-özünü təmin edən dövlətik. Heç kimdən heç nə istəmirik, çox cüzi xarici borcumuz var, heç bir ölkə qarşısında öhdəliklərimiz yoxdur. Biz əməkdaşlıq etmək istəyirik. Qəti şəkildə işlərimizə müdaxilə olunmasını istəmirik. Siyasi partiyaların QHT-lər vasitəsilə gizli maliyyələşdirilməsini, sabitləşməyə qarşı olan cəhdləri, daxili işlərimizə açıq şəkildə müdaxiləni istəmirik. Biz təbii olaraq bu cür fəaliyyətlərin qarşısını almaq üçün tədbirlər görürük. Azərbaycan müstəqil, suveren dövlətdir və biz hamıdan buna ehtiramla yanaşmağı rica edirik. Lakin belə görünür ki, onlar daha çoxunu istəyirlər. Səbəblərdən biri də, Qərbdə və başqa yerlərdə mövcud olan erməni lobbi strukturları ilə əlaqəli olan təşkilatların daimi anti-Azərbaycan fəaliyyətidir. İstisna etmirəm ki, bu səbəblərdən biri də ola bilsin ki, Azərbaycanın mütəmadi olaraq çəkmək istədikləri kampaniyaların heç birinə qoşulmamasıdır. Mən deyərdim ki, bunlar hətta kampaniya yox, avantüradır. Biz, özümüz üçün sərfəli olmayan yerlərə getmirik. Səbəblərdən biri də, digər ölkələrlə bir çox alınan məsələlərin bizdə alınmamasıdır. Məsələn, təlimat vermək, yönləndirmək, idarə etmək burada alınmır.

– Burada nail ola bilmirlər.

— Bəli. Mən həmişə demişəm ki, “qulaq asın, biz, düşmən deyilik, əksinə, biz yalnız əməkdaşlığa can atırıq”. Bizim heç bir ölkəyə qarşı neqativ niyyətlərimiz yoxdur. Niyə də olmalıdır? Bizim enerji sektorunda bütün dünyadan olan şirkətlər fəaliyyət göstərir. Onar bizim tərəfdaşlarımızdır, bizim gözəl işgüzar münasibətlərimiz var. Biz deyirik, “xahiş edirik, işlərimizə müdaxilə etməyin, lazım deyil, faydası olmayacaq”. 800 nəfərlik mitinq, bu da bizim müxalifətin gücü. Hələ onlar bütün ölkədə bir neçə gün ərzində zəng edərək, maliyyə sərf edərək o adamları yığıblar. Sonra? Bizim ölkədə hökumət əleyhinə əhval-ruhiyyə yoxdur.

– Bu yaxınlarda keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum da həmin dairələr tərəfindən tənqid olundu. Bununla bağlı bir çoxlarını belə bir sual düşündürür: prezident seçkisinin tarixi dəyişəcəkmi və Siz seçkiyə gedəcəksinizmi?

— Bizim prezident seçkilərinin müddətini dəyişmək fikrimiz yoxdur. Azərbaycandan və onun hüdudlarından kənarda bu barədə hansı söhbətlər getdiyini bilirəm. Belə planlar yoxdur, buna ehtiyac da görmürəm. Mənim iştirakıma gəldikdə isə, növbəti prezident seçkiləri müddət baxımından 2 ildən sonra keçirilməlidir. Hansısa nəticələr çıxarmaq və qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam. Yeri gəlmişkən, referendum bir neçə baxımdan əlamətdar idi. Birincisi, 2016-cı il Azərbaycan üçün iqtisadi baxımdan ən ağır il idi. 2016-cı ili yaxşı göstəricilərlə başa vurmağımıza baxmayaraq, ötən illərə nisbətən bu, ən ağır ildir. Və biz, belə bir ildə referendum keçiririk və həmin referendumu da Azərbaycan əhalisinin əksəriyyəti dəstəkləyir. Bizi tənqid etməyə cəhd edən tənqidçilər də heç bir qanun pozuntuları, saxtalaşdırma faktı tapa bilmədilər. Hətta bizi həmişə tənqid edən AŞPA kimi təşkilat müşahidə apararaq maksimal pozitiv nəticə ilə çıxış edib. Bildirilib ki, hər şey şəffaf, düzgün, standartlara uyğun keçirilib. Cəmi, təxminən 20 şikayət olub. Bizim 5 min seçki məntəqəmiz var və cəmi 20 şikayət. Bu, bizim açıq demokratik proses həyata keçirməyimizin daha bir göstəricisidir. Və əlbəttə, əsas referendumun özüdür, orada çoxsaylı vacib məsələlər var idi. Əsas odur ki, bu, hakimiyyətə etimad göstəricisi idi. Bunun üçün mən Azərbaycan vətəndaşlarına çox minnətdaram, bu, daha da ruhlandırır və bizim düzgün yolda olmağımızı bir daha təsdiq edir. Biz bu yolla da davam edəcəyik.

– Cənab Prezident, mən də öz növbəmdə bizim “Rossiya seqodnya” agentliyinə göstərdiyiniz dəstəyə görə minnətdaram. Bu gün Azərbaycanda və bütün dünyada biz “Sputnik” brendi altında təmsil olunuruq. Sizin bizim jurnalistlərin işi barədə hansı arzularınız, hansı təəssüratlarınız var?

— Təəssüratlarım çox yaxşıdır, mən sizin Azərbaycanda işləyən əməkdaşlarınıza, bizim ölkəmizdəki hadisələri işıqlandırdıqlarına görə, minnətdarlığımı bildirmək istəyirəm. Sizin agentliyin Azərbaycanda fəaliyyətə başlaması, mən hesab edirəm ki, bizim ölkələrimiz arasında mövcud olan etimadın yüksək səviyyəsinin nəticəsidir. Çünki etimad olmasaydı, bu, mümkün olmazdı. Bu, həmçinin bizim haqqımızdakı həqiqətlərin bütün dünyaya sizin agentlik vasitəsilə çatdırılması üçün bir imkandır. Açığı deyim ki, bizim bunu etmək üçün Rusiya kimi informasiya imkanlarımız yoxdur. Biz sizin vasitənizlə öz ölkəmiz haqqında daha geniş danışa, öz mövqeyimizi bölüşə bilirik. Ona görə də, sizin agentliyin fəaliyyəti çox vacibdir. Mən şadam ki, siz burada fəaliyyət göstərirsiniz. Əminəm ki, sizin agentlik bundan sonra da indiki kimi, bizim ölkənin reallıqlarını obyektiv işıqlandıracaq.

 

– Bəlkə də sonuncu sualımdır. İndi bütün dünyada Rusiya Prezidentinin mənfi obrazı yaradılır, cizgi filmlərindən tutmuş digər sahələrə qədər bunu edirlər. Bütöv bir texnologiya işlənib yönəldilir. Siz Vladimir Putinlə sadəcə tanış olmayan, həmçinin bildiyim qədər, onunla mütəmadi əlaqə saxlayan və siyasətini Rusiya siyasəti ilə uyğunlaşdıran insanlardansınız. Rusiya da öz növbəsində siyasətini Azərbaycanla razılaşdırır. Hazırda dünyada böyük ehtiyac duyulan ölkələrarası dialoq, məhz bizim ölkələrimiz arasında var. Bir çox dövlətlər arasında, məhz buna ehtiyac var, bu, yoxdur. Sizin onunla çox mürəkkəb və münaqişə mövzuları üzrə ünsiyyətləriniz olur. Sizin Rusiya Prezidenti ilə şəxsi münasibətləriniz necədir və bir insan kimi onun barəsində nə deyə bilərsiniz?

— Vladimir Vladimiroviçlə şəxsi münasibətlərim, çox yaxşıdır, mən deyərdim ki, yoldaş, etimada əsaslanan münasibətlərdir. Biz kifayət qədər uzun zamandır tanışıq. Onun ilk dəfə 2001-ci ildə Rusiyanın Prezidenti kimi Azərbaycana gəlişini xatırlayıram. Yeri gəlmişkən, bu, Rusiya Prezidentin Azərbaycana ilk səfəri idi. SSRİ dağılandan sonra keçən 10 il ərzində Rusiya dövlət başçısı Azərbaycana gəlməmişdi. Bu, çox vacib səfər idi. O, müharibədə həlak olanların qəbirlərini ziyarət etdi, “Şəhidlər Xiyabanı”nda oldu. Bu, Azərbaycan ictimaiyyəti tərəfindən xüsusi olaraq qiymətləndirildi. Həmçinin, mən Putinin atam Heydər Əliyevlə olan görüşlərində qismən iştirak etmişəm. Onlar arasında çox yaxın münasibətlər var idi. Bildiyiniz kimi, onlar köhnə iş yerlərindən həmkar idilər və bir-birilərinə ehtiramla yanaşırdılar. Lakin sonradan mən prezident olanda əlaqələrimiz mütəmadi xarakter daşımağa başladı. Dediyim kimi, münasibətlərimiz etimada söykənir. Sizə belə bir misal gətirim: son üç il ərzində Rusiya Prezidenti Azərbaycana 3 dəfə səfər edib. Bunun özü artıq nə isə deməkdir. Lakin onun bir səfəri xüsusilə vacib xarakter daşıyır — söhbət 2015-ci ildəki səfərdən gedir. Mən onun nə vaxt gəldiyini deyəndə, Siz başa düşəcəksiniz — iyunun 12-də. “Rusiya günü” ilə bağlı tədbirlərdən sonra, o, təyyarəyə minərək gəlmişdi və özünü Avropa Oyunlarının açılışına çatdırmışdı. Bu oyunları Avropa liderlərinin çoxu görməzdən gəlmişdilər. Bizim məlumatlara görə, bu liderlər müvafiq təlimat alandan sonra belə etmişdilər. Putin isə gəlmişdi. Onun gəlişi, xüsusən “Rusiya günü”ndə gəlməsi, Putinin Azərbaycana xüsusi münasibətindən və bizim Rusiyaya münasibətimizdən xəbər verir. Sonuncu dəfə onun səfəri avqustda olub. Biz rəsmi görüşlərdən sonra bir neçə saat çox səmimi söhbət etdik. Bir insan kimi o, böyük ehtirama layiqdir. Bunu mən Sizə tamamilə səmimi olaraq deyirəm. Ona böyük hörmətim var, o, yüksək şəxsi keyfiyyətlərə malik ləyaqətli insandır. O, çox düzgün adamdır, həmişə sözünün üstündə durur. Və o, böyük bir ölkənin, iki supergücdən birinin rəhbəridir, lakin eyni zamanda ünsiyyətdə çox sadə olan biridir. Onunla işləmək mənim üçün çox rahat və əlverişlidir. Və demək istəyirəm ki, Rusiyanın bəxti çox gətirib, həmçinin Rusiyanın bütün dostlarının da. Ona görə də, sizin proqramınız vasitəsilə Prezidentə, xüsusilə indi uğurlar diləmək istəyirəm. Bilirəm ki, bütün bu təzyiqlər və hücumlar ona heç nə edə bilməz, onların heç bir effekti yoxdur və olmayacaq.

Cənab Prezident, Sizə çox ətraflı və səmimi müsahibə üçün təşəkkür edirəm.

— Çox sağ olun.