Məktəbəhazırlıq qrupları gələn ildən ödənişli olacaq?

0
6

“Bu ildən Bakı məktəblərində yeni yaradılan ödənişsiz məktəbəhazırlıq qruplarının gələcəkdə ödənişli olması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır”.

APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, bu gün Bakıda 20400-ə yaxın uşaq məktəbəhazırlıq qruplarının təlimlərinə cəlb olunub. Onun sözlərinə görə, növbəti tədris ilində qrupların əhatəsi əksinə genişlənəcək. M.Vəliyeva vurğulayıb ki, qruplara yalnız Bakı qeydiyyatı deyil, eyni zamanda paytaxtda qeydiyyatda olmayan şəxslərin övladları da cəlb olunub: “Düşünürəm ki, bu gələcəkdə problem yaradacaq. Amma hələlik bu il üçün problemin öhdəsindən gəlmişik. 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb”.

Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkil edilməməsinə münasibət bildirən idarə müdiri qeyd edib ki, bu qruplar yaradılarkən əsas şərt məktəblərin bir növbəli çalışması olub. Lakin bəzi məktəblərdə iki növbəli tədrisin də mövcud olduğun deyən M.Vəliyeva bildirib ki, bu səbəbdən çox az sayda məktəbdə məktəbəhazırlıq qrupları təşkil edilməyib: “Nazirlər Kabinetİnin qərarına əsasən, Bakı üçün bu il kvota 2422 uşağı əhatə edib. Yəni Bakıda 2011-ci ildə doğulan uşaqların 55%-i təlimlərə cəlb olunub. Növbəti illərdə təbii ki, bu say artacaq və 2020-ci ilədək 90% uşağın ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur”.

İdarə müdiri əlavə edib ki, Bakıətrafı ərazilərdə istisna hallarda məktəbəhazırlıq qrupları uşaqların sayı az olduğu halda da təşkil edilib. Onun sözlərinə görə, belə hal Bakının Qaradağ və Xəzər rayonlarında müşahidə edilib və oradakı məktəbəhazırlıq qruplarında uşaqların sayı maksimum 15 nəfərdir: “Şəhər mərkəzində isə say göstərilən normaya uyğundur. Tələblərə əsasən, məktəbə hazırlıq qruplarında uşaqların sayı minimum 15, maksimum 30 olmalıdır. Valideynlərin müraciətini nəzərə alaraq, Təhsil Nazirliyinin təkliflərinə əsasən, bu ildən 2010-cu ilin sentyabrın 16-dan dekabrın 31-ə qədər doğulan uşaqlar da məktəbəhazırlıq qruplarındakı təlimlərə cəlb edilə bilər. Bu da qaydalara olan dəyişikliklərə əsasən həyata keçirilir”.