ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər fonunda Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimalları gücləndirib.
Belə ki, ABŞ-ın “Goldman Sachs” bankının hesabatına əsasən, noyabrda FES-in uçot dərəcəsini artırmaq ehtimalı 10%, dekabr üçün isə 65% təşkil edib. Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi digər valyutalarla müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, əsas valyuta cütlüyü hesab olunan USD/EUR məzənnəsi dünəndən etibarən 1% azalaraq 1,1070 səviyyəsinə kimi geriləyib. Bu isə keçən ilin sonunda baş verənlərin təkrarlanmasına yol aça bilər.
Keçən ilin oktyabr ayından etibarən dollar indeksinin 7% artması nəticədə dekabrda FES-in uçot dərəcəsini artırmasına səbəb olub. Lakin daha sonra dünya bazarlarında sərt dalğalanmalar FES-i növbəti faiz artırımı qərarından vaz keçməsinə gətirib çıxarıb. Son bir il ərzində isə ABŞ iqtisadiyyatı daha da güclənib.
Neft bazarında da 2015-ci ilin sonuna bənzər tendensiya müşahidə olunur. Avqustdan oktyabra qədər artan neft qiymətləri daha sonra sərt bir şəkildə azalmağa başlayıb.
Xatırladaq ki, oktyabrın 12-də ABŞ Federal Açıq Bazar Komitəsi (FOMC) protokollarını açıqlayacaq. Protokolların nəticəsinə görə, dekabr ayında faizlərin artırılması ehtimalı 100%-ə qədər yüksələ bilər. Əgər maliyyə bazarları dolların möhkəmlənməsi trendinə başladığını qəbul edərsə, tezliklə neft qiymətlərinin baha olduğunu da anlayacaqlar. O zaman, hətta neft hasilatının azaldılması və ya dondurulması neftin qiymətini xilas edə bilməyəcək.
Bütün bunlarla yanaşı, ilin sonuna qədər USD/EUR məzənnəsinin paritetə yaxınlaşacağı, neft qiymətlərinin isə 28-35 dollar/barelə qədər enəcəyi proqnozlaşdırılır.
Report